İşçinin xidməti ezamiyyətdən geri çağırılması hansı hallarda mümkündür?

İşçinin xidməti ezamiyyətdən geri çağırılması hansı hallarda mümkündür?

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Təcrübədə işçinin xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılması hallarına da rast gəlinir. Ezamiyyətdən geri çağırılma aşağıdakı hallarda mümkündür:

 

  • İşçi xidməti tapşırığı vaxtından əvvəl yerinə yetirərsə;
  • İşçi ezamiyyətdə olan zaman xidməti tapşırıq əhəmiyyətini itirərsə;
  • İşçidən asılı olmayan səbəblərdən xidməti tapşırığı icra etmək mümkün olmazsa.

 

İşçinin xidməti ezamiyyətdən vaxtından öncə geri çağırılması təşkilatın rəhbərinin əmri ilə rəsmiləşdirilir. Belə əmrin təsdiq olunmuş forması yoxdur, kadrlarla iş üzrə mütəxəssislər onu tərib etməkdə sərbəstdirlər. Təbii ki, bəzi rekvizitləri (əvvəlki əmrin tarixi, №-si, ezamiyyənin müddəti və sair) nəzərə almaq şərti ilə.

Müvafiq əmrin verilməsi üçün əsas olmalıdır. Bir qayda olaraq belə əsas xidməti yazıdır. Ezamiyyətdə olan işçinin geri çağırılması üçün əsaslar varsa, bu halda onun işlədiyi şöbənin rəhbəri xidməti yazı ilə təşkilatın rəhbərinə müraciət etməlidir. Təşkilatın rəhbəri xidməti yazının üzərinə “Etiraz etmirəm” tipli dərkənar qoyduqdan sonra kadrlarla iş şöbəsi əmrin layihəsini hazırlayıb, təsdiq üçün rəhbərliyə təqdim edir.

Bundan sonra kadrlarla iş şöbəsi işçinin xidməti ezamiyyətdən geri çağırılması əmrinin layihəsini hazırlayır. Təşkilatın rəhbəri əmri imzaladıqdan sonra işçinin çalışdığı struktur bölməsinin rəhbəri işçini bu barədə məlumatlandırır. İşçi daimi iş yerinə qayıtdıqdan sonra əmrlə tanış olub, imza atır. Xidməti ezamiyyətdən vaxtından əvvəl geri qayıtması ilə bağlı işçi görülmüş işlərlə bağlı hesabatında məlumat verir, səbəbi göstərir.

İşçinin xidməti ezamiyyətdən geri çağırılması ilə bağlı əmrin nümunəvi formasını təqdim edirik:

 

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Masallı şəhəri                                                                                                                                                                                                                                            ____ __________________ 2019-cu il

 

İşçinin xidməti ezamiyyətdən vaxtından öncə geri çağırılması haqqında

 

“Alov” MMC-nin Hüquq şöbəsinin müdiri Balayev Əli Asif oğlunun 13 avqust 2019-cu il tarixli xidməti yazısını nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

  1. “Alov” MMC-nin direktorunun ____ ___________ 2019-cu il tarixli, ____№-li əmri ilə ____ 12 avqust 2019-cu il tarixindən 16 avqust 2019-cu il tarixinə kimi, 5 (beş) gün müddətinə Gəncə şəhərinə ezam olunan Hüquq şöbəsinin hüquqşünası Talıbov Vəli Sadiq oğlu xidməti tapşırığı vaxtından əvvəl icra etdiyi üçün ezamiyyətin başa çatmasına 2 (iki) gün qalmış, 14 avqust 2019-cu il tarixində geri çağırılsın.
  2. “Alov” MMC-nin baş mühasibi Səlimova Sultanə Sabir qızı işçi ezamiyyətdən qayıtdıqdan sonra, 17 avqust 2019-cu il tarixindən gec olmayaraq ezamiyyə xərclərinin yenidən hesablanmasını həyata keçirsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Direktor ________ Nəbili N.N.

 

Əmrlə tanış oldum:

Baş mühasib ___________Səlimova S.S. 

Tarix: _____ _____________

 

Hüquq şöbəsinin hüquşünası __________ Talıbov V.S.

Tarix: _____ _____________

 

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın