İlqar Əsədovun təqdimatında: Şəxsi debet kartlarına daxil olan və çıxan vəsaitlərin vergi öhdəliyi

İlqar Əsədovun təqdimatında: Şəxsi debet kartlarına daxil olan və çıxan vəsaitlərin vergi öhdəliyi

Bir çox fərdi sahibkarlar, müəssisə direktorları, təsisçilər və digər vətəndaşlar özlərinə məxsus şəxsi debet kartının vergi orqanları tərəfindən izlənildiyini düşünür və buna görə narahat olurlar. Məsələyə keçmiş bank əməkdaşı, mühasibat üzrə mütəxəssis İlqar Əsədov aydınlıq gətirib.

Şəxsi debet kartlar bank məhsuludur və bankın təqdim etdiyi xidmət məhsullarından biridir. Debet kartların üstünlüyü şəxsin öz vəsaitindən qanun və bank limitləri çərçivəsində istədiyi vaxt istədiyi formada sərəncam verə bilməsinin mümkünlüyü, digər şəxslər tərəfindən özünə çatası vəsaitlərin qəbulunun rahat və sürətli olmasındadır. Bu və digər bir çox üstünlüklərə malik həmin bank məhsullarının tamamilə nəzarətsiz qaldığını düşünmək sadəlövhlük olar. Lakin məsələ heç də çoxlarının düşündüyü kimi qəliz və qaranlıq deyil.

İlk növbədə, bilməlisiniz ki, debet kartlarınız ilə əməliyyatlar arxa planda kart hesabı adlı hesab vasitəsi ilə tənzimlənir, idarə edilir. Bu bir bank məhsulu olduğu üçün onu əldə edərkən bank ilə müqavilə bağlayırsız.

Sizin kartınız vasitəsilə etdiyiniz əməliyyatlar bank sirrini təşkil edən məlumatlardır. Belə məlumatlar isə qanunla qeyd edilmiş hallar istisna olmaqla yalnız kart sahibinin özü və bank tərəfindən bilinir. “Banklar haqqında” Qanuna əsasən, bank sizin bank hesabınız, hesab üzrə əməliyyatlarınız və qalıqlarınız, habelə sizin haqqınızda digər məlumatların, o cümlədən sizin adınız, ünvanınız, rəhbərləriniz haqqında məlumatların sirrinə təminat verir. Sizin bank sirrini təşkil edən məlumatlar Mülki Məcəlləyə uyğun olaraq maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə həbs qoyulması, tələb yönəldilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir.

Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi Vergi Məcəlləsinin 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə nəzər saldıqda görə bilərsiniz ki, bu cür məlumatların vergi orqanına verilməsi vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Yəni, əgər siz vergi ödəyicisi deyilsinizsə, çox da narahat olmaya bilərsiniz.

Vergi orqanlarının əməkdaşlarının sayı və maddi texniki bazası bütün ölkə əhalisini təqib etməyə, onların kart məlumatlarını izləməyə imkan vermir. Ona görə də şəxsi debet kartınız vasitəsilə iri həcmli və ələxsus da olduqca tez-tez təkrarlanan oxşar əməliyyatlar etmədiyiniz təqdirdə narahat olmağa dəyməz.

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təqvim ili ərzində alınmış hədiyyələrin 1000 manatadək hissəsi vergidən azaddır. Belə hədiyyə ailə üzvündən alınmışdırsa isə tam həcmdə gəlir vergisindən azaddır. Vergidən azad olunmuş gəlirlər isə vergi orqanlarına ümumiyyətlə maraqlı deyil.

Lakin bu o demək deyil ki, sizin kartınıza daxil olan bütün pul hədiyyə kimi dəyərləndirilə və 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb edilə bilər. Əhalinin bu cür əməliyyatlarının izinə düşməyə nə bank idarələrinin, nə də vergi orqanlarının vaxtı və imkanı vardır. Vətəndaşa olduqca müxtəlif səbəblərdən və mənbələrdən ödəniş köçürülə bilər və həmin daxil olan pul vəsaitini izləmək bir yana, onun vergiyə cəlb edilməli olduğunu da hələ sübut etmək lazımdır. Bu cür sübut isə məhkəmə qaydasında mümkündür.

Yuxarıda da qeyd etdiyimiz kimi, iri həcmli və mütəmadi xarakterli oxşar əməliyyatlarınız vergidən yayınma halı kimi dəyərləndirilə bilər. Adətən, belə hallar dərhal deyil bir müddət sonra ortaya çıxa bilən əməliyyatlardır. İri həcmli köçürmələr və daxilolmalar isə nəinki vergidən yayınma, həttacinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə yönəlik əməliyyat kimi də dəyərləndirilə bilər. Təbii ki bu, əsas etibarı ilə xarici kartlara və ya hesablara köçürməniz zamanı şübhələnməyə əsas verəcəkdir. Ölkə daxili köçürmələrinizdə də 5 rəqəmli köçürmələriniz mütəmadi xarakter daşısa, müvafiq qurumları maraqlandıra bilər. Vergi orqanlarını isə burada sizin əməkhaqqı, dividend və digər rəsmi gəlirləriniz ilə köçürülən məbləğlərin uyğunluq təşkil etməsi maraqlı olacaqdır.

Çalışdığı müəssisənin əməliyyatlarını düzgün təşkil edən direktor, qanunun tələblərinə riayət edən fərdi sahibkar şəxsi əməliyyatlarına görə narahat olmaya bilər. Məhdud məsuliyyətli müəssisənin təsisçiləri isə müəssisəyə bağlı olmayan, onun əməliyyatlarına görə məsuliyyət daşımayan, yalnız qoyduqları maya nisbətində risk daşıyan şəxslər olduqlarından onlar da adi vətəndaş kimi dəyərləndirilirlər.

Mənbə: Vergiler.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Rəhimov Rüfət 03 Mart 2022

    Salam ! Əgər Gəncədən Bakıya həkimlər təkmilləşdirmə kursuna göndərilirsə 12 günlük bunlara hansı ezamiyyə xərcləri ödənilməlidir ?

Şərh yazın