Əmək müqaviləsinə düzgün xitam verməyən işəgötürəni hansı cərimələr gözləyir?

Əmək müqaviləsinə düzgün xitam verməyən işəgötürəni hansı cərimələr gözləyir?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsində əmək müqaviləsinə xitamın düzgün verilməməsi hallarına görə fərqli cərimələr nəzərdə tutulur. Əvvəlcə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi haqqında məlumat verək. Həmin maddəyə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Misal. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verən zaman, onun əmək vəzifələrini kobud pozduğunu əsas gətirərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edir. İşçi bununla razılaşmayaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edir. DƏMX-nin yoxlamaları işəgötürənin xitam zamanı əmək qanunvericiliyinin tələblərini pozmasını aşkara çıxarır. Bu halda vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, bəzi kateqoriyalı işçilər var ki, işəgötürən tərəfindən həmin işçilərin müvafiq səbəblər üzündən əmək müqaviləsinə xitam verilməsi də inzibati cəriməyə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 192.10-cu maddəsinə müvafiq olaraq, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri (işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla) insanın immunçatışmazlığı virusuna yoluxması səbəbindən işdən azad etməyə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Həmçinin, işçinin dağınıq skleroz xəstəsi olması səbəbinə görə əmək müqaviləsinə xitam verilməsi İnzibati Xətalar Məcələsinin 192.11-ci maddəsinə müvafiq olaraq vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsinə yol açır.
Təcrübədə rast gəlinən hallardan biri də odur ki, işəgötürən əmək müqaviləsinə xitam verəcəyi ilə qorxudaraq işçini əmək funksiyasında nəzərdə tutulmayan işi (xidməti) yerinə yetirməyə məcbur edir. Əmək Məcəlləsinin 193-cü maddəsinə əsasən, bu cür hallar aşkar olunarsa, o halda işəgötürənə əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə - min manatdan iki min manatadək məbləğdə cərimə tətbiq olunur.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın