Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Burada işçilərin yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildiyi hallar nəzərdə tutulur. Həmin maddəyə fərqli yanaşmaların mövcüd olduğunu deyən iqtisadçı ekspert Anar Bayramov məsələyə aydınlıq gətirib.
Bəziləri hesab edir ki, maddənin bu şəkildə olması praktiki deyil, eyni zamanda mühasiblərə əlavə yük yaradır. Çünki aylıq əməkhaqqının hesablanması zamanı işçinin ezamiyyətdə olduğu günlərə fərqli yanaşma tələb edilir. Əmək münasibətləri üzrə ixtisaslaşmış bəzi mütəxəssislər isə hesab edirlər ki, Əmək Məcəlləsinin tələbi olduğu üçün işəgötürən aylıq əməkhaqqı hesablayarkən, işçinin ezamiyyə olduğu günlərə görə fərqli hesablama həyata keçirməlidir.
Misal: Tutaq ki, "A" MMC işçisini 2019-cu ilin dekabr ayında 5 günlük ezamiyyətə göndərib. İşçinin noyabr və oktyabr ayları üzrə əməkhaqqı 800 manat təşkil edib. Dekabr ayına düşən ezamiyyə günləri üçün işçinin əməkhaqqını hesablayaq.
Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqlarının cəminin həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
İndi misalımız üzrə mərhələli hesablamanı həyata keçirək:
Oktyabr ayı üzrə iş günlərin sayı və əməkhaqqı - 23 gün və 800 manat;
Noyabr ayı üzrə iş günlərinin sayı və əməkhaqqı – 20 gün və 800 manat;
Dekabr ayı üzrə iş günlərinin sayı və əməkhaqqı – 20 gün və 800 manat;
Dekabr ayında işçinin ezamiyyətdə olduğu iş günlərinin sayı - 5.
Ezamiyyə üzrə orta əməkhaqqının saxlanması şərti ilə əməkhaqqının hesablanması aşağıdakı kimi olacaq:
1 günlük orta əməkhaqqının hesablanması - (800 manat (oktyabr ayı üzrə əməkhaqqı) + 800 manat (noyabr ayı üzrə əmək haqqı)) / (23 gün (oktyabr ayı üzrə iş günlərin sayı);
20 gün (noyabr ayı üzrə iş günlərin sayı))= 37,21 manat;
Ezamiyyədə olan günlər üzrə əməkhaqqı – (37,21 manat (1 günlük orta əməkhaqqı) x 5 gün (ezamiyyədə olan iş günlərin sayı) = 186,05 manat;
Dekabr ayı üzrə işçinin ezamiyyədə olmadığı günlərə görə əməkhaqqı – (800 manat (dekabr ayı üzrə əməkhaqqı) / 20 gün (dekabr ayı üzrə iş günlərin sayı) x 15 gün;
ezamiyyə günləri istisna olmaqla, digər iş günləri) = 600 manat;
Dekabr ayı üzrə cəmi əməkhaqqı – (186,05 manat (ezamiyyə günləri üzrə əmək haqqı) + 600 manat (ezamiyyədə olmadığı günlərə əmək haqqı) = 786,05 manat.
Göründüyü kimi, bizim misalda işçiyə dekabr ayında 800 manat əməkhaqqı hesablanmalı olduğu halda, 5 gün ezamiyyədə olması səbəbindən hesablanan əməkhaqqı 786,05 manat təşkil etdi. İşçiyə az əməkhaqqının hesablanmasının səbəbi orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan oktyabr ayı üzrə iş günlərinin (23 gün) sayının dekabr ayı üzrə iş günlərinin (20 gün) sayından çox olmasıdır.
Orta əməkhaqqının saxlanması qaydası ilə hesablamalarda bəzi hallarda işçinin ezamiyyədə olduğu ayda əməkhaqqı arta bilər. Buna səbəb işçinin ezamiyyədə olduğu ayda iş günlərinin əvvəlki 2 aya nisbətən çox olması və ya əvvəlki iki ayda daha çox əməkhaqqı fonduna malik olmasıdır. Ezamiyyə günlərinin bu cür hesablanması həm işçi, həm də işəgötürənlərdə narazılıq yarada bilər. O səbəbdən də, Əmək Məcəlləsinə hazırlanacaq dəyişikliklərdə bu tip məsələlər nəzərə alınmalıdır.
Fərqanə ALLAHVERDİQIZI
Vergiler.az
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın