Anar Bayramovun təqdimatında: Zərərin növbəti il(lər)ə keçirilməsi qaydasında vacib məqamlar
Bəzən müxtəlif səbəblərdən müəssisənin il ərzində gəlirdən çıxılan xərcləri müəssisənin il ərzində əldə etdiyi gəlirlərindən artıq olur və müəssisə cari ili zərərlə başa vurur. Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, bu cür hallarda vergi ödəyicisi, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, il ərzində gəlirlərin çıxılmasına icazə verilən xərclərin gəlirdən artıq olan hissəsini, yəni cari ilin zərərini növbəti beş il ərzində mənfəəti hesabına kompensasiya edə bilər.
Misal 1: Tutaq ki, mənfəət vergisi ödəyicisi olan müəssisə 2018-ci ili 25.000 manat zərərlə, 2019-cu ili isə 55.000 manat mənfəətlə başa vurur. Bu halda vergi ödəyicisinin hüququ vardır ki, 2018-ci ilin zərərini çıxsın 2019-cu ilin mənfəətindən və qalan məbləğə mənfəət vergisi hesablansın. Nəticədə 2019-cu il üçün mənfəət vergisi=55.000 manat(2019-cu ilin mənfəəti)-25.000 manat(2018-ci ilin zərəri)=30.000 mənfəət*20%=6000 manat.
Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu illərdə yaranmış zərərləri mənfəət vergisi ödəyicisi olduğu dövrdə qazandığı mənfəəti hesabına konpensasiya edə bilməz.
Misal 2: Tutaq ki, 2019-cu ilədək sadələşdirilmiş vergi ödəyicisi, 1 yanvar 2019-cu il tarixdən mənfəət vergisinin ödəyicisi olmuş müəssisə 2018-ci ili 20.000 manat zərərlə, 2019-cu ili 60.000 manat mənfəətlə başa vurmuşdur. Belə olan halda vergi ödəyicisinin, sadələşdirilmiş vergi ödəyicisi olduğu 2018-ci ilin zərərini 2019-cu ilin mənfəəti hesabına kompensasiya etmək hüququ yoxdur. Ona görə də 2019-cu il üçün mənfəət vergisi 12.000 manat(60.000.00 manat *20%) təşkil edir.
Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq edildikdə bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Həmçinin vergi ödəyicisi tərəfindən əsas vəsaitlər üzrə çəkilmiş faktiki təmir xərcləri Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən edilmiş təmir normalarından az çəkildikdə növbəti vergi illərində müəyyən edilmiş hədd məbləğinə əvvəlki ildən qalan fərq əlavə edilir. Lakin vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu illərdə gəlirindən çıxmadığı amortizasiya məbləğini və illik norma üzrə faktiki olaraq istifadə etmədiyi təmir xərci üzrə ehtiyatını mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi gəlirləri hesabına kompensasiya edə bilməz.
Misal 3: Tutaq ki, müəssisənin balansında sadələşdirilmiş vergi ödəyicisi olduğu 2018-ci ildə əvvəlki ilin sonuna qalıq dəyəri 20.000 manat məbləğində maşın və avadanlıq vardır. Müəssisə bu avadanlıq üçün faktiki olaraq 200 manat məbləğində təmir xərcləri çəkmişdir. Nəzərə alsaq ki, maşın və avadanlıqlar üzrə illik təmir xərci norması, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, həmin əsas vəsait üzrə əvvəlki ilin sonuna qalıq dəyərinin 5%-i məbləğindədir, o zaman vergi ödəyicisinin 2018-ci il üzrə təmir xərci üçün norması 1000 manat(20000.00 manat*5% təmir xərci norması) məbləğindədir. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən vergi ödəyicisinin normadan az istifadə etdiyi 800 manat ehtiyat məbləğini (1000 manat norma üzrə təmir xərci-200 manat faktiki təmir xərci) növbəti vergi illərində istifadə etmək hüququnun olmasına baxmayaraq, ehtiyat məbləği o, 2018-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə etdiyi, 2019-cu ildə isə mənfəət vergisi ödəyicisi olduğu üçün Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən əvvəlki gəlirləri hesabına kompensasiya edə bilməz.
Lakin bir məsələyə diqqət etmək lazımdır: ola bilər ki, vergi ödəyicisi 1 iyul 2019-cu ildə Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən 2018-ci il yanvarın 1-dən etibarən könüllü olaraq ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət edir və həmin tarixdən həm ƏDV ödəyicisi, həm də mənfəət vergisi ödəyicisi kimi qeydiyyatda olur. Bu halda vergi ödəyicisinin 2018-ci il üzrə yaranan zərəri, normadan az istifadə etdiyinə görə yaranan amortizasiya və təmir xərci üzrə fərq məbləğlərini 2019-cu ilin gəlirləri hesabına kompensasiya etmək hüququ vardır.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
adlı 3 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın