Kənd təsərrüfatı istehsalına nələr aid edilir vəya edilmir? (ARAŞDIRMA YAZI)
"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə
Praktikada kənd təsərrüfatı istehsalının müəyyənləşdirilməsi ilə bağlı həmkarlarımız tərəfindən tez-tez səhvlərə yol verildiyinin şahidi oluruq. Ən çox rast gəlinən səhvlərdən biri balıqçılığın və yaxud meşə təsərrüfatının kənd təsərrüfatına aid edilməsidir. Digər bir yanlışlıq isə kənd təsərrüfatına birbaşa bağlı olan emal sahələrinin bu sektorun tərkibinə daxil edilməsidir.
Deyilənləri nəzərə alaraq gələcəkdə kənd təsərrüfatının vergi uçotu ilə bağlı səhvlərə yol verilməsinin qarşısının alınması məqsədilə iqtisadi fəaliyyət sahələrinin təsnifatına daha dərindən nəzər salmağa qərar verdik.
Əvvəla, onu bildirək ki, “İqtisadi fəaliyyət növləri təsnifatı” Azərbaycan Respublikası Dövlət Statsitika Komitəsi tərəfindən ölkədəki əksər mərkəzi icra hakimiyyəti qurumları ilə razılaşdırılaraq hazırlanıb. Təsnifatın hər seksiyası bölmə, qrup, sinif və altsiniflərdən ibarətdir. Beş pilləli strukturun anlaşılan ola bilməsi üçün bir nümunəyə baxaq.
Məsələn, təsnifata görə, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” A seksiyası sayılır. Bu seksiya 3 bölmədən ibarətdir:
- Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi;
- Meşə təsərrüfati və bu sahədə xidmətin göstərilməsi;
- Balıqçılıq və balıqyetişdirmə.
Hər bölmə isə bir neçə qrup, sinif və altsiniflərdən ibarətdir.
Bizi kənd təsərrüfatı, bir başqa sözlə, “Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi” maraqlandırdığından onun üzərində dayanacağıq. Göründüyü kimi “İqtisadi fəaliyyət növləri təsnifatı”nda kənd təsərrüfatı ayrıca seksiya deyil, meşə təsərrüfatı və balıqçılıqla birlikdədir. Buna səbəb beynəlxalq təsnifatlarda (məsələn, Avropa Birliyində istifadə olunan NACE təsnifatında) kənd təsərrüfatına ayrıca iqtisadi fəaliyyət növü kimi baxılmaması və milli təsnifatın beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
“Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi” (kənd təsərrüfatı) bölməsi 7 qrupdan ibarətdir:
- Birillik bitkilərin becərilməsi;
- Çoxillik bitkilərin becərilməsi;
- Bitkilərin çoxaldılmasi (əkilməsi);
- Heyvandarlıq;
- Heyvandarlıqla əlaqəli bitkiçilik;
- Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi;
- Ovçuluq və vəhşi heyvanların yetişdirilməsi və bu sahələrdə xidmətin göstərilməsi
“İqtisadi fəaliyyət növləri təsnifatı”na istinadən sadə şəkildə ifadə etsək, kənd təsərrüfatı istehsalı dedikdə, aşağıdakılar nəzərdə tutulur:
Bütün növ birillik bitkilərin becərilməsi:
- dənli, paxlalı, yağlı, lifli bitkilərin, çəltik, tərəvəz, bostan, kökümeyvəli və köküyumruların, şəkər qamışı, tütün, yem bitkiləri, yabani dərman bitkiləri və güllərin becərilməsi,
Bütün növ çoxillik bitkilərin becərilməsi:
- üzüm, tropik və subtropik meyvələrin, sitrus meyvələrin, tumlu və çəyirdəkli meyvələrin, qoz-findiq və sair giləmeyvə məhsullarının, digər ağaclarin, kol bitkilərinin və qərzəkli meyvələrin, yağlı meyvələrin,içki istehsali üçün bitkilərin, ədviyyat, ətriyyat və dərman bitkilərinin becərilməsi
Heyvandarlıq:
- südlük və ətlik iribuynuzlu mal-qaranın, camışların, at, eşşək və qatırların, dəvələrin və mayaların, qoyun və keçilərin, donuzların və ev (kənd təsərrüfati) quşlarının yetişdirilməsi, vəhşi heyvanların yetişdirilməsi, yumurta istehsalı, arıların becərilməsi, arı balının və arı mumunun istehsali, barama qurdunun yetişdirilməsi və barama istehsalı, xəz dərili heyvanlarin yetişdirilməsi və xəz dəri istehsalı
BAŞA DÜŞÜLÜR.
Bir vacib nüansı qeyd edək ki, təsnifatla kənd təsərrüfatı məhsullarının istehsalı ilə emalı bir-birindən ayrılıb. Onların sərhəddi çox incədir, ona görə də həmkarlarımıza diqqətli olmağı tövsiyə edirik. Məsələn, tütünün ilkin emalı (tütün yarpaqlarının qurudulması) kənd təsərrüfatı istehsalına daxil olsa da, tütün məhsullarının emalı və istehsalı artıq başqa seksiyada təsnif olunur. Və yaxud mənzərə bağçılığı, torpağın hazırlanması (torpaq işləri, düyü plantasiyalarının drenajı), komisiyon və kooperativ təşkilatları vasitəsilə kənd təsərrüfatı məhsullarının satışı kənd təsərrüfatına şamil olunmur.
Daha bir misal. Fərdi qaydada üzümdən şərab, zeytundan yağ hazırlanması kənd təsərrüfatı istehsalına daxildir, ancaq şərab istehsalı, zeytun istehsalı yox.
Aşağıdakılar birmənalı şəkildə kənd təsərrüfatı istehsalına təsnif edilmir:
- Dəniz heyvanlarının yetişdirilməsi;
- Kəsilmiş heyvanların dəri və gönlərinin istehsalı;
- Kakao istehsalı;
- Qəhvənin emalı;
- Çay və matı qarışığının hazırlanması;
- Südün emalı;
- Çapma və qaçış atlarının saxlanması üçün tövlələrin və atsürmə məktəblərinin fəaliyyəti;
- Didilmiş yunun istehsalı;
- Keçi südünün emalı;
- Lələk və tük istehsalı;
- Fermalarda qurbağaların, timsahların, və dəniz tısbağalarının yetişdirilməsi;
- Balıqların yetişdirilməsi;
- Mühafizə itlərinin öyrədilməsi;
- Ev heyvanlarının (itlər, pişiklər) öyrədilməsi və onlara qulluq;
Kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi dedikdə isə, bitkiçilik və heyvandarlıq sahələrində, kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə, əkilməyə (toxum fondunun formalaşdırılmasına) hazırlıq üzrə, ovçuluq və vəhşi heyvanlarin yetişdirilməsi sahələrində xidmətlərin göstərilməsi və irriqasiya sisteminin istismarı başa düşülür.
Qeyd edək ki, “İqtisadi fəaliyyət növləri təsnifatı”nın sonuncu, 3-cü versiyası Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramının 4-cü bölməsinin 4.1 bəndinə və TACİS Proqramının “Statistika standartları” komponentinə uyğun olaraq hazırlanıb. Təsnifat Avropa Birliyində İqtisadi fəaliyyət növləri təsnifatının (NACE) 2-ci redaksiyasına uyğunlaşdırılıb.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın