Vahid Bəyannamədə işçiyə hesablanan məzuniyyət haqqı necə əks olunmalıdır? (Misalla izah)
Yaxın günlərdə satışa çıxacaq Anar Bayramovun “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə
2020-ci ilin I rübündən etibarən "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi", "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat", "İşsizlik sığortası üzrə rüblük hesabat" və "İcbari tibbi sığorta üzrə rüblük hesabat" formaları əvəzinə təsdiq olunan yeni vahid "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın doldurulması ilə bağlı oxuculara yetərli məlumat təqdm etdik.
İndi isə Vahid Bəyannamənin doldurulmasında rast gəlinən xüsusi hallar üzrə prosesləri misallar üzərində nəzərdən keçirək. İzahat bir işçi üzrə veriləcək ki, proses daha aydın olsun, çünki bəyannamədə hər işçi üzrə məlumatlar eyni qayda ilə tərtib olunur.
Misal. Beşgünlük iş rejimində çalışan və aylıq əmək haqqı 500 manat olan işçi 27 yanvar 2020-ci il tarixdən 11 günlük məzuniyyət hüququndan istifadə edib və 7 fevral 2020-ci tarixdə işə başlayıb. İşçiyə hesablanan cəmi 180,92 manatlıq məzuniyyət haqqının 82,24 manatı yanvar, digər hissəsi - 98,68 manat isə fevral ayına təsadüf edir. Qeyd edək ki, işçi 11 gün məzuniyyətdə olduğu dövrdə 2 gün şənbə və bazar gününə təsadüf etdiyindən o, yanvar və fevral ayında müvafiq olaraq 5 və 4 iş günü işləməyib.
Deməli, işçinin əmək haqqı aylar üzrə aşağıdakı kimi olub:
- 18 iş günü olan yanvar ayı üzrə əmək haqqı – 443,35 manat (361, 11 manat (yanvar ayının 13 iş gününə hesablanan əmək haqqı) + 82, 24 manat (yanvar üzrə məzuniyyət haqqı));
- 20 iş günü olan fevral ayı üzrə əmək haqqı - 498.68 manat (400 manat (fevral ayının 16 gününə hesablanan əmək haqqı) + 98,68 manat (yanvar üzrə məzuniyyət haqqı));
- 16 iş günü olan mart ayı üzrə əmək haqqı – 500 manat.
İndi isə göstəricilər üzrə məlumatların Vahid Bəyannamədə qeyd edilməsini nəzərdən keçirək. Hesabatın il səhifəsində iş günləri 2020-ci ilin istehsalat təqviminə uyğun qeyd edilir.
İşçi üzrə aylar üzrə əmək haqqı göstəriciləri daxil etdikdə əmək haqqı ilə yanaşı, məzuniyyət haqqı nəzərə alınmaqla cəmi məbləğ qeyd edilməlidir. “Faktiki iş günlərinin sayı” bölməsində işçinin faktiki işlədiyi günlərin sayı qeyd edilməlidir:
Şəkildən göründüyü kimi, yanvar və fevral aylarında müvafiq olaraq 18 və 20 iş günü olmasına baxmayaraq, işçinin məzuniyyətdə olması səbəbindən 13 (18-5) və 16 (20-4) faktiki iş günləri qeyd edilib.
Növbəti hissə - “işçinin işləmədiyi iş günləri haqqında məlumat” bölməsi aşağıdakı şəkildə doldurulmalıdır:
Məlumatlardan göründüyü işçinin işlədiyi günlərin sayı işləmədiyi günlərin cəminə bərabər olmalıdır:
Yanvar ayı üzrə - cəmi 18 gün (13 gün (işlədiyi günlərin sayı) + 5 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);
Fevral ayı üzrə - cəmi 20 gün ((16 gün (işlədiyi günlərin sayı) + 4 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);
Mart ayı üzrə - cəmi 16 gün (işlədiyi günlərin sayı);
Rüb üzrə - cəmi 54 gün ((45 gün (işlədiyi günlərin sayı)+ 9 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı).
Əgər aylar üzrə iş günlərinin cəmində fərqlilik yaransa, bəyannamənin yoxlanılması zamanı aşağıdakı şəkildə, xəta haqqında məlumat çıxacaq:
İş günləri ilə bağlı misala keçməşdən öncə bildirək ki, məlumatların bu şəkildə daxil edilməsi vergi orqanının kameral yoxlaması zamanı uyğunsuzluqların qarşısını alacaq. Çünki bəzi hallarda məzuniyyətdə olması səbəbindən işçinin maaşının elektron reyestrdəki əmək haqqından az olması barədə kameral uyğunsuzluqla bağlı məlumatlar daxil olurdu. Artıq vergi ödəyicisinin Vahid Bəyannamədə təqdim etdiyi məlumatlar imkan verəcək ki, işçinin hansı səbəbdən iş günlərini tam işləmədiyi aydın olsun.
3 Komment
Hikmət 22 Aprel 2020
Salam, Çox sağolun ki,izah verirsiz hesabatın hazırlanmağına. Mənim belə bir sualım var,əgər işçi bir ayda həm məzuniyyətdə olub və az iş günü olmalıdı həmdə artıq işləyib altı-bazar,bu halda faktiki iş günləri və istehsalat teqvimindəki normaya uyğun olur amma əmək haqqı artıq göstərilir.Bu halda necə göstərmək lazımdi.
İlham 02 May 2020
Salam.Menim sualim bu hesabat zamani yaranan "bir işçi üçün bir ay erzinde eyni sebeb yalniz bir defe yazila biler" formasi üçündü.Ne qeder etdimse bu hesabati yuxarida gosterdiyim sebebden teqdim ede bilmedim.xahiş edirem komek ederdiz.
Nuraga 11 Avqust 2020
Salam. Meyvə yığımı ilə əlaqədar işçi işə götürülür və onunla 250 AZN əmək haqqı ilə müqavilə bağlanır. Lakin işçi bir gün işə gəlir 5 gün gəlmir. Bilmək istərdim həmin işçiyə 250 AZN tam ödəniıməlidi yoxsa işlədiyi iş gününə əsasən
Şərh yazın