Ayrı-ayrı müəssisə və təşkilatlarda nahar vaxtının müddəti, saatları, intervalı kimi məsələlər sual doğurur. Mövzunu sərbəst auditor Altay Cəfərov aydınlaşdırır.

Bu məsələ ilə bağlı ortaya çıxan suallara cavab tapmaq üçün Əmək Məcəlləsinin "İstirahət və nahar üçün fasilə" adlanan 103-cü maddəsinə nəzər yetirmək lazımdır. Maddənin müddəalarını sadə və qısa şəkildə aşağıdakı kimi xülasə etmək olar:

  • İş günü ərzində fasilə təkcə nahar etmək üçün yox, həm də istirahət etmək üçün verilir. Yəni həmin müddətdə işçi nahar da edə bilər, istirahət də edə bilər, bu vaxtdan başqa məqsədlə də istifadə edə bilər. 
  • Bu fasilənin vaxtı əmək müqaviləsi və ya kollektiv müqavilədə göstərilməlidir. Eləcə də bu müqavilələrdə konkret müəssisədaxili intizam qaydalarına, növbə cədvəllərinə istinad yazılmalıdır və işçi bu intizam qaydaları, növbə cədvəlləri ilə tanış olmalıdır ki, fasilənin vaxtı haqqında məlumatlı olsun. 
  • Ardıcıl iş günlərində nahar fasiləsinin başlanma vaxtı fərqli ola bilər. Amma fərq 12 saatdan az olmamalıdır. 
  • İstirahət və nahar fasiləsi müəyyənləşdirilmiş gündəlik 8 saat iş vaxtına daxil deyildir. 
  • Fasilə müddəti fərqli ola bilər.

 Deyilənləri konkretləşdirmək üçün misallara baxaq.

Misal 1: "AA" MMC-nin daxili intizam qaydalarına görə nahar fasiləsinin başlama vaxtı 13.00-dan 14.00-a qədərdir. Bir işçi ilə bağlanmış əmək müqaviləsində nahar fasiləsinin vaxtı 13.00-dan 14.00-a kimi yazılıb. Başqa bir işçi ilə bağlanımış müqavilədə isə bu müddət 12.00-dan 14.00-a kimi yazılıb.

Bundan əlavə, üçüncü bir işçi ilə bağlanmış müqavilədə nahar fasiləsinin müddəti tək günlərdə 13.00-14.00-a, cüt günlərdə 14.00-dan 15.00-a kimi yazıb. Yeni işə qəbul olunan işçi ilə müqavilədə konkret nahar fasiləsinin başlanma və başa çatma tarixləri isə yazılmayıb.

Bu halda, "AA" MMC-nin bağladığı bu əmək müqavilələrində nahar fasiləsi ilə bağlı müddəalar nə dərəcədə düzgündür?

- Birinci işçi ilə müqavilədə fasilə müddəti konkret yazılıb və müqavilədə daxili qaydalara tam riayət olunub.

- İkinci müqavilədə müddət iki saat kimi yazılıb ki, bu da düzgündür. Çünki Əmək Məcəlləsində nahar fasiləsinin müddəti haqqında konkret tələb yoxdur. Amma təcrübi olaraq işin davamlılığının pozulmaması məqsədilə nahar fasilələrinin müddəti, adətən, bir saatdan az, iki saatdan çox olmur.

- Üçüncü işçi üçün həftənin günləri ərzində fərqli nahar fasiləsi vaxtlarının müəyyənləşdirilməsi də düzgündür. Daxili nizam-intizam qaydalarında nahar vaxtı 13.00-14.00-a kimi olsa da, əmək müqaviləsində fərqli müddətlər yazıla bilər: əmək müqaviləsi daha üstündür. Burada bir şey də nəzərə alınmalıdır ki, birinci günün nahar fasiləsi ilə növbəti günün nahar fasiləsi arasında müddət 20 saatdan çoxdur.

- Dördüncü işçinin müqaviləsində müddət yazılmadığına görə sənədləşmə düzgün aparılmayıb. Düzgünlük naminə müqavilənin həmin hissəsində ən azı istinad kimi MMC-nin daxili nizam-intizam qaydaları yazılmalıdır və işçi həmin qaydalarla tanış olmalıdır.

Fərqanə ALLAHVERDİQIZI

Vergiler.az

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]