Altay Cəfərovun təqdimatında: İşçilərin kütləvi ödənişsiz məzuniyyət göndərilməsi

Altay Cəfərovun təqdimatında: İşçilərin kütləvi ödənişsiz məzuniyyət göndərilməsi

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Praktikada rastlaşdığımız problemli hallardan biri də işəğötürən tərərindən işçilərin kütləvi surətdə ödənişsiz məzuniyyətə göndərilməsi halıdır. Daha doğrusu, bu, işəgötürənin fəaliyyəti müvəqqəti  dayandırdığı hallarda baş verir.

Məsələn, fəaliyyətini 3 aylıq və ya 1 illik dayandıran işəgötürən işçilərini öz hesabına ödənişsiz məzuniyyətə göndərir. Nəzərinizə çatdırım ki, ödənişsiz məzuniyyətlər işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.Tərəflərin qarşılıqlı razılığında isə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, işçilərə müddəti altı aydan çox olmayaraq ödənişsiz məzuniyyət verilə bilər.

Əmək Məcəlləsinin 146-cı maddəsinə diqqət yetirək..

Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi

1.Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

Göründüyü kimi xüsusi fors-major hallarda, işəgötürənin təqsiri olmadan müəssisənin fəaliyyəti dayanarsa onda işəgötürən işçiləri həm əmək məzuniyyətinə, həm də ödənişsiz məzuniyyətə göndərə bilər və ödənişsiz məzuniyyətin müddəti əsas məzuniyyətin 2 mislindən çox olmamalıdır. Belə hallarda yaxşı olar ki, hansı işçilərə əmək məzuniyyəti düşürsə, onlara əmək məzuniyyəti, digərlərinə isə ödənişsiz məzuniyyət verilsin.

Amma işəgöturənin təqsiri üzündən fəaliyyət dayanarsa, o halda belə məzuniyyətlər verilə bilməz, bu, boşdayanma hesab edilir və işçilərə müvafiq hesablamalarla əmək haqqı ödənlilir. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Bildiyiniz kimi bir çox hallarda sahibkarların fəaliyyətinin fasiləsizliyi prinsipi tam olaraq özünü doğrultmur. Məsələn, sahibkar bir layihəni yerinə yerir və yeni layihələr üzrə qalib olmur, nəticədə fəaliyyəti tam olaraq dayanır. Ya da istehsalat sahəsini yaradır, bir müddət satışı həyata keçirir və sonra bazarda rəqabət üzündən fəaliyyətini davam etdirə bilmir və fəaliyyətini dayandırır. Adətən sahibkarların fəaliyyəti bu kimi müxtəlif səbəblərdən dayanır.

Bəs, belə hallar işəgötürənin günahı üzündən boşdayanma sayılır, yoxsa əksinə?

Belə halları operativ şəkildə qarşısı alınmayan hallar kimi qiymətləndirərək, işəgötürənin təqsiri sayılmayan boşdayanma kimi qiymətləndirmək mümkündür. Odur ki, belə hal yaranarsa, işəgötürən əvvəlcə, işçiləri əmək məzuniyyətinə, daha sonra isə ən çoxu əmək məzuniyyətinin 2 misli miqdarında ödənişsiz məzuniyyətə göndərə bilər. Boşdayanma davam edərsə, ikitərəfli razılıq əsasında ümumi ödənişsiz məzuniyyətin dövrü 6 ay olmaqla, işçilər növbəti ödənişsiz məzuniyyətə göndərilə bilər. Fəaliyyətin dayanması yenə də davam edərsə, işçilər 6 aydan sonra ya işə bərpa olunmalı, ya da Əmək Məcəlləsinin digər maddələri ilə işdən azad olunmalıdırlar.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

4 Komment

  1. Ramiz 25 Mart 2020

    Salam, Altay müəllim. Mənim sualım belədir: Mən özəl şirkətin idman sağlamlıq mərkəzində çalışıram. Bu şrkətin fəaliyyət sahəsindən biridir. Şirkətin fəaliyyəti otel biznesidir. İdman sağlamlıq mərkəzi də otelin nəzdindədir. Məlum qərara əsasən bu kimi yerlər bağlandığı üçün mənə də deyiblər öz hesabına get evdə otur işə gəlmə. Amma onu deyim ki, şirkət bağlamayıb fəaliyyət göstərir. Mən bilmək istəyirəm ki, hansı qanuna əsasən şirkət mənə maaş və yaxud kompensasiya verməməlidir.

  2. Ramiz 29 Mart 2020

    Səlam hörmətli,bizim Altay müəllim,mənim yenə sizə işim düşüb; məsələ belədir ki, mən bir özəl şirkətdə çalışıram. Şirkətin işi otel biznesidir. Mən də bu otelin tərkib hissəsi olataq fəaliyyət göstərən xidmət sahələrindən birində-idman sağlamlıq mərkəzində koordinator vəzifəsində çalışıram. Son vaxtlar nazirlər kabinetinin məlum qərarına əsasən bu kimi xidmət sahələri fəaliyyətini dayandırdığı kimi, mənim də işlədiyim bu sahəni şirkət rəhbərliyi bağlayıb və məni ödənişsiz məzuniyyətə göndərib. Amma onu deyim ki, şirkət fəaliyyət göstərir, otel və başqa işçilər işləyir. Mən, özüm konkret bu halla bağlı qanunvericilikdə bir şey tapa bilmədim. Çünki bu hal nə işə götürənin, nə də işçinin nöqsanındandır.Mənim bildiyim bu qədər. Ona görə sizə müraciət etdim ki,mənə bir peşəkar hüquqşünas kimi maaşsız qalmamaq üçün köməklik göstərəsiz. Qabaqcadan təşəkkürümü göstərirəm.

  3. Nəzakət 08 Avqust 2022

    Salam məllim,mən 2009- cu ildən məcburi ödənişsiz məzuniyyətə göndərilmişdim.2021-ci il tarixində Prezidentin sərəncamına əsasən müəssisə ləğv olunub,və bu günlərdə xəbər gəlib ki gəlib bildirişiə qol çəkim.Bildirisdədə qeyd olunub ki,Əmək məc 70/a maddəsinə əsasən müavinət ödəniləcək və şikayətim yoxdur.O deməkdi ki ƏM 146 və 169 bəndələrinə aid müavinət odənilməyəcək.Bildirisə qol çəkim yoxsa yox.

  4. Nəzakət 22 Sentyabr 2022

    Salam məllim,mən 2009- cu ildən məcburi ödənişsiz məzuniyyətə göndərilmişdim.2021-ci il tarixində Prezidentin sərəncamına əsasən müəssisə ləğv olunub,və bu günlərdə xəbər gəlib ki gəlib bildirişiə qol çəkim.Bildirisdədə qeyd olunub ki,Əmək məc 70/a maddəsinə əsasən müavinət ödəniləcək və şikayətim yoxdur.O deməkdi ki ƏM 146 və 169 bəndələrinə aid müavinət odənilməyəcək.Bildirisə qol çəkim yoxsa yox.

Şərh yazın