İşçiyə minimum əmək haqqı müəyyən edərkən diqqət yetiriləsi 3 VACİB MƏQAM
Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə
Əmək haqqının maksimum həddi müəyyənləşməsə də, minimum məbləği müəyyən edilib. Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Həmin maddənin üçüncü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Qeyd edək ki, hazırda minimum əmək haqqı 1 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilib. İndi isə əmək qanunvericiliyinə əsasən, minimum əmək haqqı ilə ilə bağlı vacib məqamları diqqətdən keçirək:
1) Minimum əmək haqqı yalnız ixtisassız işçilərə verilə bilər
Açıqlama: Misal üçün, işəgötürən tərəfindən aylıq iş normasını işləyən mühasibə 250 manat əmək haqqı müəyyən edilməsi qanuna ziddir. Çünki mühasib vəzifəsiz və ixtisassız əməyin sıyahısına aid edilmir. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış məşğulluq təsnifatına əsasən, “ixtisassız işçilər” təsnifatının açıqlaması aşağıdakı kimidir:
“O peşələr daxil edilir ki, onlarda əl alətlərindən istifadə etməklə əsas etibarilə sadə təkrar olunan, bəzən xeyli fiziki qüvvə tələb edən, kiçik müstəsnalıqla, məhdud sərbəstliklə vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bilik və təcrübənin olması tələb olunur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir.”
Misal kimi satıcı, gözətçi, kuryer və ya qeydiyyatçı kimi vəzifələri nümunə göstərmək olar.
2) Aylıq iş vaxtı normasını işləmiş işçilər minimum əmək haqqından az əmək haqqı ala bilməz
Açıqlama: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər ilin sonunda növbəti il üçün istehsalat təqvimi və iş norması vaxtını təsdiqləyir. Misal üçün, 2019-cu ilin oktyabr ayı üzrə iş norması 184 saat müəyyən edilib. Əgər işəgötürənin “ixsisasız işçi” kateqoriyasına aid edilən işçi ilə bağladığı əmək müqaviləsinə uyğun olaraq, işçi 92 saat işləyərsə və aylıq əmək haqqı 150 manat təşkil edirsə, bu qanun pozuntusu hesab olunmayacaq. Çünki işçi iş vaxtı normasını tam yerinə yetirməyib və iş normasına əsasən müəyyən edilən əmək haqqı işlənilmiş iş vaxtı normasından yüksəkdir. Yəni, 184 saata uyğun minimum əmək haqqı 250 manat təşki edirsə, 92 saata düşən əmək haqqı 125 manat olduğu halda, işçiyə 150 manat aylıq əmək haqqı hesablanıb.
3) Minimum əmək haqqı müəyyənləşdirilərkən digər gəlirlər nəzərə alınmır.
Açıqlama: Aylıq iş vaxtı normasını yerinə yetirən işçinin əmək haqqı 200 manat olsa da, əmək haqqına aylıq 40 manat əlavə və 30 manat mükafat hesablanır. İşçinin yekun əmək haqqı 270 manat təşkil edir və bu da minimum əmək haqqı məbləğindən yüksək hesab edilsə də, bu cür hesablama qanunvericiliyin tələbinə ziddir. Çünki Əmək Məcəlləsinə əsasən, 155-ci maddənin 5-ci hissəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın