Qalib Toğrulun təqdimatında: Altıgünlük iş həftəsində iş və istirahət günlərinin yerdəyişməsi necə həyata keçirilməlidir? (Nümünəvi forma)
“A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğruldan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin izahatı ilə bağlı AÇIQLAMA
Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli 461 nömrəli qərarı ilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi İzahat hazırlayıb.
http://mks.az/news/other/item/10656-diqq%C9%99t-be%C5%9F-v%C9%99-alt%C4%B1g%C3%BCnl%C3%BCk-i%C5%9F-rejimd%C9%99-i%C5%9F-v%C9%99-istirah%C9%99t-g%C3%BCnl%C9%99rinin-yerd%C9%99yi%C5%9Fm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-r%C9%99smi-a%C3%A7iqlama.html
İzahata münasibət bildirən Mks.az saytının eksperti, “A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğrul bildirib ki, Nazirliyin bu tip izahatlarına böyük ehtiyac var: “Çünki Nazirlər Kabinetinin müvafiq qərarı beşgünlük iş həftəsində işləyənlər üçün nəzərdə tutulub. Ümumiyyətlə, tək bu məsələ ilə bağlı deyil, Əmək Məcəlləsində şərhinə ehtiyac duyulan ziddiyyətli məqamlarla bağlı Nazirliyinin mütəxəssilərinin hazırladıqları peşəkar izahatlara işəgötürənlər tərəfindən hazırda çöx böyük ehtiyac duyulur”.
Ekspert qeyd edib ki, altıgünlük iş həftəsində iş günlərinin yerləri dəyişdirilərkən Əmək Məcəlləsinin tələbləri gözlənilməklə xüsusilə diqqətli olmaq lazımdır: “Əmək Məcəlləsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İzahatına əsaslanmaqla bu qənaətə gəlmək mümkündür ki, altıgünlük iş həftəsində çalışanlar üçün 2 seçim mövcuddur. Birinci variant, 31 dekabr 2019-cu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 və 2 yanvar Yeni İl bayramlarının qeyr-iş günü olmasını nəzərə almaqla adi qrafiklə işləmək, iş günlərinin yerini dəyişməməkdir.
İkinci variant Nazirlik tərəfindən tövsiyə olunsa belə, mütləq iş günlərinin yerlərinin istirahət günləri ilə əvəz olunması, başqa sözlə desək, iş vaxtı rejiminin dəyişməsi ilə bağlı mütləq kollektiv müqavilədə müvafiq qeydlər olmalıdır. Kollektiv müqavilə şərti nəzərə alınmaqla, Nazirliyin tövsiyəsində 2019-cu ilin 29 dekabr tarixinin iş günü, 2020-ci ilin 3 yanvar tarixinin isə istirahət günü hesab edilməsi təklif edilir. Bu halda 2020-ci ilin 6 yanvar tarixi altıgünlük iş həftəsində iş günü hesab olunur.
Nazirliyin tövsiyəsinə uyğun olaraq 2020-ci ilin 4 yanvar iş günü ilə 5 yanvar istirahət gününün yerləri dəyişdirilə bilər.
Sadə şəkildə ifadə etsək, 6 günlük iş həftəsində yerdəyişmə aşağıdakı şəkildə həyata keçirilir: İşçilər bazar gününə təsadüf edən 29 dekabr 2019-cu il tarixində işə çıxır, bunun əvəzində 3 yanvar 2019-cu il tarixində işə çıxmırlar. 4 yanvar 2020-cil şənbə gününə təsadüf etdiyi üçün altıgünlük iş rejimində iş günü sayılır. Ancaq qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə işçilər 4 yanvar şənbə günündə işləməyib, 5 yanvar bazar günü işləyə bilərlər. Deməli altıgünlük iş həftəsində 31 yanvar 2019-cu il və 1,2, 3 və 4 yanvar 2020-ci il tarixləri qeyri-iş günü hesab edilir. İşçilər istirahət etdikləri 4 yanvar 2020-ci il əvəzinə 5 yanvar 2020-ci il tarixindən işə çıxıb adi qayda ilə işlərinə davam etməlidirlər. Bir daha qeyd edirəm ki, bu cür yerdəyişməyə o zaman icazə verilir ki, kollektiv müqavilədə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret müddəa olsun”.
Altıgünlük iş həftəsində iş günlərinin yerlərinin dəyişməsi ilə bağlı kargüzarlıq baxımından aşağıdakı məzmunda əmrin verilməsi məqsədəmüvafiq olardı:
Blank “Alov” MMC
ƏMR №________
Gəncə şəhəri 10 dekabr 2019-cu il
Altıgünlük iş həftəsində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli, 461 №-li qərarına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci bəndinə, 105-ci maddəsinin 7-ci bəndinə, 108-ci maddəsinin 1-ci bəndinə və __________2019-cu il tarixli,___ №-li Kollketiv müqaviləyə uyğun olaraq işçilərin istirahət və qeyri-iş günü sayılan bayram günlərindən rasional istifadə etmələrinin təmin olunması məqsədilə
ƏMR EDİRƏM:
1.2019-cu ilin 29 dekabr, 2020-ci ilin 5 yanvar tarixlərinə təsadüf edən istirahət günləri iş günləri hesab olunsun.
2. 2019-cu ilin 31 dekabr, 2020-ci ilin isə 1, 2, 3 və 4 yanvar tarixləri qeyri-iş günü sayılsın.
3. İşçilərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramından sonra yeni təqvim ilində işə başlama tarixi 5 yanvar 2020-ci il hesab edislin
4. 30 dekabr 2019-cu il tarixində iş gününün müddəti 1 saat qısaldılsın
5 Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Nazim qızı Cəmiyyətin bütün işçilərinin əmrlə müvafiq qaydada tanış olmasını təmin etsin və istirahət günləri ilə iş günlərinin yerinin dəyişməsi səbəbindən iş vaxtının uçotunda zəruri düzəlişlərin aparılmasını həyata keçirsin
6. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Nazim qızına həvalə olunsun.
Direktor ________ Nəbili N.N.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın