Altay Cəfərovun təqdimatında: Uşağa bilavasitə qulluq edən ödənişin digər ailə üzvlərinə ödənilməsi
Oxucuların maraqlandığı məsələlərdən biri də uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdən digər ailə üzvlərinin istifadə etmək hüququnun olmasıdır. Mövzunu iqtisadi ekspert Altay Cəfərov şərh edir.
Əmək Məcəlləsinin 127-ci maddəsində göstərilib ki, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
Burada yaranan ilk təsəvvür budur ki, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət hüququndan həm ana, həm də ata, eləcə də ailənin başqa üzvləri (məsələn, ana və ata işləyərsə - nənə və ya baba) yararlana bilər, bir şərtlə ki, onlar uşağa qulluq etsinlər.
Bunun üçün əvvəlcə nənə və baba ailə üzvləri sayılıb-sayılmadığını müəyyənləşdirməliyik.
Əmək Məcəlləsində çoxlu yerlərdə sıx işlədilən ifadələrdən biri “ailə üzləri” olsa da, konkret heç bir yerdə bu ifadə açıqlanmır.
Ona görə də “ailə üzləri” anlayışının açılışı üçün digər normativ aktlara nəzər yetirlməliyik. Ailə Məcəlləsinin 2-ci maddəsində yazılmışdır:
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər
2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
Maddənin mətnində “ailə üzləri” dedikdə ər-arvad, valideynlər və uşaqlar nəzərdə tutulduğunu görürük.
Bundan əlavə, Vergi Məcəlləsində də ailə üzvlərin açılışı verilmişdir.
13.2.7. Vergi ödəyicisinin ailə üzvləri:
13.2.7.1. ər-arvadlar;
13.2.7.2. valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr;
Mülki Məcəlləsində də müxtəlif yerlərdə ailə üzvlərinin tərkibinin kimlərdən ibarət olduğunun şahidi oluruq.
228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Bütün bu yuxarıdakı normativ aktlardan göründüyü kimi, ailədə olan nənə və baba ailə üzvləri sayılır və onlar Əmək Məcəlləsinin 127-ci maddəsində olan məzuniyyət hüququndan yararlana bilər.
Əsas sual isə bunun necə rəsmiləşdirilməsidir.
Praktiki olaraq məsələ aşağıdakı kimi həll edilir:
- Nənə (eləcə də baba) uşağa baxdığına görə müavinət hüququndan yararlanmaq üçün işlədiyi iş yerinə qaydalara uyğun olaraq ərizə ilə müraciət etməlidir. Bundan əlavə, həqiqətən də uşağın nənəsi olması haqqında əlavə sənədlər, həmçinin ailə tərkibi haqqında arayışı təqdim etməlidir.
- Ananın və atanın bu hüquqdan istifadə etməməsi və nənənin istifadə etməsi haqqında razılıq ərizələri təqdim edilməlidir.
- Əlavə olaraq nənənin iş yerindən rabitə əlaqələri vasitəsilə ana və atanın həqiqətən də bu hüquqdan istifadə etməməsi dəqiqləşdirilməlidir.
- Bundan sonra nənənin işlədiyi iş yerində sənədlərə baxılır, protokol tərtib olunur və əmr verilir.
Ortaya çıxan daha bir sual da budur ki, ana və ya nənə bilərəkdən və bilməyərəkdən bu hüquqdan eyni zamanda yararlana bilərmi?
- İndi onlayn sistem buna imkan vermir. Yəni bir şəxs uşağa baxmaq üçün müavinət almaq hüququndan istifadə etmişdirsə, onlayn sistem ikinci şəxsin bundan istifadə etməsinin qarşısını alır.
- Bundan əlavə, hər hansı formada belə bir hal baş verərsə, qısa zamanda verilmiş vəsaitlər həmin işçilərdən tutulur və qanunu pozan tərəflər müvafiq qaydada məsuliyyətə cəlb olunurlar.
Mənbə: Vergiler.az
2021-ci ilin iyul ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın