Topdan və pərakətdə ticarət ilə məşğul olan vergi ödəyicilərində endirim və hədiyyə kampaniyalarıgünümüzün geniş yayılmış reallıqlarındandır. Bu kampaniyalar zamanı ortaya çıxan vergi məsələlərini sərbəst auditor Altay Cəfərov şərh edir.
Misal: Tutaq ki, “AA” MMC həm topdansatış, həm də pərakəndə ticarət fəaliyyəti ilə məşğuldur. Topdansatış fəaliyyəti tikinti malların satışı ilə bağlıdır və hər 2000 manat mal alana 5% güzəşt verilir. Pərakəndə ticarətdə isə 50 manat alış edən şəxsə 1 ədəd 6 manatlıq məhsul 50% güzəştlə 3 manata satılır (nəzərə alaq ki, 6 manatlıq məhsulun maya dəyəri 4 manatdır). Bundan əlavə, bəzi malların 50 manatlıq alışı üçün 5 manatlıq kosmetika məhsulu hədiyyə verilir (nəzərə alaq ki, kosmetika məhsulunun maya dəyəri 3 manatdır).
Sual: Belə əməliyyatlar üçün uçot, rəsmiləşdirmə və hesabatlılıq necə olacaqdır?
Topdansatış ticarətdə mallar təqdim ediləndə elektron qaimə-faktura yazılmalıdır. Elektron qaimə-fakturanın formasında güzəşt kimi hər hansı xana yoxdur. Kağız qaimə-fakturalarda, malların təhvil-təslim aktında isə satışın ümumi məbləğini (2000 manat), 5% faiz güzəşti(100 manat), eləcə də ödəniləcək məbləği (1900 manat) yazmaq olur.
Bütün hallarda satışın məbləği 2000 manat yox, 1900 manat göstərilməlidir. Bu həm gəlirlik anlayışına, həm də ƏDV məqsədləri üçün müəyyənləşdirilmiş tələblərə uyğundur. Ona görə də “AA” MMC satış kimi həm ƏDV bəyannaməsində, həm də mənfəət vergisi bəyannaməsində 1900 manat yazacaqdır.
Pərakəndə ticarətdə satılmış 50 manata görə əldə olunacaq güzəştdə məsələ başqa cürdür. Bu, artıq reklam kampaniyasıdır. Bu kampaniya çərçivəsində alıcı 50 manat +3 manat (6 manat*50%) = 53 manat ödəyir və 4 manat maya dəyəri olan malı 3 manata alır.
Sual: Burada vergitutma məsələləri necə olmalıdır?
İlkin olaraq 4 manatlıq malın 3 manata satılması təsəvvürü yaranır: bu halda vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 14-cü maddəsi tətbiq edilməlidir. Lakin burada söhbət lotereya yox, reklam kampaniyasından gedir.
“Lotereyalar haqqında” Qanunda yazılıb:
2.0.1. Lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) yayılması, lotereya iştirakçıları arasında uduş fondunun oynanılması və uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyun.
Bir çox böyük ticarət firmalarında alınan malların məbləğinə görə biletlər verirlər, müyyən müddətdən sonra uduş oyunu keçirirlər ki, bu, lotereya əməliyyatları sayılır. Bizim nəzərdən keçirdiyimiz misal isə adi reklam əməliyyatlarıdır. “Reklam haqqında” Qanunda yazılıb:
2.0.1. Reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat.
Baxdığımız misalda bilet və uduş yoxdur, müştərini cəlb etmək, onda maraq yaratmaq üçün güzət tətbiq edilib.
Ona görə də maya dəyəri 4 manat olan malın 50%-i reklam xərci kimi qiymətləndirilir. Yəni ƏDV bəyannaməsində ümumi satışın dövriyyəsi 56 manat yox, 53 manat yazılmalıdır. Nəzərə alsaq ki, 50 manatlıq çalın maya dəyəri 30 manatdır, mənfəət vergisi məqsədləri üçün 53 manatın maya dəyəri kimi 32 manat, reklam xərci kimi də 2 manat yazılmalıdır. Bir çox hallarda reklam kimi silinən malların maya dəyərini yuxarıdakı kimi bölmək mümkün olmadığına görə 4 manatı birbaşa satışın maya dəyəri kimi də silmək, yəni satışın maya dəyərini 34 manat yazmaq olar.
Üçüncü misalımızda vəziyyət eynilə ikinci misalımızdakı kimidir. Burada da satış məbləği kimi 50 manat həm ƏDV bəyannaməsində, həm də mənfəət vergisi bəyannaməsində yazılacaqdır. Maya dəyəri 3 manat olan kosmetika malının 5 manatlıq dəyəri satış kimi yazılmayacaqdır. Qeyd etdiyimiz kimi, bunu reklam xərci kimi silmək, yaxud uçot çətinliyi yarandıqda maya dəyərindən silmək olar. Mənfəət vergisi üçün yuxarıda nəzərdən keçirdiyimiz qayda bu misalda da eynidir.
Fəxriyyə İkramqızı
Vergiler.az
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın