2019-cu ildə mənfəət və ya gəlir vergisi ödəyicisi olan bu il cari vergi ödəməsi ilə bağlı hansı metodu seçməlidir?

2019-cu ildə mənfəət və ya gəlir vergisi ödəyicisi olan bu il cari vergi ödəməsi ilə bağlı hansı metodu seçməlidir?

Anar Bayramovun müəllifi olduğu, yaxın günlərdə satışa çıxaracaq “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Kitabın öncəki səhifələrində gəlir və ya mənfəət vergisi ödəyicilərinin cari vergi ödəmələrinin hesablanması haqqında kifayət qədər məlumat verdik. İndi əksər vergi ödəyicilərinin 2020-ci il üzrə təqdim edəcəyi “Cari vergi ödəmələrin hesablanması haqqında” Arayışla bağlı maraqlı məqam haqqında məlumat vermək istəyirik. 2019-cu il üzrə gəlir və ya mənfəət vergisi ödəyicisi olan vergi ödəyici ötən il üzrə arayış hesablamalarında Vergi Məcəlləsinin 151.5-ci maddəsinə istinad etməli idi. Çünki həmin maddənin tələblərinə əsasən, əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri yalnız 151.5-ci maddəyə istinadən həyata keçirilməlidir. Artıq bu tip vergi ödəyiciləri 2020-ci ilin 4 rübünün hər biri üzrə cari vergi ödəmələrini 151.5-ci maddəyə istinadən edə bilməyəcək. Deməli, bu tip vergi ödəyiciləri Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin hesablanmasının digər 2 halını tətbiq etməlidir.

  • Cari vergi ödəməsinin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil etməlidir.

Açıqlama: Vergi ödəyicisinin mənfəət vergisi 2019-cu ildə 40 000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi 2019-cu ilin hər rübü ərzində 10 000 (40 000/4) manat məbləğində cari vergi ödəməsini həyata keçirməyi öz öhdəsinə götürür.  Yəni, vergi ödəyicisinin 2020-ci ilin 4 rüb üzrə dövriyyəsi əsas götürülmür, cari vergi ödəmələri sırf ötən ilin mənfəət vergisi üzrə hesablanır.

  • Cari vergi ödəməsinin məbləği bu rübdəki gəlirin həcminin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilməlidir.

Açıqlama: Vergi ödəyicisinin 2020-cu ilin 1-ci rübündə dövriyyəsi 30 000 manat, 2019-cu il ərzində ümumi gəliri isə 180 000 manat olub. Gəlirdən çıxılan xərclər 60 000 manat olduğu üçün mənfəət vergisi 24 000 manat ((180 000 – 60 000) x 20 faiz) təşkil edib. Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0,13-dür (24 000 / 180 000). Bu zaman I rüb üzrə cari vergi ödəməsi 3 900 manat (30 000 (I rüb üzrə dövriyyə) x 0,13 (əmsal) olacaq.

Sual oluna bilər ki, vergi ödəyicisinə birinci, yoxsa ikinci metodu seçmək daha faydalıdır? Fikrimizcə, əgər müəssisənin cari ildə mənfəətinin artması ehtimalı varsa, o zaman birinci metod seçilməsi daha məqsədəuyğundur. Müəssisənin fəaliyyətində zəifləmə proqnozlaşdırılırsa, o zaman ikinci metodu seçməyi tövsiyə edirik.

Sonda iki metodla bağlı bir vacib məqami bildirmək istəyirik ki, vergi ödəyicisi hər il aprel ayının 15-dək hansı metodu seçdiyi haqda vergi orqanlarına məlumat verməlidir. Əgər vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan, yəni ikinci metodu seçərsə, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda vergi orqanı Vergi Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan, yəni birinci metodu tətbiq edir.

Beləliklə, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

0 Komment

    Şərh yazın

    Xəbərlər