İqtisadçı ekspert: "Standartlar mühasiblər üçün deyil, onları işə götürənlər üçündür"
Ekspert Qalib Toğrul “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa gözlənilən dəyişiklikləri ümümən müsbət qiymətləndirdiyini bildirib. Ekspertin fikrincə, beynəlxalq standartlar əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartalarının keçidilə bağlı çətinliklərin əsas səbəbi “Mühasib” peşəkar standartının olmamasıdır: “Biz bəhs etdiyimiz standartı rəsmi açıqlamalarda deyildiyi kimi meyarlar da adlandıra bilərik, bu, mahiyyəti dəyişmir. Əsas məsələ mühasiblərə olan tələblərin müəyyənləşdirilməsidir”.
Mühasiblərə tutduğu vəzifələrə, görəcəkləri işlərə uyğun olaraq tələblər müəyyənləşdirməli olduğunu deyən ekspertin qənaətinə görə, ilkin olaraq iki səviyyə və onların da daxilində subsəviyyələr müəyyənlədirmək mümkündür: “Səviyyə dedikdə, mən nəyi nəzərdə tuturam? Məsələn, mühasibat uçotunun aparılması və hesabatların tərtibi kimi səviyyələr müəyyənləşdirmək olar. Mühasibat uçotunun aparılması səviyyəsində subsəviyyələr kimi ilkin sənədlərin tərtibi, uçotu, məlumatların reqistlərə işlənilməsi və təsərrüfat fəaliyyətinin nəticələrinin yekunlarının ümüumiləşdirilməsi fəaliyyətləri qeyd oluna bilər. İkinci, daha yüksək səviyyənin daxilinə isə maliyyə (mühasibat) hesabatlarının tərtibi, vergi uçotu, hesabatlılığı, pul vəsaitlərinin idarə olunması, maliyyə təhlilləri kimi məsələləri aid etmək mümkündür”. Tələblərdə (meyarlarda) mütləq hər səviyyənin (subsəviyyənin) əmək funksiyalarının da qeyd olunması vacibliyini vurğulayan ekspertin fikrincə, bu, hər səviyyə haqqında daha aydın təsəvvür yaranmasına kömək edərdi.
Qalib Toğrul hesab edir ki, müəyyənləşdirilən meyarlara keçid planı tərtib olunmalı, mərhələlər və hər mərhələyə uyğun vəzifələr müəyyənləşdirilməlidir: “Birdən-birə bütün təsərrüfat subyektlərindən tələb etmək olmaz ki, meyarlara əməl etsin, bu, xoşagəlməz nəticələrə səbəb ola bilər. Bir məsələ də var ki, onsuz da yeni standartların tətbiqi ilə bağlı gecikmişik. Sirr deyil ki, xüsusilə, sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması ilə bağlı ciddi nöqsanlar var, vergi uçotu mühasibat uçotunu, belə demək mümkünsə, sıxışdıraraq daha önə çıxıb. Ancaq Vergilər Nazirliyinin yeni rəhbərinin son çıxışları və Maliyyə Nazirliyinin mütəxəssislərinin son addımları bu sahədə növbəti ildən başlayaraq ciddi tədbirlər görüləcəyininin ilk siqnallarıdır”.
Ekspert standartların əslində işəgötürənlər üçün seçim imkanı verdiyini iddia edir: “Standartlar mühasiblər üçün deyil, onları işə götürənlər üçündür. Əslində, mühasiblər üçün vəzifə təlimatları da bu standartın əsasında hazırlanmalı və real olmalıdır. Ucdantutma bütün mühasiblərdən “standartlara uyğun olmalısan” tələb etmək ağır sosial nəticələrə səbəb ola bilər və bu, birmənalı olaraq yanlışdır. Azərbaycanda yeni standartları bilən və uğurla tətbiq edən savadlı və təcrübəli mühasiblər çoxdur, amma bütün hallarda hər bir mühasibdən gördüyü işə, əmək funksiyalarına uyğun bilik və təcrübə tələb olunmalıdır, hamıya ən yüksək standart tətbiq etmək yolverilməzdir”.
1 Komment
Memmed 25 Aprel 2018
Salam hormetli Qalib Togrul muellim men bilmek isterdimki yeni tetbiq olunacaq standartlar Beynelxalq Muhasibat Ucotu Standartidir yoxsa Milli Muhasibat Ucotu standarti. Yeni dovre uygun olaraq hansi ucotu oyrenek.Melumat ucun qeyd edibki Sizin 2012-ci ilde nashiri oldugunuz kitab mende var orada Milli Muhasibat ucotu Standartidir.
Şərh yazın