Altay Cəfərovun təqdimatında: İşçinin işdən azad edilməsi zamanı hesablaşmalar

Altay Cəfərovun təqdimatında: İşçinin işdən azad edilməsi zamanı hesablaşmalar

Təcrübədə işçinin işdən azad edilməsi zamanı işəgötürənlər, sahibkarlar, mühasiblər üçün maraq doğuran bəzi məqamlar var. Məsələn, işçinin bir ayda işdən azad olunması və qısa müddətdən sonra eyni ayda yenidən işə qaytarması zamanı rəsmiləşdirmənin aparılması, məcburi sosial sığorta və digər tutulmaların hesablanması kimi suallar ortaya çıxır. Mövzuya sərbəst auditor Altay Cəfərov misalla aydınlıq gətirir.

Misal: Dövlət müəssisəsi olmayan “AA” MMC-nin işçisi 10 oktyabr 2020-ci ildə işdən azad edilib. Ona 10 günlük əməkhaqqı kimi 300 manat, istifadə olunmamış məzuniyyətə görə 500 manat kompensasiya hesablanıb.Bir müddət keçdikdən sonra MMC rəhbərliyi həmin işçiyə yenidən ehtiyac olduğunu görüb, yeni təkliflərlə onu işə cəlb edib və 21 oktyabr 2020-ci ildə onunla yeni əmək müqaviləsi bağlanıb. Yeni müqaviləyə əsasən, ayın qalan 9 gün üçün 300 manat əməkhaqqı hesablanıb.

Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası Əmək Məcəlləsinin 83-cü maddəsində izah edilib. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Bu maddədən və Məcəllənin digər tələblərindən aydın olur ki, işçi işdən çıxan zaman müvafiq rəsmiləşdirilmələr aparılmalı və ona son haqq-hesab ödənilməlidir. Ən əsası, haqq-hesab işçiyə son iş günündə verilməlidir. Deməli, işçiyə son haqq-hesab bu formada ödəniləcəkdir:

300 manat əməkhaqqına görə sosial ödənişlər 55,5 manat hesablanır:

- (300 -200) *10% + 44 = 54 manat (məcburi sosial sığorta haqqı);

- 300 *0,5% = 1,5 manat (işsizlikdən sığorta haqqı).

Nəticədə 10 günlük ödəniləcək net əməkhaqqı 244,5 manat təşkil edir: 300 manat - 54 manat - 1,5 manat = 244,5 manat.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya isə belə hesablanmalıdır:

- (500 -200) *10% + 44 = 74 manat (məcburi dövlət sosial sığorta haqqının məbləği);

- 500 *0,5% = 2,5 manat (işsizlikdən sığorta haqqının məbləği).

İşçiyə ödəniləcək net kompensasiya məbləği 423,5 manat təşkil edir: 500 manat - 74 manat - 2,5 manat = 423,5 manat.

Ümumi ödəniləcək son haqq-hesab məbləği: 244,50 + 423,50 = 668 manat.

Baxdığımız misalda işçinin əmək müqaviləsinə 10oktyabr 2020-ci ildən xitam verilib, o, işdən azad edilibvə ona həmin tarixə olan son haqq-hesab ödənilib. Başqa sözlə desək, 10 oktyabr 2020-ci ildən “AA” MMC işçini tanımır və müəssisə ilə işçi arasında heç bir əmək münasibət olmur.

Sonradan 21 oktyabr 2020-ci ildə işçi yenidən işə daxil olduqda artıq onunla yeni əmək müqaviləsi bağlanılır, yeni əmək münasibətləri formalaşır. Burada əvvəlki əmək münasibətləri nəzərə alınmır. Hesablamalar və tutulmalar yeni əmək müqaviləsinə əsasən aparılır.

İşçi yenidən işə qəbul edildikdə “AA” MMC-nin tabel uçotunda həmin işçi üçün yeni sətir açılmalı və oktyabr ayında tabel uçotunda həmin işçinin adı iki yerdə yazılmalıdır:

- 10 oktyabr 2020-ci ilə kimi olan dövr

- 21 oktyabr 2020-ci ildən sonrakı dövr.

Beləliklə, 21 oktyabr 2020-ci ildən 31 oktyabr 2020-ci ilə kimi ayın qalan 9 gününə hesablanmış əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaqdır:

- (300 -200) *10% + 44 = 54 manat (məcburi dövlət sosial sığorta məbləği);

- 300 *0,5% = 1,5 manat (işsizlikdən sığorta haqqının məbləği).

Nəticədə, işçinin 9 günlük net əməkhaqqı 244,5 manat təşkil edir: 300 manat - 54 manat - 1,5 manat = 244,5 manat.

Fərqanə Allahverdiqızı

Vergilər.az

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

1 Komment

  1. Fidan 17 Dekabr 2020

    Sosial hesablamalarda 44 yox 6 manat gostermelisiniz. Texniki sehv olub yegin

Şərh yazın

Xəbərlər