Bir çox hallarda işəgötürənlər əmək müqavilələrində aparılmış dəyşiklikləri əmr əsasında rəsmiləşdirirlər. Burada nələrə diqqət yetirilməlidir? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Bu məsələyə tam aydınlıq gətirmək üçün ilkin olaraq Əmək Məcəlləsinin 82-ci maddəsinə nəzər yetirək.

Maddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi

Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

İşəgötürənlər maddənin birinci cümləsində yazılmış "...əmək şəraitinin, əmək funksiyalarının dəyişdirilməsi işəgötürənin əmri, qərarı, sərəncamı ilə sənədləşdirilə bilər..." ifadəsini əsas kimi götürürlər.

Amma məsələ tamamilə başqa yolla həll olunmalıdır. Bunun üçün maddənin ikinci cümləsi nəzərə alınmalıdır: əmr verilməzdən əvvəl əmək müqaviləsində dəyişikliyin və əlavələrin olunması üçün məcəllənin digər qaydalarına əməl edilməlidir.

Bu sualın cavabı Əmək Məcəlləsinin 46-cı maddəsində əks olunub.

Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

Deyilənləri aydınlaşdırmaq üçün misala baxaq:

Misal: Tutaq ki, işçinin əməkhaqqı 1 avqust 2020-ci il tarixindən artırılaraq 1000 manat olmuşdur. Bununla bağlı ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin ()ƏƏSMN) bildiriş bazasında 1 avqust 2020-ci ildə dəyişiklik edilmişdir. Həmin tarixdə işçinin əməkhaqqı artırılaraq 1000 manat olması barədə əmr verilmişdir. Amma əmək müqaviləsinə əlavə və ya dəyişiklik tərtib edilməmişdir.

Digər işçinin əməkhaqqı artırılmış və bu barədə 1 avqust 2020-ci il tarixində əmr verilmişdir, müqaviləyə əlavə tərtib edilib imzalanmışdır. Amma ƏƏSMN-in bazasına dəyişiklik bildirişi daxil edilməmişdir.

Üçüncü işçi ilə bağlı isə əməkhaqqının 1000-a artırılması ilə bağlı əmək müqaviləsinə əlavə imzalanmış və ƏƏSMN-in bildiriş bazasına daxil edilmişdir, əmr isə verilməmişdir.

Sual: Bu sənədləşmənin hansı düzgündür və hüquqi qüvvəyə malikdir?

Birinci halda artırılma tam rəsmiləşdirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən dəyişiklik bildiriş bazasına salınmış, əmr verilmişdir, amma nəzərə alınmamışdır ki, bütün bu proseslərin başlanması üçün 46-cı maddəyə əsasən müqaviləyə əlavə və ya dəyişiklik olmalıdır. Hətta bildirişin əmək münasibətlərini tam hüquqi qüvvəyə mindirməsinə baxmayaraq, ilkin olaraq müqavilə bağlanmalı, müqaviləyə əlavələr edilməlidir. Əgər bu, yoxdursa, əməliyyatın hüquqi qüvvəsi olmur. Ona görə də birinci halda sənədləşmə hüquqi qüvvəyə malik deyildir.

İkincı halda da dəyişikliyin hüquqi qüvvəsi olmayacaqdır. Ona görə ki, müqaviləyə əlavələr olsa, əmr verilsə də, ƏƏSMN-in bildiriş bazasında dəyişiklik edilməmişdir. Buna görə də sənədləşmə hüquqi qüvvəyə malik olmur.

Üçüncü halda əmr verilməməsinə baxmayaraq dəyişikliyin hüquqi qüvvəsi vardır. Ona görə ki, belə əmrlərin verilməsi 82-ci maddəyə görə məcburu deyildir. Yəni əmr verilə də bilər, verilməyə də. Əsas odur ki, müqaviləyə əlavə və dəyişiklik edilsin və ƏƏSMN-in bildiriş bazasına daxil edilsin.

Fəxriyyə İKRAMQIZI

Vergiler.az

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]