Qalib Toğrulun təqdimatında: Bayram günləri işçinin məzuniyyət dövrünə təsadüf edərsə...
Əmək məzuniyyəti dövrünə təsadüf edən bayram günləri ilə bağlı həmkarlarımızın sosial şəbəkə açdığı müzakirəyə “A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğrul da münasibət bildirib. Qalib Toğrul qeyd edib ki, müzakirə olunan məsələ ilə bağlı ekspertlər arasında fikir müxtəlifliyinin yaranmasına səbəbi əmək məzuniyyəti ilə bağlı misalın qoyuluşunun qarışıq olması və Əmək Məcəlləsində əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri ilə bağlı müddəanın düzgün ifadə edilməməsi ilə bağlıdır: “Əmək məzuniyyəti dövrü “Tutaq ki, işçi 01 - 21 mart daxil olmaqla əmək məzuniyyətindən istifadə edərsə..” kimi ifadə olunduqda əmək məzuniyyətinin neçə təqvim günü olması anlaşılmır. Eyni zamanda, oxucuda işçinin bayram gününə təsadüf edən 22 martda işə çıxması ilə bağlı ilkin yanlış təəssürat yaradır. Əmək Məcəlləsinin 138-ci maddəsinə görə, məzuniyyət əmrində bir çox göstəricilərlə yanaşı, məzuniyyətin müddəti, başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Özü də bu tələblər təkcə əmək məzuniyyətinə deyil, bütün növ məzuniyyətlərə münasibətdə şamil eidlir. Ona görə də, ilk növbədə əmək məzuniyyəti ilə bağlı misalın qoyuluşu Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, bütün şərtlər əhatə edilməlidir ki, onun həlli ilə bağlı mülahizələri də qanunvericiliyə istinadən ifadə etmək mümkün olsun.
Bu məsələdə diqqət yetirilməli ikinci aspekt əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günlərinin əmək məzuniyyət dövründə nəzərə alınması, məzuniyyət dövrünün uzadılması və ya bayram günlərinin kompensasiya edilməsi ilə bağlıdır. Mən bilərəkdən fikrimi ifadə etmək üçün 3 feildən (nəzərə almaq, uzatmaq və kompensasiya etmək) istifadə etdim, çünki Əmək Məcəlləsində “əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri” ilə bağlı müddəa düzgün ifadə olunmayıb, yayğındır. Ona görə də bu müddəanın praktikada tətbiqi problemlərlə müşayiət olunur.
Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı bəndində yazılır: “Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.” Gördüyünüz kimi burada əmək məzuniyyətinin bayram günləri qədər uzadılması ilə bağlı hər hansı tələb yoxdur. Yaxşı olardı ki, bu maddə aşağıdakı redaksiyada verilsin: “Əmək məzuniyyətinin müddəti bu dövrə təsadüf edən iş günü hesab olunmayan bayram günləri qədər uzadılır, lakin həmin bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmədiyindən ödənilmir.”
İndi isə son günlərdə sosial şəbəkədə müzakirə olunan misal üzərindən izahat verək. Hesab edək ki, işçi martın 1-dən 21 günlük məzuniyyət üçün müraciət edir. Məzuniyyət dövrünə təsadüf edən iki bayram var, 1 günlük 8 mart Qadınlar bayramı və 5 günlük Novruz bayramı. Martın 1-dən Novruz bayramının başlanmasınadək (20 mart) 19 təqvim günü var, həmin günlərdən biri 8 marta təsadüf etdiyi üçün 19 təqvim günü yox, 18 təqvim günü kimi nəzərə almalıyıq. Deməli, əmək məzuniyyətinin bitməsi üçün işçinin bayram gününə təsadüf etməyən 3 təqvim günü qalır. Növruz bayramı 5 gün (20-24 mart) olduğu və işçinin 21 günlük əmək məzuniyyətindən istifadə etmədiyi 3 təqvim günü qaldığı üçün martın 25-si, 26-si və 27-si də əmək məzuniyyəti dövrünə daxildir.
Beləliklə, işçi altıgünlük iş həftəsi ilə işləyirsə, martın 28-də (şənbə günü), beşgünlük iş həftəsi ilə çalışırsa, martın 30-da (bazar ertəsi günü) işə çıxmalıdır."
Qalib Toğrul sonda belə aktual məsələləri mütəmadi müzakirəyə çıxardıqlarına görə hər iki ekspertə təşəkkürünü bildirib.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın