İşçinin ezamiyyətə göndərilməsi üçün əsas hansı sənəd olmalıdır? (Nümünəvi forma)

İşçinin ezamiyyətə göndərilməsi üçün əsas hansı sənəd olmalıdır? (Nümünəvi forma)

İşçinin ezamiyyətə göndərilməsi əmrinin verilməsinin əsası kimi bir çox sənədə istinad edilə bilər. Bunlardan ən əsası xidməti yazıdır. Həmin sənəd xidməti tapşırıq da adlandırıla bilər. Prinsip etibarı ilə sənədin adının elə bir əhəmiyyəti olmadığından, mürəkkəblik olmasın deyə biz onu rəhbərliyin məlumatlandırılması və izahat məqsədilə müəssisədaxili sənəd dövriyyəsində əsas yer tutan xidməti yazı adlı sənəddən fərqləndirmirik.

Onu da qeyd edək ki, heç bir qanunvericilik aktında işçinin ezamiyyətə göndərilməsi üçün xidməti yazıdan (və ya hansısa digər sənəddən) istifadə olunması tələbi yoxdur. Biz bu formanı əmrin əsaslandırılmasının sadə mexanizminin formalaşdırılması və ən əsası təşkilatdaxili sənəd dövriyyəsinin nizamlanması məqsədi ilə təklif edirik. Qanunvericilikdə qeyd olunur ki, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Təbii ki, əmrin əsaslandırılması və bu əsaslandırmanın sənədlərlə rəsmiləşdirilməsi vacib olduğundan biz xidməti yazını təklif edirik.

Ezamiyyə əmrinin müqaviləyə və yaxud ona əlavə edllən sənədə istinadən verilməsi də mümkündür. Tutaq ki, Bakıda yerləşən “İctimai fikir” İctimai Birliyi Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin maliyyə dəstəyi ilə Zərdab rayonunda layihə həyata keçirir. Bu barədə müqavilədə və ona əlavə olunan büdcədə müvafiq qeydlər olur. Artıq bu zaman ezamiyyə əmrinin verilməsi zamanı müqaviləyə istinad mümkündür. Ancaq o da mümkündür ki, Zərdab rayonuna ezamiyyəyə göndəriləcək işçilərin tabe olduğu struktur bölməsinin rəhbəri təşkilatın direktorunun adına xidməti yazı yazsın və əmrin əsası kimi yenə də xidməti yazıya istinad olunsun.

İşçinin ezamiyyətə göndərilməsi ilə bağlı xidməti tapşırığın əks etdirildiyi nümunəvi xidməti yazı formasını təqdim edirik:

 

“Alov” MMC-nin direktoru

                                                                                              Nəbili Nüsrət Nadir  oğluna

                                                                                              Satış şöbəsinin müdiri

                                                                                              Hüseynov İmran Əsgər oğlu  tərəfindən

Xidməti yazı

İşçinin danışıqlar aparması məqsədilə ezamiyyətə göndərilməsi barədə

Xahiş edirəm, satış bazarının masştabının böyüdülməsinin və satışın həcminin artırılmasının vacibliyini nəzərə alaraq Satış şöbəsinin aparıcı mütəxəssisi Əliyev İlqar Aslan oğlunu potensial alıcılarla danışıqların aparılması və alqı-satqı müqaviləsinin bağlanılması məqsədi ilə 11 avqust 2019-cu il tarixdən 13 avqust 2019-cu il tarixinə kimi, 3 günlüyünə “Alov” MMC-nin Gəncədə yerləşən filialına ezamiyyətə göndərəsiniz.

Satış şöbəsinin müdiri ____________Hüseynov İmran Əsgər oğlu

07.08.2019

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın