Brilyant Əliyeva və Şərəf Əsgərovanın təqdimatında: Həyatın yaşam sığortasının hesablanması

Brilyant Əliyeva və Şərəf Əsgərovanın təqdimatında: Həyatın yaşam sığortasının hesablanması

Sığorta fəaliyyəti həyat və qeyri-həyat (ümumi sığorta) sığortası olmaqla iki böyük sahəyə ayrılır. Sığortaçılar bu iki sahədən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər. Həyatın yığım sığortası ilə bağlı EKVITA şirkətinin partnyoru Şərəf Əsgərova və vergi məsləhətçisi Brilyant Əliyevanın şərhini təqdim edirik.
Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid beş sığorta sinfini əhatə edir:
- həyatın ölüm halından sığortası;
- annuitet sığortası;
- həyatın yaşam sığortası;
- əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;
- sağalmaz xəstəliklərdən sığorta.

Həyatın yaşam sığortası və annuitet sığortası qanunla həyatın yığım sığortasına aid edilir. Həyatın yığım sığortası sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılması formasıdır. Həm həyatın yaşam sığortası,həm də annuitet sığortası həyatın yığım sığortası formasına aid edilsə də, bu iki sığorta sinfinin arasında əsaslı fərqlər mövcuddur.
Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaolunanın vəfat etdiyi və ya sığorta müqaviləsində müəyyən edilmiş yaşa / müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini ehtiva edir. Bu o deməkdir ki, sığortaolunan həyatın yaşam sığortası müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər yaşadığı (və ya müqavilədə nəzərdə tutulmuş yaşa çatdığı) təqdirdə, sığortaçıdan müqavilədə nəzərdə tutulmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi alır. Sığortaolunan həmin müddətdə vəfat etdiyi təqdirdə isə sığorta məbləği faydalanan şəxsə (yəni sığortaolunanın varisinə) ödənilir. Beləliklə, həyatın yaşam sığortasının mahiyyəti ondan ibarətdir ki, həm sığortaolunanın müqavilədə nəzərdə tutulmuş müddət ərzində vəfat etdiyi, həm də bu müddətin sonuna qədər yaşadığı halda sığorta ödənişinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur.
Annuitet sığortası sığortaolunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması hallarında və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda onun xeyrinə pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur. Annuitet sığortası müqaviləsi üzrə yuxarıda göstərilən və müqavilədə əks olunan hallarda sığortaçı sığortaolunana aylıq, rüblük, yarımillik və ya illik ödənişlər verir (müqavilədən asılı olaraq). Məsələn, müəyyən yaş həddini keçmiş şəxsin əmək qabiliyyətinin məhdudlaşması və ya digər səbəblərdən gəlirlərinin azalması halında, annuitet sığortası müqaviləsində nəzərdə tutulan şərtlərə əsasən, şəxsin həmin yaşa qədər hər il ödədiyi sığorta haqqı müqabilində ona ömrünün sonunadək dövri sığorta ödənişi edilə bilər. Annuitet sığortası pensiya sığortası kimi də tanınır.
Mahiyyət baxımından həyatın yığım siğortası bank əmanətinə oxşasa da, siğortaolunanlar üçün faktiki əməkhaqqından daha çox gəlir əldə etmək imkanıyaratması onu daha üstün investisiya alətinə çevirir. Digər üstünlük də ondan ibarətdir ki, insanların həm də həyatı siğortalanır. Yəni siğorta müddəti ərzindəsiğortlaolunan vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə müddətin sonunda potensial olaraq toplanılacaq məbləğ siğorta şirkəti tərəfindən siğortaolunana və ya yaxınına ödənilir.
Yuxarıda qeyd olunan sığorta münasibətlərinin məntiqi nəticəsi olaraq müəyyən ödənişin edilməsi (müəyyən gəlirin əldə edilməsi) nəzərdə tutulduğundan məsələnin vergitutma baxımından da qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı vergi qanunvericiliyində nəzərdə tutulan əsas məqamlara nəzər yetirək.
Vergi Məcəlləsinin 102.1.8 maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğ fiziki şəxslər üçün gəlir vergisindən azaddır. Məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azadolma isə “Sosial siğorta haqqında” qanunun 15-ci maddəsi ilə tənzimlənir.
Misal 1. Tutaq ki, dövlət sektoru və neft sahəsində çalışan fiziki şəxsə ümumilikdə 3000 manat əməkhaqqı hesablanmışdır. Bu işçi vergiyə cəlb olunan gəlirinin 50 faizi həcmində həyatın yığım siğortası üzrə siğortalandığı halda müəssisə tərəfindən 1500 manat (3000x50%) sığorta haqqı olaraq siğorta şirkətinə, 1258 manat (digər 1500 manat məbləğdən məcburi dövlət sosial sığorta haqqı (MDSSH) və işsizlikdən sığorta haqqı (İSH) çıxıldıqdan sonra qalan məbləğ) isə işçinin əməkhaqqı hesabına köçürülür. Qeyd etmək lazımdır ki, qanunvericilik həyat sığortası olaraq sığorta şirkətinə köçürüləcək məbləği məhdudlaşdırmır, sadəcə azadolma tətbiq edilməsi üçün həddi müəyyən edir. Digər tərəfdən, əgər işçinin vergi azadolması tətbiq olunan hər hansı statusu vardırsa, müvafiq azadolma məbləği hesablanmış əməkhaqqının məbləğindən çıxılır.
Misal 2. Tutaq ki, yenə eyni məbləğdə əməkhaqqı (3000 manat) hesablanan fiziki şəxs özəl sektor və ya qeyri neft-qaz sahəsində fəaliyyət göstərir. Bu işçinin vergiyə cəlb olunan gəlirinin 50 faizi həcmində həyatın yığım siğortaı üzrə siğortalandığı halda müəssisə tərəfindən 1500 manat (3000x50%) siğorta haqqı olaraq siğorta şirkətinə, 1349 manat (digər 1500 manat məbləğdən MDSSH və İSH çıxıldıqdan sonra qalan məbləğ) isə işçinin əməkhaqqı hesabına köçürülür.
Təcrübədə elə hal mümkündür ki, işəgötürən 1500 manatın 22 faizini, yəni 330 manatı işçinin xeyrinə siğorta şirkətinə ödəsin. Bu halda, həmin məbləğ muzdlu işdən gəlir hesab olunacaq və nəticədə işçinin gəliri 3000 manat yox, 3330 manat hesablanacaq. Beləliklə, müəssisə siğorta şirkətinə cəmi 1830 (1500+330) manat ödəniş etmiş olsa da, onun yalnız 1665 manatı gəlir vergisi və MDSSH-dən azad olunur.
Qeyd. İşsizlikdən siğorta haqqından və 1 yanvar 2021-ci ildən hesablanacaq icbari tibbi siğorta haqqından azadolma qanunvericiliklə nəzərdə tutulmadığından hər bir halda işəgötürən və işçi tərəfindən tutulmalar tam əməkhaqqından hesablanmalıdır.
Vergi Məcəlləsinin 116.2 maddəsinə əsasən, fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.
Nəzərə almaq lazımdır ki, həyatın yığım siğortası üzrə siğorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən siğorta haqları ilə siğorta ödənişləri arasındakı fərq qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur və ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur (Vergi Məcəlləsi, maddə 99.3.9 və 123.4).
Hər hansı səbəbdən müqaviləyə xitam verilməsi halı.Vergi Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur. Bu halda işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığortaolunanın gəlirləri və gəlirlərindən tutulmuş vergi və sosial sığorta haqqı barədə müvafiq arayış alınmalı və işçidən tutulmalı olan vergi və sosial sığorta haqqı sığortaçı tərəfindən hesablanmalıdır.
İşəgötürən tərəfindən ödənilməli olan sosial sığorta haqları isə işəgötürənin özü tərəfindən hesablanıb ödənilməlidir. Bu məqsədlə sığortaçı və işəgötürən tərəfindən hesablamalar ödənişin aparıldığı (sığortaçı tərəfindən ödənişlərin aparılmalı olduğu) hesabat dövrü üçün bəyan edilməli və hər bir ay üzrə ayrılıqda hesablanmalıdır.
Fəxriyyə İkramqızı
Vergilər.az

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər