- 1 Komment
- 20 Sentyabr 2019
İntizam tənbehinə əsas verən faktın rəsmiləşdirilməsi qaydası
İntizam təhbehi hansı sənədlərlə, necə rəsmiləşdirlir? İşçi izahat verməyə bilərmi? İntizam tənbehi tətbiq edilən işçinin iş yoldaşları izahat verməyə məcburdurlarmı? İzahat verməyən işçi ilə bağlı hansı tədbirlər görülür? İntizam tənbehi verilməsi və Araşdırma komissiyasının yaradılması əmrlərinin nümunəvi formaları necə olmalıdır? Komissiya araşdırmanı hansı meyarlar əsasında aparmalıdır? Komissiyanın yekun aktı necə tərtib olunmalıdır? Bu və digər sualların cavabları “A-dan Z-yə Kargüzarlıq” kitabının müvafiq bölməsində. Bölmədən seçməni təqdim edirik.
...İndi isə intizam tənbehi tətbiq edilməsinə əsas verən hallardan bir neçəsinin sənədləşdirilməsi qaydasını nəzərdən keçirək. Tutaq ki, işçi üzrsüz səbəbdən işə gəlməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, üzrlü səbəb dedikdə, 3 konkret hal nəzərdə tutulur:
- İşçinin özünün xəstələnməsi;
- Yaxın qohumunun xəstələnməsi;
- Yaxın qohumunun vəfat etməsi.
Əvvəlcə baxaq, yaxın qohumlar kimlərdir. Qanunvericiliklə yaxın qohum —arvad (ər), valideynlər, baba və nənələr, övladları və onun tərəfindən övladlığa götürülən şəxslər, doğma (ögey) bacı və qardaşlar, nəvələr, bacı və qardaşın övladı, bacının əri və qardaşının arvadı, dayılar, əmilər, xalalar, bibilər, eləcə də arvadın (ərin) valideynləri, doğma (ögey) bacı və qardaşları sayılır.
Praktikadan çıxış edərək üzrlü səbəblərin siyahısını xeyli genişləndirmək olar. Bura məhkəmə iclaslarında, istintaqda iştirakdan tutmuş yol-nəqliyyat hadisəsinə, yanğına, daşqına, təbii fəlakətə qədər bütün halları aid etmək olar. Ancaq unutmayın ki, üzrlü səbəbin mütləq təsdiqedici sənədi olmalıdır (tibbi arayış, məhkəmənin, polisin, hərbi komissarlığın çağırış vərəqi, yol polisinin arayışı və sair).
Misalımıza davam edək. İşçinin işdə olmaması faktının rəsmiləşdirilməsi üçün 3 sənəd tərtib olunur:
- Üzrsüz səbəbdən işdə olmayan işçinin birbaşa tabe olduğu rəhbərinin və ya kadrlarla iş şöbəsinin müdirinin xidməti yazısı;
- İşçinin izahatı;
- İşçinin iş vaxtında işdə olmamasını əks etdirən akt.
Xidməti yazının nümunəvi forması
“Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Satış şöbəsinin müdiri
Qafarov Malik Abbas oğlu tərəfindən
Xidməti yazı
İşçinin iş vaxtında işdə olmaması haqqında
Rəhbərlik etdiyim şöbənin reklam üzrə mütəxəssisi Nəsibov Amil Seymur oğlu 15 avqust 2019-cu il tarixində bütün iş günü ərzində (səhər saat 9:00-dan axşam 18:00-dək) iş yerində olmamışdır. İşçi işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir.
Gün ərzində işçi və qohumları ilə 050 _________ nömrəli mobil və 012 __________ ev telefonu ilə əlaqə yaratmaq cəhdləri uğursuzluqla nəticələnmişdir.
___________ Qafarov M.A.
15 avqust 2019-cu il
İşçinin işdə olmamasını rəmiləşdirən aktın nümunəvi forması
“Alov” MMC
AKT №_____
İşçinin iş vaxtında iş yerində olmaması haqqında
Bakı şəhəri 15 avqust 2019-cu il
Akt Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı tərəfindən, baş mühasib Səlimova Sultanə Sahib qızının və hüquqşünaş Əliyev Sabir Rüstəm oğlunun iştirakı ilə aşağıdakı faktın təsdiqi məqsədilə tərtib olunmuşdur.
10 oktyabr 2019-cu il tarixində, saat 9:00-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparımış yoxlama nəticəsində Satış şöbəsinin reklam üzrə mütəxəssisi Nəsibov Amil Seymur oğlunun iş yerində olmaması müəyyən edilmişdir.
Yuxarıda adları çəkilən işçilərin iştirakı ilə həmin gün, saat 11:00, 14:00 və 16:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş günün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir.
Satış şöbəsinin müdiri Qafarov Malik Abbas oğlu şifahi izahatında bildirmişdir ki, işçiyə işdənkənar heç bir tapşırıq verməmişdir.
Akt 1 (bir) nüsxəsi insan resursları şöbəsində saxlanılmaq, 1 (bir) nüsxəsi işçiyə təqdim olunmaq şərti ilə 2 (iki) nüsxədə tərtib olunmuşdur.
Aktı tərtib etdi:
Kadrlarla iş şöbəsinin müdiri Ağazadə N.H.
Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:
Baş mühasib ________Səlimova S.S.
Hüquqşünaş _________Əliyev S.R.
Aktla tanış oldum və 1 (bir) nüsxəsini qəbul etdim: _____ Nəsibov A.S.
Tarix_________
İndi isə işçinin izahatının nümunəvi formasına nəzər salaq:
“Alov” MMC-nin direktoru
Nəbili Nüsrət Nadir oğluna
Satış şöbəsinin reklam üzrə mütəxəssisi
Nəsibov Amil Seymur oğlu
tərəfindən
İZAHAT
İş vaxtında iş yerində olmamaq haqqında
15 avqust 2019-cu il tarixində bütün iş günü ərzində (səhər saat 9:00-dan axşam 18:00-dək) iş yerində olmamışam. Buna səbəb işə gəldiyim 39 nömrəli avtobusun yol-nəqliyyat hadisəsi törətməsi olub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri almışam və 5 nömrəli şəhər xəstəxanasında mənə ilkin tibbi yardım göstərildikdən sonra axşam saatlarında evə buraxılmışam.
Qoşma: 5 nömrəli şəhər xəstəxanasının arayışı, 1 (bir) nüsxə, 1 (bir) vərəq.
___________ Nəsibov A.S.
16 avqust 2019-cu il.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
1 Komment
Ehmed Eliyev 17 Avqust 2022
Salam işden on beş(15)deqiqe tez çıxmağa göre(17:45 de işden getmişem) nece yazılır izahat?
Şərh yazın