Maliyyə Nazirliyindən malların təqdim olunmasının rəsmiləşdirilməsi ilə bağlı SÖN NÖQTƏ! (RƏSMİ CAVAB)

Maliyyə Nazirliyindən malların təqdim olunmasının rəsmiləşdirilməsi ilə bağlı SÖN NÖQTƏ! (RƏSMİ CAVAB)

Mks.az saytı olaraq, malların ticarət obyektlərinə təqdim olunmasının rəsmiləşdirilməsi ilə bağlı araşdırma yazı hazırlamışdıq. Bununla bağlı digər ekspertlər də fərqli fikir bildirmişdilər. Saytımız bu məsələ ilə bağlı olaraq Maliyyə Nazirliyinə rəsmi müraciət edib və aşağıdakı sualları ünvanlayıb:

  • “Malların təhvil-qəbul aktı” sənədi malların satıcıya təqdim olunması zamanı elektron qaimə-faktura yanaşı ilə təqdim olunmalıdır?
  • Əgər 1-ci sualda cavab “Bəli”dirsə, malı satan yoxsa alan şəxs tərəfindən sifariş olunan “Malların təhvil-qəbul aktı” sənəd doldurulmalıdır?
  • “Malların təhvil-qəbul aktı” sənədi təşkilatın daxili yoxsa xarici sənədi hesab olunur?
  • Elektron qaimə faktura tətbiq olunmadan, malları ilkin olaraq “Malların təhvil-qəbul aktı” sənədləri təqdim edilməsinə qanunvericilik icazə verir?

Mks.az saytı olaraq, Maliyyə Nazirliyinə operativ cavaba görə təşəkkür edirik. Maliyyə Nazirlyiinin aparatının rəhbəri cənab Namiq Süleymanovun imzaladığı 05 mart 2019-cu il tarixli məktubda bu məsələ il bağlı rəsmi mövqeni həmkarlarımıza təqdim edirik:

"Azərbaycan Respublikasının Maliyyə Nazirliyində mks.az saytının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Pərakəndə ticarət fəaliyyəti sahəsindəvergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda qeyd olunan “Malların təhvil-qəbul aktı” formasının tətbiqi ilə bağlı yaranmış bəzi sualların cavablandırılması ilə əlaqədar məktubuna baxılmışdır.

Bildiririk ki, yuxarıda qeyd olunan “İctimai iaşə sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1.1-ci maddəsinə əsasən pərakəndə və topdansatış sahələrində və ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

Bu Qaydaların 3.1.2-ci bəndinə əsasən “Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturanın da verilməsi tələb edilir və belə malların anbara verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

Həmin Qaydaların 3.2-ci bəndinə əsasən “Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir.Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.

Adıçəkilən Qaydaların 3.3-cü bəndinə əsasən “Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.

Qaydaların 3.4-cü bəndinə əsasən “İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.

Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (Forma № MTQA-1) formasının 2-ci hissəsinin məzmunundan göründüyü kimi adıçəkilən blankın həm satış, həm də alış zamanı istifadə olunması mümkündür.

Məlumat üçün qeyd edirik ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələblərinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdəidxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə həmin Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda maliyyə sanksiyaları müəyyən edilmişdir."

 
 
 

 

2 Komment

  1. Elmir 14 Mart 2019

    Salam.Rəsmi qaydada elektron qaimə ilə alınmış mallar geri qaytarılma (məhsulun saxlama müddətinin bitməsi və s. səbəblərdən) zamanı rəsmiləşmə necə həyata keçirilir.Şirkətlər deyirlər qaytarmanı rəsmiləşdirə bilmirik bu sahədə müvafiq mexanizm yoxdur.Zəhmət olmasa bu barədə məlumat verərdiniz.

  2. Cavid İmanov 17 Mart 2019

    Bu qayadalarda konkret olaraq malların təhvil-qəbul aktının kim tərəfindən tərtib edilməli olduğu açıqlanmayıb.Amma qaydalara nəzər yetirsək, 4.1-ci bənddə görərik ki,malları təqdim edən şəxsin belə bir sənədin tərtib etmək öhdəliyi yoxdur.Onda belə çıxır ki,malları alan adam tərtib etməlidir? Bu suala cavab tapmaq olmur.Əgər malı alan tərəf tərtib edirsə onda təhvil verdim yerinə kim imza edəcək.Malları gətirən adam,sürücü? Yəqin ki,sürücüyə də möhür verməzlər.Xahiş edirəm bu sualla bağlı mövqeyinizi bildirərdiniz.

Şərh yazın

Xəbərlər