Hansı müddətdə çalışan işçiyə əmək kitabçası açılmalıdır?

Hansı müddətdə çalışan işçiyə əmək kitabçası açılmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Əmək kitabçası, sosial sığorta şəhadətnaməsi və icbari sığorta" bölməsindən seçmə

Əmək kitabçasının açılması müddəti ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi mütəxəssislər hesab edir ki, işçi işə başladığı gündən etibarən əmək kitabçası açılmalıdır. Qaydaya əsasən, əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilərə əsas iş yerində açılır.
Qaydalarının 1.2-ci bəndində qeyd edilən məsələ ilə bağlı diqqət yetiriləsi dörd məqam var.

Birincisi, işçi 5 gündən artıq, yəni ən azı 6 gün işləməlidir ki, ona əmək kitabçası açılsın.
Misal. “A” MMC tikinti sahəsində fəaliyyət göstərir və heç vaxt iş təcrübəsi olmayan fəhləni işə qəbul edir. İşçi 2 gün işlədikdən sonra öz ərizəsi ilə işdən çıxır, bu halda həmin işçiyə yeni əmək kitabçası açılmasına ehtiyac yoxdur.
İkincisi, qaydalarda “gün” dedikdə, “iş günü”, yoxsa “təqvim günü” nəzərdə tutulur?
Misal. “A” MMC-yə işə qəbul edilən, ilk əmək təcrübəsinə başlayan fəhlə 20 sentyabr 2019-cu il tarixdə işə qəbul edilib, 25 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilib. 21 və 22 sentyabr 2019-cu il tarixlərinin şənbə və bazara təsadüf etməsi səbəbindən işçi cəmi 4 iş günü işləyib. Amma ümümi iş müddəti 5 təqvim günündən çox olduğu üçün həmin işçiyə işdən azad olunan zaman əmək kitabçası təqdim edilməlidir.
Üçüncüsü, əmək kitabçası yalnız əsas iş yerinə çalışanlara açılmalıdır.
Misal. “A” MMC mühasib vəzifəsinə qəbul etdiyi işçi əvəzçilik müqaviləsi üzrə çalışdığı üçün onun əmək kitabçası əsas iş yerində saxlanılır. Deməli, işəgötürən əmək kitabçasının təqdim olunmasını tələb etməməlidir. Burda bir sual yaranır ki, işçinin ilk dəfə çalışdığı iş yeri əlavə iş yeri ola bilər? Məntiqlə işçinin gərək əsas iş yeri olsun ki, əlavə iş yeri hüququ yaransın. O səbəbdən də, əsas iş yeri olmadan işçinin əlavə iş yerində çalışması mümkün deyil. Bəzən belə yanlış fikir yaranır ki, işçi əsas iş yerində tam iş vaxtı çalışmalıdır. Xeyr, qanunvericilikdə bununla bağlı hər hansı məhdiyyət qoyulmayıb. İşçinin əsas iş yerində natamam iş vaxtı ilə, misal üçün, iki saat çalışmasına hər hansı məhdudiyyət yoxdur. Əgər işçi 2 və ya daha çox yerdə işləyirsə və əsas iş yerində əmək müqaviləsinə xitam verilirsə, o zaman əvəzçilik üzrə çalışdığı iş yerinin biri əsas iş yeri hesab olunmalıdır.
Dördüncü məqam növbəti əsas iş yerində işə qəbul olunan işçinin əmək kitabçasına qeydlər aparılması üçün 5 gün müddət tələbinin olmaması ilə bağlıdır.
Misal. “A” MMC-də ofis meneceri kimi işə qəbul olunan şəxs əmək müqaviləsi imzalandıqdan sonra əmək kitabçasını işəgötürənə təqdim edir. Bu halda işəgötürən mütləqQ 5 günü gözlədikdən sonra qeyd aparmalıdır? Xeyr, 5 gün tələbi yeni işçiyə əmək kitabçasının açılması ilə bağlıdır. Qaydaların 3.4-cü bəndində qeyd edilir ki, əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir.
Deməli, işçinin növbəti əsas iş yerində neçə gün işləməsindən asılı olmayaraq əmək kitabçasında qeydlər aparılmalıdır.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın