Altay Cəfərovun təqdimatında: Elektron qaimə-faktura yoxsa Malların təhvil-qəbul aktı?

Altay Cəfərovun təqdimatında: Elektron qaimə-faktura yoxsa Malların təhvil-qəbul aktı?

Mks.az saytının eksperti, Auditorlar Palatasının Şura üzvü Altay Cəfərov Maliyyə Nazirliyinin rəsmi açıqlamasından əvvəl və sonra mks.az saytında elektron qaimə-faktura və malların təhvil-qəbul aktı ətrafında aparılan müzakirələrə yenidən münasibət bildirib. Həmin yazını təqdim edirik:

Təqdirəlayiq haldır ki, məsələ ilə bağlı ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Çoxillik təcrübəmdən çıxış edərək, mən də malların qəbulu, təhvili barədə fikirlərimi mks.az saytının oxucuları ilə bölüşmək istəyirəm.

İlkin olaraq, topdansatış və pərakəndə ticarət fəaliyyətlərinin formalaşması mərhələrinə nəzər yetirək. Əvvəllər topdansatış ticarət aşağıdakı mərhələlər üzrə həyata keçirilirdi və buna uyğun proqram təminatları formalaşdırılırdı.

  1. Malların satın alınması, anbara mədaxil olunması üçün cavabdeh şəxsə etibarnamə verilirdi.
  2. Etibarnamə əsasında mallar satıcılardan alınırdı və satıcı tərəfindən qaimə-faktura yazılırdı. Qaimə-fakturanı malları satan şəxsin anbardarı, baş mühasib, direktor imzalayırdı, alan şəxs isə etbarnamə əsasında imza atırdı.
  3. Daha sonra mallar alan şəxsin anbarına təhvil veriləndə şirkət daxili qaimə-faktura yazılırdı və proqram təminatından çap olunaraq təhvil verən (cavabdeh şəxs) və anbardar tərəfindən imzalanırdı.
  4. Bununla da mallar anbara mədaxil edilirdi.
  5. Satış prosedurunda da qaimə-faktura yazılırdı və anbardar, baş mühasib, direktor imzalayırdı, həmçinin alıcının nümayəndəsi sənədə imza atırdı.
  6. Son olaraq proqram təminatları da bu şəkildə qurulurdu.
    Pərakəndə ticarət də analoji olaraq formalaşdırılırdı. Sadəcə, pərakəndə ticarətdə mağaza satışından istifadə olunurdu.

Amma illər keçdikcə, biznes mühütü dəyişdikcə, müştəri, satıcı-alıcı münasibətləri təkmilləşdikcə, qaydalar da dəyişdi və  buna uyğun olaraq da sənədləşmə və proqram təminatları təkmilləşdi.

Məsələn, həm pərakəndə, həm də topdansatış ticarətdə səyyar satışlar geniş vüsət almışdır. Bundan əlavə, topdansatışda və pərakəndə ticarətdə satıcı tərəfindən malların çatdırılması daha da genişlənmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli fərmanı ilə “pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilib. İlkin olaraq qaydanın 3-cü maddəsinin giriş hissəsinə baxaq:

  1. Pərakəndə ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi

3.1. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan və topdansatış fəaliyyəti göstərən şəxslərdən satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir.

Göründüyü kimi 3-cü maddədə nəzərdə tutulan tələblər ancaq malları alan şəxsə aiddir. Yəni, alıcı malları alanda malların rəsmiləşdirilməsini 3-cü maddəyə uyğun aparmalıdır. Bundan əlavə, 3-cü maddədə olan bəndlərdə də “Malların təhvil-qəbul aktı”nın ancaq malların anbara təhvil verilməsi zamanı yazıldığı bildirilir.

Yazının əvvəlində qeyd etdiyimiz kimi cavabdeh şəxs malları alıcılardan alandan və ya gömrükdə rəsmiləşdirib idxal edəndən sonra onları anbara təhvil verəndə “Malların təhvil-qəbul aktı” yazılmalıdır. Buradan aydın olur ki, bu sənəd yalnız alıcı tərəfindən daxili sənədləşdirmə üçün istifadə edilməlidir. Hesab edirəm ki, belə rəsmiləşdirmə düzgündür.

Ancaq qeyd etmişdim ki, biznes qaydaları dəyişdiyindən sənədləşmə də ona uyğunlaşdırılmalıdır, təkmilləşdirilməlidir. Bəs, topdansatan şəxs malları səyyar formada və ya yerində çatdırılma şərtləri ilə satanda rəsəmiləşdirmə necə aparılmalıdır? Əvvəl baxaq ki, proses necə baş verir.

  1. Mallar anbardan cavabdeh şəxsə (ekspeditor və ya digər işçi) təhvil verilir və anbardan onun adına sənəd yazılır.
  2. Cavabdeh şəxs malları alıcının cavabdeh şəxsinə (adətən anbara, mağazaya və ya digər obyektə) təhvil verir.

İndi isə bu prosesin sənədləşdirilməsinə baxaq.

  • Birinci hal. Malların hərəkəti yuxarıda adı şəkilən qaydalarda nəzərdə tutulmuş “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə rəsmiləşdirilsə, yaxşı olar. Bu sənədlə artıq mallar bir cavabdeh şəxsdən digər cavabdeh səxsə keçir.

Mallar cavabdeh şəxsin məsuliyyətinə keçdiyindən yolda baş verə biləcək bütün risklər də onun üzərindədir. Mallar alıcıya təhvil veriləndə isə “Malların təhvil-qəbul aktı” yazılmalıdır. “Malların təhvil-qəbul aktı” satıcının yox, alıcının olmalıdır. Daha sonra ekspeditor mühasibatlığa hesabat verməlidir. Burada hesabat dedikdə, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə alınan malların miqdarı, məbləği və alıcıya aid olan malların təhvil-qəbul aktı ilə təhvil verilən malların miqdar və məbləğini nəzərdə tutan hesabatdan söhbət gedir. Sonda “Malların təhvil-qəbul aktı”na uyğun elektron qaimə-faktura yazılmalıdır.

  • İkinci hal. Birbaşa qaimə-faktura yazılmaqla da rəsmiləşdirmə aparıla bilər. Belə ki, 1 yanvar 2019-cu ildən Vergi Məcəlləsindən kağız əsaslı qaimə-fakturalar çıxarılıb, amma qaydalara görə, belə qaimə-fakturalar hələ də qüvvədədir.

İndi isə “Malların təhvil-qəbul aktı”nın formasına nəzər yetirək. Formada iki bəndin olduğunu görürük. Həmin bəndlərdə “satışı”, “alışı” kimi sözlər var. Birinci bənd yuxarıda qeyd etdiyimiz səyyar formada və digər analoji hallarda satışın həyata keçirilməsi zamanı, ikinci bənd isə artıq malların alışını təsdiq edən sənədlərin (qaimə-faktura, elektron qaimə-faktura və s.) olduğu zaman doldurulur. Belə çıxır ki, formanı həm malları satanlar, həm də alanlar istifadə edə bilər. Bildirim ki, sənədin kibrit formasında olması düzgün yanaşma deyil. Bundan əlavə, hər iki  bəndə diqqətlə baxsaq, görərik ki, forma alıcı şəxs tərəfindən malların anbara, digər ticarət obyektlərinə mədaxili zamanı istifadə olunur. Aşağıda da hər hansı satıcı haqqında məlumatlar nəzərdə tutulmayıb. Birinci halda malların satışı əvvəlcədən müyyənləşdiriılmədikdə (bu barədə yazının əvvəlində danışılıb), birbaşa satışda alıcı şəxs tərəfindən doldurur. Birinci bəndə bir ifadə diqqəti cəlb edir “.... satılmış mallar üzrə aşağıdakı cədvəl doldurulmaqla təhvil verilir”. Bu ilkin olaraq, satıcının öz blankını doldurulmaqla təhvil verməsi kimi başa düşülür. Amma satılmış malları alıcının blankında doldurmaqla da təhvil vermək mümkündür. Mallar təhvil verilən zaman yerində alıcının blankında satılan mallar doldurulur və satıcı tərəfindən alıcıya təhvil verilir.

İkincı halda artıq malların alış sənədləri var və alıcının cavabdeh şəxsi tərəfindən mallar anbara və ya ticarət obyektinə təhvil verilir.

Praktikada istifadə etdiyimiz başqa bir metodu da nəzərinizə çatdırmaq istərdim. Adətən, bir çox hallarda alıcı ilə satıcı arasında mallar əvvəlcədən razılaşdırılır. Belə olanda mühasibatlıq tərəfindən elektron qaimə-faktura yazılır, qaralamada saxlanılan elektron qaimə-faktura çap olunur və malları alıcıya çatdıran cavabdeh şəxsə verilir. Satıcının nümayəndəsi tərəfindən mallar faktiki olaraq alıcıya təqdim olunandan sonra (əlbəttə ki, orada malların miqdarında, çeşidində fərq ola bilər), qaralamada düzəlişlər olunur və tam düzgün elektron qaimə alıcıya göndərilir. Praktikada belə hallara çox rast gəlinir ki, təhvil-təslim prosesində miqdarda və çeşiddə xeyli fərqlər olur. Bu zaman kağız formada ilkin(qaralamada olan) çap edilmiş elektron qaimə-fakturada düzəlişlər edilir və elektron qaimə-fakturada müvafiq düzəliş olunduqdan sonra alıcıya göndərilir.

Hazırda bir çox topdansatış müəssisələri malları alıcılara təhvil verməmişdən əvvəl özlərinə məxsus “Malların təhvil-qəbul aktı” ilə təhvil verir və sonradan elektron qaimə təqdim edirlər. Amma yaxşı olar ki, qaydalara, blankın formasına dərindən nəzər yetirək.

Bildirim ki, çalışdığım topdansatış müəssisələrində yuxarıda qeyd etdiyim metodlardan istifadə edirik və  nə alıcılarla, nə də müəssisədə uçot baxımından probem yaşanır.

Sonda bir məsələni qeyd edim ki, Vergi Məcəlləsinin 58-ci maddəsində yazılıb:

58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları,.....

Yazının rəsmiləşdirmələr hissəsində qeyd etmişdik ki, malları səyyar və ya analoji formada satanda onların alıcının anbarına mədaxilini “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirmək olar. Sadə formada desək malların alışı elekron qaimə-faktura və ya “Malların alışı aktı” ilə təsdiq olunmayıbsa, onda 58.8.-ci maddə ilə maliyyə sanksiyaları tətbiq oluna bilər. Bundan qaçmaq üçün yaxşı olar ki, ilkin sənədlərin satıcının müqasibatlığına təhvil verilməsi prosesi texnologiyalardan istifadə edilməklə sürətləndirilsin ki, satıcı alıcıya elektron qaimə təqdim edə bilsin. Bu, artıq texniki məsələdir. Əks halda maliyyə sanlsiyasının tətbiqi mümkündür. 58.8.-ci maddədə konkret yazılıb ki, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları olmayanda sanksiya tətbiq edilir. Yuxarıda adı şəkilən qaydalara görə isə alış aktları dedikdə, ciddi hesabat blankı olan  “Malların alışı aktları” başa düşülür. “Malların təhvil-qəbul aktı” isə qaydalara görə, malların alışı üçün yox, anbara təhvili üçün nəzərdə tutulub.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər