İşəgötürən işçiyə hansı 6 hal üzrə əmək qabiliyyətini itirdikdə müavinət HESABLAMIR? (Misalla izah)
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə
Əsasnaməyə görə, bəzi hallar üzrə işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda ona müavinət hesablanmır. Sənədin 25-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:
- 6 ay sosial sığorta stajı olmayan şəxslərə.
Açıqlama: Bu məsələdə diqqət yetiriləsi əsas iki məsələ var: sosial staj və 6 ay.
Sosial stajla əmək stajını fərqləndirmək lazımdır. Sosial staj dedikdə, işçiyə məcburi dövlət sosial ayırması hesablanmasının tarixçəsi nəzərdə tutulur.
Misal. İlk iş yeri olan “A” MMC-də 7 ay çalışan işçi 3 ay ödənişsiz məzuniyyətdə olub. İşçinin iş stajının 7 ay olmasına baxmayaraq, onun sosial sığorta stajı 4 ay hesab edilir. Çünki işçi ödənişsiz məzuniyyətdə olduğu dövrdə ona sosial ayırma hesablanmır. Əgər işçi işlədiyi dövrün 8-ci ayında əmək qabiliyyətini itərərsə, ona əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmayacaq. Çünki hələ 6 aylıq sosial staja malik deyil.
6 ay müddətə gəlincə isə, bu məsələdə işəgötürənlərin əsas yanlışlığı həmin müddətin işlədiyi təşkilata münasibətdə tətbiq edilməsidir.
Misal. “A” MMC-nin işçisi Quliyev Mehmanın 2 illik sosial sığorta stajı olmasına baxmayaraq, təşkilatda 3-cü aydır işləyir. İşçi əmək qabiliyyətini itirdiyi üçün xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər düşünürlər ki, işçinin təşkilatda işləməsi müddəti (və ya sosial sığorta stajı) 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Əslində isə, işçinin əvvəlki 2 illik sosial sığorta stajı kifayət edir ki, hətta yeni iş yerində 1 gün belə işləsə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ona müavinət hesablansın.
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə.
Açıqlama: “A” MMC-də çalışan işçi öz hesabına 3 aylıq ödənişsiz məzuniyyət götürür. İşçi ödənişsiz məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. İşçiyə ödənişsiz məzuniyyət dövründə əmək haqqı hesablanmadığı üçün, müavinətə görə də ödəniş həyata keçirilməyəcək.
Başqa bir misalı nəzərdə keçirək. Uşağa qismən qulluq məzuniyyətində olan işçi həmin dövrdə əmək qabiliyyətini müvəqqəti itirir. Bu halda da, işəgötürən müavinət hesablamamalıdır. Çünki məzuniyyət dövründə işçiyə ödənilən aylıq məbləğ DSMF tərəfindən həyata keçirilir və həmin dövr üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə.
Açıqlama: Bu, çox mürəkkəb məsələdir. Çünki işçinin özünü xətəliyə vurnası və ya qəsdən özünə zədə yetirməsi halları rəsmiləşdirilməli və sənədlərlə təsdiq olunmalıdır. Əks halda müavinət ödənilməlidir.
“A” MMC-nin işçisi hər hansı dərman qəbul edir və ya özünə bilərəkdən zədə yetirir ki, xəstəlik kağızı alıb işdən kənarlaşsın. Əgər işəgötürən sübut edə bilsə ki, işçi bunu qəsdən edib, o halda müavinət ödəməkdən imtina edə bilər.
- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə.
Açıqlama: Qeyd edək ki, qanunvericilikdə qeyd edilmir ki, işçi yalnız əmək funksiyasını yerinə yetirdikdə əmək qabiliyyətini itirərsə, ona müavinət ödənilməlidir. Tutaq ki, işçi evdə yıxılaraq zədə alsa belə, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə ona müavinət ödənilir. Amma işçi hər hansı cinayət törədərkən (məsələn, oğurluq edərkən) hündür divardan yıxılıb ayağını zədələməklə əmək qabiliyyətini müvəqqəti itirərsə, o halda müavinətin hesablanması və ödənilməsi aparılmır.
- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).
Açıqlama: Bəzən işçinin özü könüllü müayinədən imtina edir, bu cür hallarda məhkəmə qərarı ilə işçiyə məcburi müalicə təyin edilir və əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət ödənilmir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə sığortaedən tərəfindən hesabat təqdim edilməyən dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı baş verdikdə, müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi dayandırılır. Əgər sığortaedən hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab olunur və bu müddət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı (hadisəsi) baş verdikdə müavinət verilmir.
Açıqlama: Bu halı misal üzərindən nəzərdən keçirək. Misal. “A” MMC-nin işçisi əmək qabiliyyətini müvəqqəti itirib və həmin müddətdə - 03 dekabr 2019-cu il tarixdən etibarən Cəmiyyət fəaliyyətini 30 günlük dayandırır. İşəgötürən sənədləri 05 dekabr 2019-cu ildə təqdim etməsinə baxmayaraq, DSMF tərəfindən müavinətin ödənilməsi hüququ 2019-cu ilin 4-cü rübü üzrə hesabat təqdim etdikdən sonra yaranır. Əgər
borcalan 2019-cü il 4-cü rübünün hesabatında fəaliyyətinin olmaması haqqında arayış təqdim edərsə, o zaman işçiyə DSMF tərəfindən müavinət ödənilmir.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
3 Komment
Ulviyyə 13 May 2020
Salam. Əvvəla məqaələnizə görə təşəkkürümü bildirirəm. Sual yaranır? İşçi şirkətdə 2 aydır işləyir. Amma əvvələr də müxtəlif şirkətlərdə işləyib. 1. Bülleten bu halda necə hesablanmalıdır? 2. Orta əmək haqqı nece hesablanmalıdır? 3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin bir hissəsi aprel və bir hissəsi may ayına düşür. Məbləğ aylar üzrə ödənilməli yoxsa may ayında ödəniş olunsa kifayət edər? Əvvəlcədən təşəkkürlər.
Resad 27 Avqust 2022
Salam.atam isde emek qabiliyyetini itirib iki elleride vallarda qalib.maisinin 80%in alirdi.indi rehmete gedib.onu anam almalidida duzdu.prezidentimizin 108sayli qerari var o barede.zehmet olmasa mene aydin cvb vererdizde cox xais.
Tərlan 14 Oktyabr 2022
Salam, işçi 6 aydır bülletendədir 20 il iş stajı var Durub gəzməyə işə getməyə ayağında sınıq olduğu üçün icazə vermir həkim yerinə ictimai əsaslarla yoxsa əvəzçilik qaydası ilə işçi götürülməlidirmi?
Şərh yazın