«Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın təsdiq edilməsi haqqında Qərar № 89

«Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın təsdiq edilməsi haqqında Qərar № 89

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın təsdiq edilməsi haqqında

Qərar № 89

Bakı şəhəri, 14 mart 2017-ci il

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan

Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. «Elektron qaimə-fakturanın forması» təsdiq edilsin (1 nömrəli əlavə).
  2. «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları» təsdiq edilsin (2 nömrəli əlavə).
  3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elektron qaimə-fakturanın təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.
  4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.
  5. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir.

Azərbaycan Respublikasının Baş naziri

Artur RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (mart 2017-ci il, № 3(237), maddə 488) .

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 
2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə
təsdiq edilmişdir 1 nömrəli əlavə

Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin 
2017-ci il 14 mart tarixli
89 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə

Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi

Qaydaları

  1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Elektron qaimə-faktura — bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

1.4. Elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir.

1.5. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir.

  1. Elektron qaimə-fakturanın tərtib edilməsi

2.1. Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra- İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir.

2.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir:

2.2.1. elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi;

2.2.2. vergi ödəyicisinin və alıcının tam adı;

2.2.3. vergi ödəyicisinin və alıcının eyniləşdirmə nömrəsi (VÖEN);

2.2.4. əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.);

2.2.5. əlavə qeydlər;

2.2.6. sıra nömrəsi;

2.2.7. malın (işin, xidmətin) adı;

2.2.8. malın (işin, xidmətin) ölçü vahidi;

2.2.9. malın (işin, xidmətin) miqdarı, həcmi;

2.2.10. malın (işin, xidmətin) vahidinin buraxılış qiyməti;

2.2.11. malın (işin, xidmətin) cəmi məbləği;

2.2.12. aksizli mallarda aksizin dərəcəsi;

2.2.13. aksizli mallarda aksizin məbləği;

2.2.14. təqdim edilmiş malın (işin, xidmətin) cəmi dəyəri (ƏDV-siz);

2.2.15. ƏDV-yə cəlb edilən əməliyyatların məbləği (manatla);

2.2.16. ƏDV-yə cəlb edilməyən əməliyyatların məbləği;

2.2.17. ƏDV-yə «0» dərəcə ilə cəlb edilən əməliyyatların məbləği;

2.2.18. ƏDV-nin məbləği;

2.2.19. yekun məbləğ (rəqəmlə);

2.2.20. yekun məbləğ (yazı ilə);

2.2.21. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər və baş mühasib) vəzifəsi, soyadı, adı;

2.2.22. elektron qaimə-fakturanı alan şəxsin soyadı, adı, atasının adı;

2.2.23. ştrix-kod.

Qeyd. Ştrix-kod — sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan koddur.

2.3. Elektron qaimə-fakturada məbləğ Azərbaycan Respublikasının pul vahidi — manatla göstərilir.

2.4. Elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.

2.5. Elektron qaimə-fakturanın «Təqdim edən» rekvizitində malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinin tam adı və VÖEN-i, «Alıcı» rekvizitində isə malın (işin, xidmətin) alıcısının tam adı və VÖEN-i göstərilməlidir.

2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın «Əsas» rekvizitində öz əksini tapır.

2.7. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildiyi halda, elektron qaimə-fakturanın «Növü» rekvizitində «Dəqiqləşdirilmiş» qeydi seçilməklə dəqiqləşdirilən elektron qaimə-fakturanın seriyası, nömrəsi və dəqiqləşdirmənin səbəbi «Əlavə qeydlər» rekvizitində göstərilir.

2.8. Elektron qaimə-fakturanın bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən «0» (sıfır) kimi qəbul edilir.

2.9. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur:

2.9.1. «Sıra №-si» sütununda — alıcıya təqdim edilmiş malların (işlərin, xidmətlərin) adlarının ardıcıl nömrələri;

2.9.2. «Malın (işin, xidmətin) adı» sütununda — malın (işin, xidmətin) adları;

2.9.3. «Ölçü vahidi» sütununda — malın (işin, xidmətin) ölçü vahidi;

2.9.4. «Miqdarı, həcmi» sütununda — malın (işin, xidmətin) miqdarı (həcmi);

2.9.5. «Vahidinin buraxılış qiyməti» sütununda — malın (işin, xidmətin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan);

2.9.6. «Cəmi məbləği» sütununda — malın (işin, xidmətin) ümumi dəyəri;

2.9.7. «Aksiz» sütununda — müvafiq sütunlar üzrə aksizli mallar üzrə aksizin ümumi məbləği;

2.9.8. «Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz)» qrafasının cəmi sütununda — təqdim edilmiş malın (işin, xidmətin) ümumi dəyəri ilə aksizin məbləğinin cəmi;

2.9.9. «o cümlədən ƏDV-yə cəlb edilən» sütununda — təqdim edilmiş malın (işin, xidmətin) ƏDV-yə cəlb olunan dəyəri;

2.9.10. «o cümlədən ƏDV-yə cəlb edilməyən» sütununda — təqdim edilmiş malın (işin, xidmətin) müvafiq qanuna əsasən ƏDV-yə cəlb edilməyən dəyəri;

2.9.11. «o cümlədən ƏDV-yə «0» dərəcə ilə cəlb edilən» sütununda — təqdim edilmiş malın (işin, xidmətin) müvafiq qanuna əsasən ƏDV-yə «0» dərəcə ilə cəlb edilən dəyəri;

2.9.12. «ƏDV məbləği» sütununda — eyni bir sətir üzrə «ƏDV-yə cəlb edilən» sütununda göstərilən rəqəmin ƏDV-nin müvafiq qanunla müəyyən edilən dərəcəsinə vurulmaqla, proqram tərəfindən avtomatik hesablanır;

2.9.13. «Yekun məbləğ» sütununda — «təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz)» qrafasının «Cəmi» sütunundakı məbləğlə «ƏDV məbləği» sütunundakı məbləğlərin cəmi qeyd olunur;

2.9.14. «Cəmi» sətrində müvafiq bəndlərin sütunlarının cəm məbləğləri proqram tərəfindən avtomatik hesablanır. Elektron qaimə-faktura bir neçə səhifədən ibarət olduqda isə «Cəmi» sətri sonuncu səhifədə göstərilir.

  1. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi

3.1. Vergi ödəyicisi alıcıya elektron qaimə-fakturanı elektron formatda təqdim edir.

3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür.

3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

3.4. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

3.5. Elektron qaimə-fakturada alıcının VÖEN-i səhv göstərildikdə, elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat vergi ödəyicisinin e-qutusuna ötürülür, alıcının elektron qutusu olmadıqda isə çap edilərək birbaşa təqdim edilir.

3.6. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

3.8. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya təqdim edilmiş elektron qaimə-fakturanın dəqiqləşdirilməsinə zərurət yarandıqda, elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

Qeyd. Bu Qaydaların 3.4-cü və 3.8-ci bəndlərində nəzərdə tutulan hallarda elektron qaimə-faktura çap edildiyi halda «Təhvil aldım» bölməsi vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcı tərəfindən doldurulur.

  1. Elektron qaimə-fakturanın uçotunun aparılması

4.1. Elektron qaimə-fakturanın uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi — AVİS vasitəsilə həyata keçirilir.

4.2. Elektron qaimə-fakturanın seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron qaimə-fakturanın eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir.

0 Komment

    Şərh yazın