Bəzi hallarda kadrlar üzrə mütəxəssislərə qaranlıq qalan məsələlərdən biri də qısa müddətdə işləmiş işçilərə işdən azad olunan zaman əmək məzuniyyətinin kompensasiya olunmasıdır. Mövzunu konkret misal əsasında sərbəst auditor Altay Cəfərov şərh edir.

Misal: Tutaq ki, “AA” MMC-nin işçisi 20 oktyabr 2020-ci ildə rəhbər vəzifəyə təyin olunub və tərəflərin qarşılıqlı razılığına əsasən 25 noyabr 2020-ci ildə işdən azad edilib. İşçiyə oktyabr ayında işlədiyi müddət üçün200 manat, noyabr ayı üçün də 420 manat əməkhaqqı hesablanıb.

Sual: İşçiyə son haqq-hesab kimi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə hesablanmalıdır?

Bu sualın cavabı üçün Əmək Məcəlləsinə nəzər yetirməliyik. Məcəllənin 113-cü maddəsində əmək məzuniyyəti və onun verildiyi iş ili ilə bağlı bildirilir ki, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

113-cü maddə məzuniyyətin verilməsi üçün baza kimi hansı dövrün nəzərə alınmasını açıqlayır. Yəni əmək məzuniyyəti təvqim ilinə görə yox, iş ilinə görə verilir.

Misalımızda 20 oktyabr 2020-ci ildən 20 noyabr 2020-ci ilə kimi olan dövr işçinin iş ilinin birinci ayıdır.Odur ki, işçiyə iş ili üzrə 30 gün əmək məzuniyyəti verilməli olduğu üçün 25 noyabr 2020-ci ildə işdən azad olunduğuna görə bir iş ayı kimi istifadə olunmamış əmək məzuniyyətinə görə ona kompensasiya verilməlidir. Başqa sözlə: 30 gün/12 ay = 2,5 günlük kompensasiya hesablanmalıdır.

Sual: Bəs kompensasiya necə hesablanmalıdır?

Yenə də Əmək Məcəlləsinə baxmalıyıq. 140-cı maddədə məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi qaydaları göstərilir:

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Bu maddədən aydın olur ki, əmək məzuniyyətini hesablamaq üçün son 12 tam təqvim ayı nəzərə alınmalıdır.

Odur ki, kompensasıyanı hesablamaq üçün 20 oktyabr 2020-ci ildən 25 noyabr 2020-ci ilə kimi neçə tam təqvim ayı olduğuna baxmalıyıq. Göründüyü kimi, misalımızda nə oktyabr, nə də noyabr ayı tam təqvim ayı olmamışdır. Tam təqvim ayları dedikdə tam oktyabr, tam noyabr, tam dekabr və s. tam aylar nəzərdə tutulur.

2,5 gün məzuniyyətə görə kompensasiyanın hesablanması üçün baza məbləğlər müəyyənləşmir.Oktyabrın və noyabrın yarımçıq dövrü üçün 200 manat və 420 manat əməkhaqqı hesablandığına baxmayaraq, kompensasiya üçün tam təvqim ayı üzrə əməkhaqqı yoxdur. Ona görə də işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmayacaqdır.

Növbəti sual meydana çıxır ki, bəs 20 oktyabr 2020 ci ildən 20 noyabr 2020-ci ilə qədər olan dövr üçün hesablanmış əməkhaqqını bir ayın əməkhaqqı kimi nəzərə almaq olmazmı?

Qeyd etdiyimiz kimi, məzuniyyətin hesablanması üçün iş ilinin ayları yox, tam təvqim ayı götürülür.

Fəxriyyə İkramqızı

Vergiler.az

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA