Vergi ödəyiciləri olan hüquqi şəxslər üçün aktuallaşan məsələlərdən biri də pandemiya ilə əlaqədar dövlət tərəfindən müəyyən dövr üçün işçilərin əməkhaqqına ayrılmış kompensasiyanın gəlir kimi nəzərə alınıb-alınmamasıdır. Sərbəst auditor Altay Cəfərov bu mövzunu konkret nümunə əsasında aydınlaşdırır.
Misal: Tutaq ki, pandemiyadan zərər çəkmiş vergi ödəyicisi olan “AA” MMC işçilərin əməkhaqqını kompensasiya etmək üçün büdcədən 50.000 manat alıb və bu məbləğ MMC-nin bank hesabına mərhələlərlə ödənilib. “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim etdikdə 50.000 manatı gəlir kimi nəzərə almalıdırmı?
Vergi Məcəlləsinin 104.1-ci maddəsində göstərilib ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Həmin maddədən aydın olur ki, vergi ödəyicisinin bütün gəlirləri mənfəət vergisinə cəlb olunur.
Bəs Məcəllədə gəlir dedikdə nə başa düşülür?
Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində yazılıb: gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.
Bu müddəalardan aydın olur ki, gəlir dedikdə həm malların, işlərin və xidmətlərin təqdim edilməsi, həm də satışdankənar gəlir nəzərdə tutulur. Göründüyü kimi,“AA” MMC-ni aldığı 50.000 manat nə mal satışı, nə xidmət, iş təqdim edilməsi müqabilində əldə edilən gəlirhesab edilə bilər.
Bəs satışdankənar gəlir dedikdə nə başa düşülür? Bu suala da Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə aydınlıq gətirilib. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.
Bu maddədən aydın olur ki, ümumiyyətlə, malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı olmayan istənilən digər əməliyyatlardan əldə olunan gəlir satışdankənar gəlir sayılır.
Odur ki, “AA” MMC-nin büdcədən aldığı 50.000 manat məbləğ onun satışdankənar gəliri kimi uçota alınmalıdır.Bundan əlavə, Vergi Məcəlləsinin mənfəət vergisindən azadolma hissəsində də bu tipli gəlirlərin mənfəət vergisindən azad olunması və ya güzəşt edilməsi yoxdur.Məsələyə sadə məntiqlə yanaşsaq, “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən 50.000 manat xərc maddəsi kimi qeyd olunmalıdır. Bu halda şirkət mənfəət vergisini 10.000 manat azaldacaq: 50.000 x 20% = 10.000 manat.
Büdcə 50.000 manatı kompensasiya etməklə şirkətin xərclərini örtmüş olur. Yəni faktiki olaraq baxdığımız misalda “AA” MMC ziyana düşməyib, ödədiyi 50.000manatı dövlət ona geri qaytarıb. Kompensasiya məbləğini gəlir kimi göstərmədikdə isə “AA” MMC süni surətdə büdcəni əlavə olaraq 10.000 manat ziyana salmış olur.
Kompensasiyanın verilməsinin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi ziyan çəkməsin və kompensasiya olaraq büdcədən şirkətə 50.000 manat məbləğin geri qaytarılması ilə ziyan tam bağlanılmış olur.
Odur ki, “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edəndə ƏDV-yə cəlb edilməyən gəlir kimi 50.000 manat, əmək və məcburi dövlət sosial sığorta xərcləri kimi də 50.000 manat yazmalıdır. Bu zaman son nəticə olaraq mənfəət vergisinə cəlb edilən məbləğ sıfır olacaq.
Fərqanə Allahverdiqızı
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya