BƏD XƏBƏR! Dəqiqləşdirilmiş vergi bəyannamələrinin sayına məhdudiyyət tətbiq ediləcək? (2-ci yazı)
MKS Academy tərəfindən 17 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktiki misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
1 yanvar 2027-ci il tarixindən Vergi Məcəlləsində qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. MKS.az olaraq, hər il olduğu kimi, bu dəfə də təklif edilən dəyişikliklərin geniş izahını və praktik misallarla şərhini oxucularımıza təqdim edəcəyik.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsinə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Qanun layihəsinə əsasən, vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə 3 dəfə, iri sahibkarlıq subyektlərinə münasibətdə isə 5 dəfə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməsinə imkan verilməsi nəzərdə tutulur.
Təklif edilən qaydaya görə, müəyyən edilmiş say həddinə çatdıqdan sonra vergi ödəyicisinin növbəti dəqiqləşdirilmiş bəyannaməni təqdim etməsi üçün müvafiq hesabat üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında münasibət bildirilməsi tələb olunacaq.
Təklif edilən layihədən göründüyü kimi, dəqiqləşdirilmiş bəyannamələrin sayına tətbiq ediləcək məhdudiyyət vergi ödəyicisinin sahibkarlıq subyekti kimi hansı kateqoriyaya aid olmasından asılı olacaq.
Belə ki, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün 3 dəfə, iri sahibkarlıq subyektləri üçün isə 5 dəfə dəqiqləşdirilmiş bəyannamə təqdim etmək imkanı nəzərdə tutulur.
Dəyişikliyi misalla izah edək.
Misal. Kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisi 2027-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsini təqdim etdikdən sonra həmin bəyannamədə müəyyən yanlışlıqlar aşkar edir. Vergi ödəyicisi həmin hesabat dövrü üzrə üç dəfə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edir. Daha sonra əlavə yanlışlıq aşkar etdiyindən dördüncü dəfə dəqiqləşdirilmiş bəyannamə təqdim etmək istəyir.
Təklif edilən dəyişiklik qəbul olunarsa, vergi ödəyicisinin dördüncü dəqiqləşdirilmiş bəyannaməni təqdim etməsi üçün əvvəlcə müvafiq hesabat üzrə vergi orqanının kameral vergi yoxlaması qaydasında münasibət bildirməsi tələb olunacaq.
0 Komment
Şərh yazın