İNQİLABİ DƏYİŞİKLİK! İşçi işlədiyi müddətdə 21 günlük əmək məzuniyyətinə görə kompensasiya ala bilməyəcək (1-ci yazı)

İNQİLABİ DƏYİŞİKLİK! İşçi işlədiyi müddətdə 21 günlük əmək məzuniyyətinə görə kompensasiya ala bilməyəcək (1-ci yazı)

2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. Təklif edilən dəyişikliklərin əsas məqsədlərindən biri əmək qanunvericiliyinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq Konvensiyasının tələblərinə uyğunlaşdırılmasıdır.

MKS.az olaraq Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verəciyik.

Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək məzuniyyətinin əsas hissəsi 21 təqvim günündən az olmamalıdır.

Yeni dəyişiklik layihəsinə əsasən, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal, yəni əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna olmaqla, minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz olunmasının qadağan edilməsi təklif edilir.

Beləliklə, dəyişiklik qəbul edilərsə, işçi əmək münasibətləri davam etdiyi müddətdə minimum 21 təqvim günlük əmək məzuniyyətindən faktiki istifadə etməli, yaxud qanunvericiliklə müəyyən edilmiş hallarda həmin məzuniyyət başqa vaxta keçirilməlidir.

Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən baxılmış) 132 nömrəli Konvensiyasının 3-cü maddəsinə əsasən, bir illik xidmət dövrünə görə ödənişli illik məzuniyyətin müddəti heç bir halda üç iş həftəsindən az ola bilməz.

Konvensiyanın 12-ci maddəsində isə minimum ödənişli illik məzuniyyət hüququndan imtina edilməsi və ya həmin məzuniyyətdən istifadə edilməməsi müqabilində pul kompensasiyası və yaxud digər formada razılaşmaların milli şəraitə uyğun olaraq etibarsız hesab edilməsi və ya qadağan olunması nəzərdə tutulur.

Bu baxımdan, Əmək Məcəlləsinə təklif edilən dəyişiklik işçinin istirahət hüququnun təmin edilməsinə və minimum əmək məzuniyyətinin faktiki istifadəsinin təşviqinə xidmət edir.

Misalla izah edək. İşçinin müvafiq iş ili üzrə 30 təqvim günü əmək məzuniyyəti hüququ var və o, həmin məzuniyyətdən istifadə etməyib.

Təklif edilən dəyişiklik qəbul olunarsa:

  • 21 təqvim günü – minimum əmək məzuniyyəti hesab edildiyindən, əmək münasibətləri davam etdiyi müddətdə pul kompensasiyası ilə əvəz oluna bilməz.

  • 9 təqvim günü – minimum müddətdən artıq olan hissədir və qanunvericiliyin digər tələbləri nəzərə alınmaqla kompensasiya ilə əvəz edilməsi mümkün ola bilər.

Beləliklə, işçi minimum 21 təqvim günlük əmək məzuniyyətindən istifadə etməli və ya qanunvericilikdə nəzərdə tutulan hallarda həmin məzuniyyətin başqa vaxta keçirilməsi məsələsi həll edilməlidir.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər paketində əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi məsələlərinə də aydınlıq gətirilməsi nəzərdə tutulur. Layihədə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi halları daha dəqiq müəyyən edilir və müvafiq hüquqi tənzimləmələrin təkmilləşdirilməsi təklif olunur.

MKS.az olaraq əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı təklif edilən dəyişiklikləri növbəti yazılarımızda praktik misallarla izah edəcəyik.

 

 “Vergi uçotu: A-dan Z-yə” təliminə qeydiyyat davam edir

8 praktik dərsdən ibarət təlimdə vergi uçotunun əsas istiqamətləri, o cümlədən elektron qaimə-fakturaların və alış aktlarının hazırlanması, təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, vergi bəyannamələrinin praktiki tərtibi və digər aktual məsələlər izah ediləcək.

Keçirilmə vaxtı: Noyabr 2026
Format: Onlayn (ZOOM)
Müddət: 8 dərs

Hər dərsin video yazısı dərsdən sonra iştirakçılara göndəriləcək.

TƏLİM VİDEOLARINA DAİMİ GİRİŞ İMKANI!

İştirakçılar təlim başa çatdıqdan sonra da video dərsləri istədikləri vaxt təkrar izləyə biləcəklər.

Qeydiyyat və ətraflı məlumat:
050 / 055 368-12-72
mksacademy2022@gmail.com

MKS Academy
Öyrətmək savab, öyrənmək qazancdır!

0 Komment

    Şərh yazın