Sənədin imzalanması ilə bağlı VACİB MƏQAMLAR

Sənədin imzalanması ilə bağlı VACİB MƏQAMLAR

Əvvəlcə baxaq imza dedikdə, nə başa düşülür? “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” görə, imzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. 

Nümunə:

Azərbaycan Milli Elmlər Akademiyasının

İqtisadiyyat İnstitutunun direktoru            ______________ Nazim İmanov

Tarix: ________

Əgər sənəd qurumun blankında tərtib olunmamışsa, yuxarıda göstərilən qaydada, yəni sənədi imzalayanın vəzifəsi tam şəkildə göstərilməklə imza və tarix qoyulur. Blankda rəsmiləşdirilmiş sənədlərdə imza qoyanın vəzifəsi qısa şəkildə yazılır və imzanın altında tarix qoyulmur, çünki tarix yuxarıda blank rekvizitlərinin altında qeyd olunur.

Nümunə:

Direktor _____________ Nazim İmanov

Və yaxud:

İnstitutun direktoru __________ Nazim İmanov

Göründüyü kimi vəzifədən sonra iki nöqtə və ya digər hər hansı durğu işarəsi də qoyulmur.

Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. 

Nümunə (blank olmayan sənəddə):

Azərbaycan Milli Elmlər Akademiyasının

İqtisadiyyat İnstitutunun direktorunun elmi işlər üzrə müavini  _____Allahyar Muradov

Tarix: ________

Nümunə (blanklı sənəddə):

Direktorun elmi işlər üzrə müavini _______________Allahyar Muradov

Əvvəllər sənəddə rəhbərin vəzifəsi və adı soyadı göstərilsə də, həmin sənədin rəhbərin müavini tərəfindən imzalanmasına yol verilirdi. Bu zaman ya “əvəzinə” sözü yazılırdı, ya da əyri xətt çəkilirdi. Hazırda standartlarda bu, qadağan edilib.

--------------------------------------------------------------------------------------

Unutmayın:

Sənədi “əvəzinə”sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır. Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanır.

 

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın