Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı 4 VACİB MƏQAM

Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı 4 VACİB MƏQAM

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 49-cu, “Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Maddədə diqqət yetiriləsi dörd vacib məqam var.

Birinci məqam. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün işəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sistemində qeydiyyata salmalıdır.

İşəgötürən işçinin əmək müqaviləsini elektron informasiya sisteminə daxil etmək üçün, e-gov.az saytından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” alt bölməsinə daxil olmalıdır.

İkinci məqam. Bəzi işçilər üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsinə icazə verilmir və ya qeydiyyat dövrü avtomatik həyata keçirilir.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” təsdiq edilib. Siyahı aşağıdakı kimidir:

-  Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;

- təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;

- seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;

- prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr;

-  kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.

Misal.  Daxili işlər orqanlarında işləyən, mayor rütbəsi olan polislə bağlı məlumatlar elektron informasiya sisteminə işlənilmir. Amma polis bölməsində xadimə vəzifəsində çalışan işçinin məlumatları elektron informasiya sisteminə daxil edilməlidir. Çünki Prezidentin fərmanında istisna işəgötürən olan polis bölməsinə yox, daxili işlər orqanında çalışan xüsusi rütbəli vəzifələrə şamil edilir.

Digər istisnalar barəsində maddənin növbəti hissəsinin izahı zamanı geniş məlumat verilir.

Üçüncü məqam. Nəinki əmək müqaviləsinin bağlanılması, həmçinin  ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı hərəkətlər elektron informasiya sisteminə işlənilməlidir.

Mİsal. İşçinin aylıq əmək haqqısı 500 manatdır. Əmək müqaviləsinə edilən dəyişikliyə əsasən, 1 mart 2021-ci il tarixdən işçinin əmək haqqı 600 manat təşkil edəcək. Bu zaman işəgötürən əmək müqaviləsinə olunan dəyişikliyi də elektron informasiya sisteminə daxil etməlidir.

Bildiyimiz kimi, istər Vergi, istərsə də İnzibati və Cinayət Məcəllələrində işçilərin əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmadan işə cəlb edilməsinə görə işəgötürənə məsuliyyət tədbirləri tətbiq edilir. Maraqlıdır ki, işəgötürən işçi ilə bağlı düzəlişləri həyata keçirmədiyi halda ona cərimə nəzərdə tutulur.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız müraciətimizə aşağıdakı rəsmi cavab verilib:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya  sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Bildiririk ki, əmək müqaviləsində edilmiş dəyişiklik sistemə daxil edilmədiyi halda hüquqi qüvvəyə minmədiyi üçün həmin dəyişikliklərin sistemə daxil edilmədən icrası əmək qanunvericiliyinin tələblərinin pozulmasına, inzibati xəta faktının və inzibati məsuliyyətin yaranmasına səbəb ola bilər.”

Cavabdan göründüyü kimi, əmək müqaviləsinə edilən dəyişikliklərin elektron informasiya sisteminə daxil edilməməsinə görə işəgötürən inzibati məsuliyyət daşıyır.

Dördüncü məqam. Öncə əmək müqaviləsi imzalanmalıdır, sonra məlumatlar elektron informasiya sisteminə daxil edilməlidir.

Bəzi həmkarlarımızda belə fikir formalaşıb ki, əmək müqaviləsinin elektron qeydiyyatı varsa, o zaman yazılı əmək müqaviləsinə ehtiyac yoxdur. Bu fikir doğru deyil. Əmək müqaviləsi əmək münasibətlərini rəsmiləşdirən və hər iki tərəfin imzaladığı rəsmi sənəd oduğu üçün tərtib olunması mütləqdir. Sadəcə, əmək münasibətlərinin qüvvəyə minməsi üçün əmək müqaviləsi bildirşinin elektron qeydiyyata alınması mütləq şərtdir.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Ramil 22 Oktyabr 2021

    Salam. Mənim sualım: əgər işçi məhkəmə yolu ilə işə bərpa olunur və daxili əmr ilə işəgötürən işçini bərpa edir 14 may 2020 amma ƏƏSMN-in sistemdə xitam bildirişini qüvvədən salır 10 iyun 2020-ci ildə. İşçi məhkəmə yolu ilə bərpa olunur 14 may 2020-ci il tarixdə yoxsa 10 iyun 2020-ci il tarixdə (xitam bildirişini qüvvədən düşən tarixi)?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər