ƏLA TƏKLİF! Vergilərin gec ödənilməsinə görə hesablanan faizlərin 50 faiz azaldılması təklif edilir (1-ci yazı)

ƏLA TƏKLİF! Vergilərin gec ödənilməsinə görə hesablanan faizlərin 50 faiz azaldılması təklif edilir (1-ci yazı)

1 yanvar 2027-ci il tarixindən Vergi Məcəlləsində qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. MKS.az olaraq, hər il olduğu kimi, bu dəfə də təklif edilən dəyişikliklərin geniş izahını və praktik misallarla şərhini oxucularımıza təqdim edəcəyik.

Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Təklif edilən dəyişiklik nədən ibarətdir?

Qanun layihəsinə əsasən, 1 yanvar 2027-ci il tarixindən vergilərin gec ödənilməsinə görə hesablanan gündəlik faiz dərəcəsinin iki dəfə azaldılması nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsində müəyyən edilən 0,1 faizlik dərəcənin 0,05 faizə endirilməsi təklif olunur.

Dəyişikliyi misalla izah edək.

Misal. Vergi ödəyicisinin 2026-cı ilin IV rübü üzrə təqdim etdiyi bəyannaməyə əsasən, dövlət büdcəsinə 2 000 manat məbləğində vergi borcu yaranıb. Vergi ödəyicisi həmin borcu qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməyib.

Mövcud qaydaya əsasən, vergi borcunun ödənilməsi gecikdirilən hər gün üçün hesablanan faiz məbləği 2 manat (2 000 manat × 0,1 faiz) təşkil edir.

Təklif edilən dəyişiklik qəbul olunarsa, eyni məbləğdə vergi borcuna görə gündəlik hesablanan faiz 1 manata (2 000 manat × 0,05 faiz) enəcək.

Beləliklə, vergi ödəyicisinin 2 000 manat məbləğində borcunun ödənilməsi 30 gün gecikdirildikdə, mövcud qaydaya əsasən 60 manat faiz hesablandığı halda, yeni qaydaya əsasən həmin məbləğ 30 manat təşkil edəcək.

Göründüyü kimi, təklif edilən dəyişiklik vergi öhdəliklərinin gec yerinə yetirilməsi nəticəsində yaranan əlavə maliyyə yükünün azaldılması baxımından müsbət qiymətləndirilə bilər.

Qeyd edək ki, Vergi Məcəlləsinin əvvəlki redaksiyasında vergilərin gec ödənilməsinə görə 0,05 faizlik gündəlik faiz dərəcəsi də tətbiq edilib. 2006-cı ildə edilmiş dəyişikliklərlə faizlərin hesablanması qaydalarına yenidən baxılıb və sonrakı dövrdə 0,1 faizlik dərəcə tətbiq olunub. Beləliklə, təklif edilən dəyişiklik qəbul edilərsə, gündəlik faiz dərəcəsi yenidən 0,05 faizə endiriləcək.

 “Vergi uçotu: A-dan Z-yə” təliminə qeydiyyat davam edir

8 praktik dərsdən ibarət təlimdə vergi uçotunun əsas istiqamətləri, o cümlədən elektron qaimə-fakturaların və alış aktlarının hazırlanması, təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, vergi bəyannamələrinin praktiki tərtibi və digər aktual məsələlər izah ediləcək.

Keçirilmə vaxtı: Noyabr 2026
Format: Onlayn (ZOOM)
Müddət: 8 dərs

Hər dərsin video yazısı dərsdən sonra iştirakçılara göndəriləcək.

TƏLİM VİDEOLARINA DAİMİ GİRİŞ İMKANI!

İştirakçılar təlim başa çatdıqdan sonra da video dərsləri istədikləri vaxt təkrar izləyə biləcəklər.

Qeydiyyat və ətraflı məlumat:
050 / 055 368-12-72
mksacademy2022@gmail.com

MKS Academy
Öyrətmək savab, öyrənmək qazancdır!

0 Komment

    Şərh yazın