Azrərbaycan dövləti, şanlı Azərbaycan Ordusu və xalqımız torpaqrımızın azad edilməsi uğrunda vətən müharibəsi aparır. Bu vəziyyətdə həm könüllü olaraq, həm də qismən səfərbərlik elan edilməsi ilə bağlı bir çox vətəndaş ordu sıralarında döyüşür. Bu şəraitdə əmək münasibətlərinin tənzimlənməsi qaydalarını sərbəst auditor Altay Cəfərov misallarla izah edir.
Misal1: “AA” MMC-nin işçisi 1 oktyabr 2020-ci ildə hərbi səfərbərlik xidməti tərəfindən səfərbərliyə çağırılıb. Digər bir işçi isə könüllü olaraq hərbi səfərbərliyə cəlb edilib. Bu zaman suallar meydana gəlir:
• Ordu sıralarına könüllü yazılan işçi ilə səfərbərlik xidməti tərəfindən çağırılmış işçi arasında əmək münasibətləri baxımından hansı fərq var?
• Səfərbərlik zamanı işçilərin iş yeri və əməkhaqqı saxlanılırmı?
• Səfərbərliyin müddəti nə qədərdir?
• Əməkhaqqını almaq üçün hansı sənədlər təqdim edilməlidir?
İşçilərin, ehtiyatda olan vətəndaşların hərbi məqsədlər üçün səfərbərliyə cəlb edilməsi “Hərbi vəziyyət haqqında” Qanunla, eləcə də səfərbərliklə bağlı digər normativhüquqi aktlarla tənzimlənir.
İşçilərin iş yerlərinin və əməkhaqqının saxlanması ilə bağlı istinad edilən ikinci hüquqi mənbə Əmək Məcəlləsidir. Məcəllənin 179-cu maddəsində yazılıb:
Maddə 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar
1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.
2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır:
g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;
ğ) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda.
Göründüyü kimi, hərbi vəziyyət elan edildikdə hərbi mükəlləfiyyətlərin yerinə yetirilməsi üçün cəlb edilən işçilərin iş yeri, eləcə orta əməkhaqqı saxlanılmalı və ödənilməlidir.
Sual: Bəs bunun üçün hansı sənədlər tələb edilir?
Adətən, ilkin sənəd kimi vətəndaşa (işçiyə) komissarlıq tərəfindən çağırış vərəqəsi göndərilir. Vətəndaş (işçi) həmin çağırış vərəqəsinə əsasən hərbi mükəlləfiyyətlərin yerinə yetirilməsi üçün müvafiqhərbi hissəyə göndəridikdə, komissarlıq işçiyə arayış təqdim etməli və həmin arayış iş yerinə verilməlidir.
Artıq həmin arayışa əsasən işçi hərbi mükəllfiyyəti tam başa çatdırana kimi işçinin iş yeri saxlanılmalı və onaorta əməkhaqqı ödənilməlidir.
Sual:Bəs könüllü kimi müharibəyə getmiş işçilərin iş yeri və orta əməkhaqqı saxlanılmalıdırmı?
Əmək Məcəlləsinin 179-cu maddəsində iş yerinin saxlanılması üçün könüllü və ya səfərbərlik çərçivəsində cəlb olunan tələbi qoyulmayıb. Əsas tələb odur ki, vətəndaş hərbi komissarlıq tərəfindən hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb edilsin. Buna görə də işçi könüllü yazıldıqda hərbi komissarlıqdan ona çağırış gəlir və əmək münasibərləri Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir.
Sual: İşçinin orta əməkhaqqı necə ödənilməlidir?
Əmək Məcəlləsinə əsasən, normal şəraitdə orta əməkhaqqının hesablanması üçün əvvəlki iki ayın əməkhaqqı cəmlənməli və həmin ayların iş günlərinin cəminə bölünməlidir.
Tutaq ki, avqust və sentyabr aylarında işçinin aylıq əməkhaqqı 400 manat olub. Nəzərə alaq ki, avqustda 22, sentaybr ayında isə 20 iş günü olub, onda iki ayın cəmi 42 iş günü , bir günlük orta əməkhaqqı (400+400)/(22+20) = 19,05 manat olacaqdır. Oktyabr ayında 23 iş günü olduğuna görə, bu rəqəmə əsasən, işçiyə oktyabr ayı üçün 19,05 x23 = 438,15 manat, iş günlərinin sayı 21 olan aylarda isə 19,05 x21 = 400,05 manat hesablanacaqdır və bütün səfərbərlik müddətində işçinin əməkhaqqı bu formada ödəniləcəkdir.
Daha bir sual meydana gəlir: işçiyə orta əməkhaqqı yox, aylıq əməkhaqqı ödənilə bilərmi?
Orta əməkhaqqının hesablanması xüsusi bir prosesdir, ona görə də işəgötürənlər çox vaxt səfərbərliyə göndərilmiş işilərə də digər işçilər kimi adicə aylıq əməkhaqqı hesablayıb ödəyirlər ki, burada ciddi bir fərq yoxdur.
Fəxriyyə İkramqızı
0 Komment
Şərh yazın