İlk olaraq mks.az-da: Nazirlər Kabineti Peşəkar mühasibin ali təhsil bilməcəsini çözdü

İlk olaraq mks.az-da: Nazirlər Kabineti Peşəkar mühasibin ali təhsil bilməcəsini çözdü

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 237 saylı, 22 may 2019-cu il tarixli qərarı ilə  “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları»nı təsdiq edib. Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin təhsili ilə bağlı fərqli fikirlə formalaşıb. İlk olaraq, Qaydalarının 2.10.2-ci bəndindəki imtahanda iştirak etmək istəyənlərin təhsili ilə bağlı bəndi nəzərdən keçirək:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti;

Namizədlərin təhsili ilə bağlı bir fikir formalaşmışdı ki, yalnız İQTİSADİ sahədə ali təhsil olanlar imtahandan iştirak hüququna malik olmalıdır. Bir variant da bildirilirdi ki, ali təhsilin hansı sahədə olmasından asılı olmayaraq, mütləq olaraq mühasibatlıq sahəsində 5 il staj lazımdır.

Mks.az saytı peşəkar mühasib olmaq istəyən namizədin təhsil məsələsi ilə bağlı Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Nazirlər Kabinetindən saytımıza bildiriblər ki, peşəkar mühasib sertifikatı ilə bağlı imtahanda iştirak etmək istəyən namizədlər təhsilinə görə iki qrupa bölünür:

1) Orta ixtisas təhsilli. Bu şəxslər mütləq olaraq iqtisadi sahədə orta ixtisas təhsili malik olmaqla yanaşı mühasibatlıq sahəsində 5 il staja malik olmalıdır.

2) Ali təhsilli.  Peşəkar mühasib sertifikatı almaq istəyən şəxsin ali təhsilinin hansı sahə üzrə almasının önəmi yoxdur. Bundan əlavə, qaydalarda ali təhsilli namizədlər üçün mühasibatlıq sahədə iş stajının olması tələbi də qoyulmayıb.

Nazirlər Kabinetinin açıqlamasından belə aydın olur ki, namizədin istər Azərbaycan Dövlət İqtisad Universtitetinin mühasibatlıq fakültəsini, istərsə də Azərbaycan Pedaqoji Universtitetinin tarix fakültəsini bitirməsindən asılı olmayaraq peşəkar mühasib sertifikatı almaq üçün imtahanda iştirak edə bilər. 

 

3 Komment

  1. rizvan 30 May 2019

    İqtisadi təhsil alması önəmlidir.İdman müəllimi və ya tarix müəllimi mühasib işləyə bilməz

  2. Gülzar 31 May 2019

    Mənim fikrimcə riyaziyyat fakultəsini bitirən və mühasib kimi stajı olmayan heç vaxt baş mühasib vəzifəsində işləyə bilməz.Baş mühasib olmaq üçün mütləq təcrübə olmalıdır.Mənim bunu 30 (otuz)il mühasib təcrübəsi olan bir şəxs kimi deyirəm.

  3. Şahin 24 İyun 2019

    Salam. Mühasibat sahəsində 43 il (ondan da 37 ilini baş mühasib kimi işləmiş) iş təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, iqtisad və ən əsasıda mühasibat sahəsində nəzəri bilikləri olmayıb və bu sahədə ən azından 3 il müxtəlif mühasibatlıq bölmələrində iş təcrübəsi olmayan şəxslər baş mühasib ola bilməzlər.Şəxsi həyat təcrübəmdə çox rast gəldiyim faktlara əsaslanaraq bildirirəm ki, hər hansı bir səbəbdən (ya işsizlikdən müvəqqəti qurtulmaq üçün və ya da tanış vasitəsi ilə) təsadüfən mühasibatlığa qəbul edilən əməkdaşlar, bir müddət işlədikdən sonra, ya başqa sərfəli iş, ya da ki,öz ixtisasları üzrə iş tapdıqları üçün işdən ayrılmışlar. Bu da sonda həmin əməkdaşın mühasib kimi yetişdirilməsinə sərf edilmiş çox qiymətli vaxt və maliyyə itgisi deməkdir.

Şərh yazın

Xəbərlər