Sahibkarların tez-tez qaldırdıqları bu sualın cavabını maliyyə üzrə mütəxəssis Ramin Ramazanov aydınlaşdırır.
Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin və xərclərin dəqiq əks etdirilməsi üçün onların uçotunu vaxtında və dəqiq aparmalı, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Vergi Məcəlləsinin 130.4-cü maddəsində göstərilir ki, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərtilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər.
Məcəlləyə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
Kassa metodunu tətbiq edən vergi ödəyicisi tərəfindən mal və xidmətlərə görə ödənişi hələ əldə etməyibsə, o zaman vergitutma obyekti yaranmır. Tutaq ki, vergi ödəyicisi 2020-ci ilin sentyabr ayı ərzində 100 min manat dəyərində xidmət təqdim edib və bu məbləğdə də elektron qaimə-faktura göndərib. 100 min manat dəyərində xidmət göstərilməsinə baxmayaraq, əgər bu xidmətə görə şirkətin bank və ya kassa hesabına ödəniş daxil olmayıbsa, vergi ödəyicisi heç bir gəlir vergisi ödəməyəcək. Əgər ödəmə 2021-ci ildə daxil olarsa, vergi öhdəliyi də 2021-ci ildə yaranacaq. Əgər həmin vergi ödəyicisi hesablama metodunu seçərsə, yuxarıda qeyd edilən dövr ərzində göstərilən xidmətə görə təqdim edilən elektron qaimədəki məbləğ 2020-ci il üzrə vergiyə cəlb edilməlidir.
Qısa desək, hesablama metodunda gəlir və xərc baş verdiyi anda uçota alınır və vergiyə cəlb edilir. Kassa metodunda isə gəlir və xərc yarandığı zaman deyil, onların ödənişinin alındığı zaman nəzərə alınır. Bir nüansı nəzərdən qaçırmayaq ki, vergi ödəyicisi mütləq bir vergi ili ərzində eyni metodu tətbiq etməlidir.
Kasssa metodu ilə hesablama metodu arasında fərq nədir?
Fərq seçilən uçot dövrü üçün gəlir və xərclərin əks etdirilməsi üsulundadır. Yəni sual bu cür qoyulur ki, hesabat dövrü ərzində hansı əməliyyatları xərc, hansını gəlir hesab etmək olar? Bilirik ki, müəssisənin mövcud olduğu və fəaliyyət göstərdiyi müddət ərzində pul daxilolmalarının hamısı gəlirlər, bütün ödənişlər isə xərclərdir. Ancaq metod seçimi zamanı bizi bütün dövr deyil, konkret bir dövr maraqlandırır.
Kassa metodunu seçən zaman pul vəsaitlərinin kassaya və ya hesablaşma hesabına istənilən mədaxili gəlir, uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və ya köçürmə isə xərclər hesab edilir. Bu vəziyyətdə, eyni dövr üçün gəlir və xərclər arasındakı əlaqə heç bir əhəmiyyət daşımır.
Hesablama metodunda müəyyən bir dövr üçün gəlirlər onların ödənişindən asılı olmayaraq, həmin dövr ərzində satılmış malların və xidmətlərin satış dəyəri hesab olunur. Xərc isə realizə olunan malların və xidmətlərin maya dəyəri, habelə müəssisə tərəfindən malların və xidmətlərin istehlakıdır. Bu isə təchizatçıya ödəniş edilib- edilməməsindən asılı olmur. Başqa sözlə, əgər sizin gəlirləriniz mühasibat xidmətlərindən formalaşırsa, bu zaman həmin xidmətlə əlaqəli olan dövrə aid hər şey – icarə, mühasibin maaşı, kommunal xərclər və s. xərclər hesab olunur. Bu isə o deməkdir ki, bütün bunlar məhz həmin mühasibat xidmətinin satılmasına imkan yaradıb.
Hesablama metodu və kassa metodu – bu, əməliyyatların qeydiyyatı üçün istifadə olunan mühasibat uçotunun iki üsuludur. İki metod arasındakı əsas fərq əməliyyatın qeydə alınma vaxtıdır. Vaxt keçdikcə iki üsulun nəticələri təxminən eyni olur. Deyilənləri qısa etsək:
- Hesablama prinsipi: əməliyyat və gəlir yarandıqda qeydə alınır və xərclər isə istehlak edildikcə qeyd olunur;
- Kassa prinsipi: əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunur. Xərclər pul vəsaitləri təchizatçılara və əməkdaşlara ödənildikcə nəzərə alınır.
Misal 1: Avqust ayında şirkət alıcıya 30.000 manat məbləğində məhsul satıb. Sifarişçi bu hesabı sentyabr ayında ödəyib. Kassa metodundan istifadə zamanı şirkət satışı sentyabr ayında, yəni pul vəsaitlərini aldığı zaman qeydə alır. Hesablama metodu üzrə uçot zamanı isə şirkət satışı avqust ayında, ona hesab-faktura verildikdə qeydə alır.
Misal 2: Şirkət avqust ayında 1.500 manat dəyərində reklam xidməti alır, sentyabrda isə onun dəyərini ödəyir. Kassa metodu zamanı şirkət xərcini sentyabr ayında, ödəniş etdiyi zaman nəzərə alır. Hesablama metodu uçotu zamanı isə şirkət bunu avqust ayında, e-qaiməni (xidməti) təchizatçıdan aldığı zaman nəzərə alır.
Mühasibat sahəsinin nümayəndələrinə hər iki anlayış yaxşı tanış olsa da, bütün hallarda aydınlıq gətirməkdən ötrü prinsipial fərqi aydınlaşdırmaq zəruridir. Hesablama metodu gəlir və xərclərin kassadan faktiki olaraq nağd pul qəbulu/xaric olunmasından asılı olmayaraq, yarandığı dövrdə tanındığını bildirir. Kassa metodu isə əksinə, hesabdan pulun faktiki köçürülməsi/silinməsi zamanı gəlir və ya xərcləri tanıyır.
Nəzərə almaq lazımdır ki, hansı metodu istifadə etməyindən asılı olmayaraq, alınmış avans məbləğləri mal və ya xidmətlər təqdim edilməyənədək gəlir kimi nəzərə alınmır. Həmçinin, mal və xidmətlərə görə ödənilmiş avans məbləği həmin mal və xidmətlər silinməyənədək xərc hesab olunmur.
Hansı metod daha üstündür?
Həm hesablama metodunun, həm də kassa metodunun üstünlükləri və çatışmayan cəhətləri mövcuddur. Hesablama metodunun populyarlığının səbəbi ondadır ki, bütün gəlirləri və xərcləri yarandığı anda nəzərə alır. Kassa metodunda isə bu, ancaq ödəmə gəldiyi zaman nəzərə alınır.
Metodların seçilməsi, əslində, şirkətin, müəssisənin vəziyyətindən asılıdır. Kassa metodunun tətbiqi icra üçün daha asandır. Çünki ödəmə sistemlərinin məlumatlarına əsaslanır. Bunlar kassa və ya bank sistemində əks olunur və həmişə ilkin sənədlərlə təsdiqlənir. Bundan əlavə, kassa metodunun nəticəsi olan mənfəət kassa qalığı ilə uyğun gəlir, yəni çox asanlıqla (nağd pulların hesablanılması) yoxlanıla bilir.
Hesablama metodu isə daha mürəkkəbdir və onun mənfəəti kassadakı qalıqla üst-üstə düşmür. Lakin əldə edilən mənfəət müəssisənin rentabelliyinin göstəricisi hesab edildiyindən hesablama metodunun daha böyük əhəmiyyəti vardır. Çünki gəlir, xərc və mənfəət bir-biri ilə əlaqəlidir. Əgər sizin debitorlar ödənişləri gecikdirir və ya müqaviləyə əsasən uzun müddətdən sonra ödəyirlərsə, kassa metodu daha sərfəlidir. Nəzərə alın ki, kassa metodu nə dəqiq maliyyə hesabatlılığı mənzərəsi yarada bilir, nə də gələcək planlaşdırmaya kifayət qədər imkan verir.
Kassa metodunun üstünlükləri:
- istifadədə çox sadədir, çünki yalnız ödənilmiş və ya əldə edilmiş nağd vəsaitləri nəzərə alır;
- şirkətlərin pul axınını çox rahatlıqla izləmək mümkündür;
- vergi öhdəlikləri ancaq vəsait daxil olduqda hesablanır;
Hesablama metodunun üstünlükləri:
- Debitor və kreditor borcların daxil edilməsi, şirkətin uzunmüddətli gəlirliliyi barədə daha dəqiq fikir əldə etməyə imkan verir.
Fərqanə ALLAHVERDİQIZI
Vergiler.az
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
mikayl 11 Oktyabr 2020
bes Müxabirləşmə.kassa ucotu neca apariliq meselen emek haqqi hesablama metodu ile bela olur İşçilərə Ə/H Hesablanib ----701-533=300 Ə/H Ödənib Kassadan ---533-221=282,5 Dsmf Ə/H Işçilərdən Pensiya Fonda hesablanıb 3%,10% ---533-522,1=16 Dsmf Ə/H Sosial Fonda hesablanıb 22% ,15%----701-522=59 Dsmf Ə/H/F, İşsizlikdən Sığorta haqqı hesab 0,5% ---- 701--522,2=1,5 Dsmf Ə/H Işçilər İşsizlikdən Sığorta haq, hesb 0,5% ----533--522,3=1,5 burda hesablama metodunda artiq emek haqqi odenib ya odenmeyib veya DSMF 22% odenib ya odenmeyib ferq etmedan (701) ile xerca aid edilir ve silinir,,yaxsi bes Kassa metodunda neca olur..axi kassa metodunda gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.demek emek haqqi hesablandiqda xerca aid ola bilmez ela DMSF(22%)de angaq kassdan odendikde siline biler..o zaman kassa metod muxbirlesma emek haqqi neca olur?
Şərh yazın