Əməkhaqqı ilə bağlı Əmək Məcəlləsindəki təsbit olunmuş anlayışlar bəzi xüsusi hallarda müəyyən suallar yaradır. Bu məqamlara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Əmək Məcəlləsində “əməkhaqqı”, “orta əməkhaqqı”, “orta aylıq əməkhaqqı” kimi ifadələrə rast gəlinir. Məsələn, Məcəllənin “Əmək məzuniyyəti” bölməsində 140-cı maddədə həm “orta əməkhaqqı”, həm də “orta aylıq əməkhaqqı” ifadələri işlədilib. Digər maddələrdə isə “orta əməkhaqqı” ifadəsinə daha çox rast gəlinir. Orta əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir.

Maddə 177. Orta əməkhaqqı və onun hesablanması qaydası

1. Orta əməkhaqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2. Əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərin sayına vurulur.

Ümumi halda orta əməkhaqqı yuxarıdakı göstərilən kimi hesablanır. Məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanması isə fərqlidir.

Əmək Məcəlləsinin 140-cı maddəsində məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi qaydası müəyyən edilib:

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məcəllənin 40-cı maddəsinin 1-ci hissəsində “orta əməkhaqqı”, ikinci bəndində isə “orta aylıq əməkhaqqı” yazılıb. Məzuniyyətin hesablanmasında orta əməkhaqqı deyil, orta aylıq əməkhaqqı ifadəsi və bu ifadə əsasında hesablama aparmaq daha düzgündür. Çünki praktiki olaraq orta aylıq əməkhaqqı konkret bir dövrdə olan aylara aid əməkhaqqının cəminin ayların sayına bölünməsi ilə hesablanır. Odur ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin birinci bəndindəki “orta əməkhaqqı” ifadəsi “orta aylıq əməkhaqqı” kimi qəbul olunmalıdır. Çünki hesablanma forması bunu deyir.

Misal 1: Tutaq ki, işçi 4 sentyabr 2020-ci ildə vəfat edib və şirkət işçiyə müavinət ödəməlidir. İşçinin əməkhaqqı iyul ayında 400 manat, avqust ayında 400 manat, avqustda birdəfəlik mükafatı 200 manat olub. Nəzərə alaq ki, iyulda 22 iş günü və avqustda 20 iş günü vardır. Bu halda işçiyə müavinət necə hesablanmalıdır?

Suala cavab tapmaq üçün Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə nəzər yetirək: “İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir”.

Göründüyü kimi, işçinin vəfatı ilə əlaqədar müavinət ödənildikdə orta əməkhaqqı yox, orta aylıq əməkhaqqı əsas götürülür.

Daha bir sual çıxır: orta aylıq əməkhaqqı necə hesablanır?

Qeyd etdiyimiz kimi, orta aylıq əməkhaqqının hesablanmasına ancaq Əmək Məcəlləsinin 140-cı maddəsində rast gəlinir və bundan məzuniyyətlərin hesablanmasında istifadə olunur. Məcəllənin digər maddələrində orta aylıq əməkhaqqının hesablanması mexanizmi olmadığına görə orta aylıq əməkhaqqı kimi işçinin son aylıq əməkhaqqı götürülməlidir. Gətirdiyimiz misalda 1200 manat müavinət hesablanmalıdır: 400 manat x3 = 1200 manat

Bəs son ayda işçiyə verilmiş əlavə 200 manat mükafat nəzərə alınmırmı? Həmin mükafat daimi və əmək müqaviləsində nəzərdə tutulmuş konkret məbləğ olmadığına görə əməkhaqqı fonduna daxil edilmir və aylıq əməkhaqqına aid olmur. Ona görə də hesablamalarda nəzərə alınmır.

Bəs orta aylıq yox, orta əməkhaqqı hesablanmaqla onun 3 misli məbləğində müavinət verilə bilərmi?

Əmək Məcəlləsinin 177-ci maddəsində göstərilir ki, orta əməkhaqqının hesablanması üçün gündəlik məbləğ müəyyənləşdirilməli, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmalıdır.

Vəfat edən işçinin əməkhaqqı saxlanılan iş günləri hansılardır?

Şəxs vəfat etdikdən sonra onun əməkhaqqı saxlanılan iş günləri yoxdur. Tutaq ki, iyul və avqust aylarında müvafiq olaraq 20 və 22 iş günü olub. O zaman gündəlik məbləğin hesablanması belə aparılır:

400+400=800 manat
20+22=42
800 : 42 = 19,04 manat

Avqustdan sonra saxlanılan dövr olmadığına görə orta əməkhaqqını vəfat edən işçi üçün müavinətin verilməsində istifadə etmək olmur: işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilir və əməkhaqqı saxlanılan dövr yaranmır.

Fərqanə ALLAHVERDİQIZI

Vergiler.az

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA