Vergi ödəyiciləri xidmətlərin göstərilməsi zamanı malların təqdim edilməsi ilə bağlı müəyyən suallarla qarşılarşırlar. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.
Misal 1. Vergi ödəyicisi qarşı tərəflə bağlanmış xidmət müqaviləsinə əsasən, həm konsaltinq xidməti göstərir, həm də həmin xidmətə aid kitablarının satışını həyata keçirir. Artıq bu əməliyyatların hər birinə ayrıca baxılmalıdır:
- xidmət göstərilməsi (konsaltinq xidməti);
- malların təqdim edilməsi (kitabın satışı).
Misal 2. Vergi ödəyicisi qarşı tərəflə ofisin rənglənməsi ilə bağlı 10.000 manatlıq xidmət müqaviləsi imzalayır. Müqavilədə qeyd edilir ki, xidməti göstərən şəxs ofisin rənglənməsi üçün göy və qırmızı rəngli boyalardan istifadə etməlidir. Təbii ki, xidmət göstərən rənglənmə xidmətini həyata keçirmək üçün həmin boyaların alınmasını təmin etməlidir. Burada boyaların alınması xidmətin göstərilməsinin tərkib hissəsidir. O səbəbdən müqavilədə qeyd edilən məbləği ümumi şəkildə xidmətin göstərilməsi kimi qəbul edəcəyik. Bu halda xidmət göstərən şəxs təqdim etdiyi elektron qaimə-fakturada xidmətin göstərilməsi üçün 10.000 manat qeyd edəcək.
Misal 3. Vergi ödəyicisi ofisin rənglənməsi üçün qarşı tərəflə imzaladığı müqavilədə rənglərin mal kimi təqdim edilməsini və xidmətin göstərilməsini ayrıca qeyd edib: müqavilənin ümumi dəyəri 10.000 manat olsa da, 6000 manat məbləğində mallar, 4000 manat məbləğində isə rənglənmə xidmətinin göstərilməsi qeyd edilib. Bu halda xidmət göstərən şəxs təqdim etdiyi elektron qaimə-fakturada xidmət və malların təqdim edilməsini ayrıca qeyd etməlidir. Çünki xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilib və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilib. Bu halda Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab olunmadığına görə ayrıca qeyd edilməlidir.
Fəxriyyə İkramqızı
0 Komment
Şərh yazın