Analıq məzuniyyətinin hesablanmasında VACİB MƏQAMLAR

Analıq məzuniyyətinin hesablanmasında VACİB MƏQAMLAR

İşçinin analıq məzuniyyətinə çıxması, analıq məzuniyyəti ödənişinin hesablanması, müavinətlərin verilməsi ilə bağlı müəyyən suallar doğuran məqamlar var. Mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125- ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, analıq məzuniyyəti ödənişinin hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əməkhaqqı 12 ayda olan iş günlərinin sayına bölünür. Bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur. Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

Misal 1: Fərz edək ki, işçi 2 aprel 2019-cu ildən hamiləliyə görə məzuniyyətə çıxıb və onun aprel 2018 - mart 2019-cu il (12 ay) müddətində əməkhaqqı 2640 manat olub. Şərti olaraq hesab edək ki, 12 ayda iş günlərinin cəmi sayı 248 gündür. İşçi təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən, 6 avqust 2019-cu il tarixində işə çıxmalıdır. Bu zaman işçiyə analıq məzuniyyəti hesablamaq üçün əvvəlcə hər iş gününə düşən orta qazanc məbləği tapılır:

2640:248 = 10,65 manat.

Sonra 2 aprel 2019-cu il tarixindən 06 avqust 2019- cu il tarixinə kimi neçə iş günü olduğunu müəyyənləşdirmək lazımdır. Tutaq ki, bu müddətdə 85 iş günü var. Bu halda cəmi analıq məzuniyyətini hesablamaq üçün gündəlik qazanc (10,65 manat) 85 iş gününə vurulur:

10,65 x 85 = 905,25 manat.

Deməli, işçiyə analıq (hamiləliyə və doğuma görə) məzuniyyətinə görə 905,25 manat düşür.

İcbari ödənişlərə gəlincə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, analıq məzuniyyətləri gəlir vergisinə cəlb edilmir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində isə göstərilir ki, analıq məzuniyyətinə məcburi dövlət sığorta haqqı hesablanmır.

Əsasnaməyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Qeyd edək ki, 6 aylıq müddət bir iş yerində yox, ümumilikdə nəzərə alınır.

Misal 2: Tutaq ki, “AA” MMC-nin işçisinin bir illik sosial sığorta stajı var, ancaq o, adı çəkilən təşkilatda 5 aydır çalışır. İşçi analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər səhvən belə düşünürlər ki, işçinin təşkilatda işləməsi müddəti 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Amma qeyd etdiyimiz kimi, bu zaman ümumi sosial sığorta stajı əsas götürülür. Misalımızdakı işçinin əvvəlki bir illik sosial sığorta stajı imkan verir ki, işəgötürən 5 ay müddətində çalışan işçiyə müavinət hesablasın.

Misal 3: İşçinin əvvəlki iş yerlərində cəmi 3 ay sosial sığorta stajı olub, son təşkilatda isə 4 aydır çalışır. İşçi xəstəlik vərəqəsi təqdim etdiyi halda, ümumi sosial sığorta stajı dövrü 7 ay (3 ay + 4 ay) olduğu üçün ona müavinət hesablanır.

Misal 4: İşçi analıq məzuniyyətinə çıxmazdan əvvəl əsas iş yerində 4 ay, bununla yanaşı, əlavə iş yerində də 3 ay çalışıb. Bu halda işçi əsas iş yerinə xəstəlik kağızı təqdim etsə də, ona müavinət hesablanmayacaq. Çünki işçinin ümumi sosial sığorta stajı dövrü 6 aydan azdır: o, əsas və əlavə iş yerlərində paralel dövrdə çalışdığından bu müddətlər toplanmır.

Təcrübədə rast gəlinən yanlışlardan biri də müavinət hesabanmayan işçinin məzuniyyətə göndərilməməsi halıdır. Misal üçün, tutaq ki, “AA” MMC-nin ümumi sosial sığorta stajı 3 ay olan işçisi analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqəsi təqdim edir. Şirkətin müavinət komissiyası işçinin cəmi sosial sığorta stajı 6 aydan az olduğuna görə işçiyə analıq məzuniyyətinə görə müavinət ödənilməməsi barədə qərar verir. Amma bu o anlama gəlmir ki, işçi analıq məzuniyyəti hüququndan istifadə etməyəcək. Bu halda işçi analıq məzuniyyətinə çıxır, ancaq ona hər hansı müavinət ödənilmir.

Mənbə: Vergiler.az

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Yamin Mehbaliyev 31 Yanvar 2023

    Salam, ncəsiz Vüqar müəllim.Sizə bir sualım var.Cavablandırsanız şad olaram. Ana hamiləliyin 7-ci ayındadır, ona 126 gün əmək qabiliyyətini itirilməsinə görə xəstəlik vərəqəsi açılır. Lakin vətəndaşın işlədiyi müəssisədə 5 ay sosial sığorta stajı var. Sosial sığorta stajı 5 ay olduğu üçün ona əmək qabiliyyətini itirlməsinə görə müavinət verilmir189 nömrəli qərara əsasən. vətəndaş hamiləliyin 8-ci ayına kimi işləyib 6 ay vsosial sığorta stajının ayaranacağı günə kimi işləyib sonra Əmək qabiliytinin itirlməsinə görə Xəstəxanaya müraciət edersə bu zaman ona 126 yox 96 gün üçün əmək qabilliyətinin itirilməsinə görə müavinət ala bilər? Ala bilərsə bunun hüquqi tərəfdən əsaslandırlmasınıda izah edərdiz.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər