- 1 Komment
- 12 Sentyabr 2019
Altay Cəfərovun təqdimatında: "Əsas vəsaitlərin satışı ilə BÜTÜN halların MİSALLA izahı"
Təsərrüfat subyektlərində əsas vəsaitlərlə bağlı müxtəlif əməliyyatlar aparılır. Hər bir müəssisə və təşkilatda tez-tez rast gəlinən əməliyyatlardan biri əsas vəsaitlərin satışıdır. Əsas vəsaitlərin satışından mənfəətin, zərərin, gəlirlərin yaranması ilə bağlı məsələlər, xüsusilə təsərrüfat subyektlərində uçot, həmçinin vergitutma bazasına aid çətinliklərlə bağlı ortaya çıxan sualları iqtisadçı ekspert Altay Cəfərov şərh edir.
Misal: Tutaq ki, AA MMC-nin uçotunda ilkin dəyəri 5000 manat olan əsas vəsait vardır. Hesablanılmış amortizasiya 1000 manat və yenidən qiymətləndirmədən sonra balans dəyəri 6000 manat olmuşdur. MMC əsas vəsaiti 8000 manata satmaq istəyir.
Bundan əlavə, AA MMC-nin törəmə müəssisəsi vardır və qalıq dəyərin 2000 manat olan əsas vəsitini əvəzsiz olaraq törəmə müəssisə vermişdir.
AA MMC qalıq dəyəri 1000 manat olan əsas vəsaiti 400 manata satmışdır.
Göründüyü kimi, burada bir-birindən fərqli üç əməliyyat vardır. Sual meydana çıxır ki, bu əməliyyatlarda gəlir, xərclər neçə uçota alınmaldır.
Bunun üçün Vergi Məcəlləsinin 142-ci maddəsinə nəzər yetirməliyik.
Maddə 142. Aktivlər təqdim edilərkən gəlir və zərər
142.1. Aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
142.2. Aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin bu Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.
Birinci əməliyyatda gəlir 8000-(5000-1000) = 4000 manat olacaqdır. Baxmayaraq ki, burada əsas vəsait yenidən qiymətləndirilmişdir və onun dəyəri 6000 manat olmuşdur, gəlir kimi Məcəllənin 143-cü maddəsində formalaşan dəyər və təqdim edilmə dəyəri əsas götürülür.
İkinci əsas vəsait isə əvəzsiz olaraq verilmişdir. Bu halda da 142-ci maddədə açıqlamalar verilmişdir. Göründüyü kimi, qalıq dəyəri 2000 manat olan əsas vəsaitin bazar qiymətini hesablamalıyıq. Bazar dəyərinin hesablanılması Məcəllənin 14-cü maddəsi ilə tənzimlənir. Nəzərə alaq ki, həmin əsas vəsaitin bazar dəyəri 4000 manatdır. Bu halda isə əməliyyatdan gəlir (4000-2000) = 2000 manat olacaqdır.
Üçüncü əməliyyat da çox maraqlı bir haldır. Əsas vəsait zərərlə, yəni qalıq dəyəri 1000 manat olan əsas vəsait 400 manata satılmışdır. İlkin olaraq görünür ki, Məcəllənin 142.2.-ci maddəsinə görə uçotda və vergi hesabatlarında (400-1000) = (600) manat zərər kimi əks olunmalıdır. Amma əvvəlcə 142.1-ci maddəyə bir daha nəzər yetirməliyik. Maddənin sonunda əvəzsiz əsasla və ya güzəştli qiymətdə satılanda bazar qiyməti üzrə hesablamaların aparılması yazılmışdır. Odur ki, vergi orqanları aşağı dəyər ilə satılmış əsas vəsaiti güzəştli əsaslarla satılmış əsas vəsait kimi nəzərə ala bilər. Bu zaman bazar qiymətləri əsas götürüləcəkdir. Ola bilsin ki, həqiqətən də 1000 manatlıq əsas vəsaitin bazar dəyəri 400 manat olsun. Bu zaman həmin məbləğ 142.2-ci maddədə yazıldığı kimi yaranan 600 manat zərərə yazılacaqdır. Bazar dəyəri 400 manat yox, 1500 manat olacağı halda isə 142.2-ci maddə yox, 142.1-ci maddə əsas götürülməklə (1500-1000) = 500 manat gəlir yaranacaqdır.
Odur ki, vergi ödəyiciləri belə əməliyyatlarda çox diqqətli olmalıdır və heç bir normal əsas olmadan əsas vəsaitləri qalıq dəyərindən aşağı qiymətə təqdim etməməlidirlər. Belə əməliyyatlarda ƏDV məqsədləri üçün hesabatlara və uçota da düzgün yanaşılmalıdır.
Fəxriyyə İkramqızı
Vergiler.az
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
1 Komment
Azər Mahmudov 13 Sentyabr 2019
Mən şəxsi evimi girov qoyaraq bankdan kredit götürmüşdüm. bir müddət ödəniş etdikdən sonra elə alındı ki krediti vaxtında ödəyə bilmədim və bank tərəfindən məhkəməyə verildim. Məhkəmə isə mənzilimin Bankın mülkiyyətinə keçirilməsi haqda qətnamə çıxardı və mənzilim bankın mülkiyyətinə keçirildi. Bu proseslər gedərkən kreditimi 3 dəfəyə tam bağladım və mənzilimi geri qaytarılması üçün banka müraciət etdim. Bankdan mənə bildirdilər ki , mənzilin yenidən mülkiyyətçinin adına keçirilməsi üçün ƏDV ödəməliyəm. Öyrənmək istəyirdim vergi məcəlləsinə görə mən mənzilimi geri almaq üçün ƏDV ödəməliyəm ya yox?
Şərh yazın