İşçinin ƏMƏK HAQQISINDAN ödənilən YIĞIM SIĞORTASInın Faydaları

İşçinin ƏMƏK HAQQISINDAN ödənilən YIĞIM SIĞORTASInın Faydaları

Həyatın yığım sığortası - bank depozitlərinə yaxşı alternativdir. Mövzunu «AtaSığorta»nın idarə heyətinin sədri Müseyib Əliyev şərh edir.

Azərbaycanda həyat sığortası xidmətləri ölkənin sığorta bazarının yeni bir sahəsi kimi xarakterizə olunur. Həyatın yığım sığortası sığorta olunanın müqavilə müddətinin sonuna qədər yaşaması və ya bu müddət ərzində ölməsi halında müqavilədə nəzərdə tutulmuş məbləğin sığorta şirkəti tərəfindən sığorta olunana ödənilməsini nəzərdə tutur. Müqavilə müvafiq lisenziyaya malik həyat sığortası şirkəti ilə, əsasən, işəgötürənlə əmək müqaviləsi əsasında işləyən şəxslər arasında bağlanılır. Adətən, həyat sığortası üzrə müqavilə iki yolla bağlanılır. Birinci halda istənilən müəssisə, idarə və təşkilatda çalışan şəxs sığorta şirkətinə birbaşa müraciət edərək həyatın yığım sığortası üzrə müqavilə bağlayır. Bu müqavilə ikitərəfli qaydada (sığortaçı ilə sığortalı arasında) bağlanılır. Həmin müqaviləni işçi işəgötürənə təqdim edir və təşkilat hər ay müqavilədə qeyd olunan məbləği işçinin əməkhaqqından çıxır və göstərilmiş məbləğə uyğun gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarını həmin məbləğə əlavə edərək həmin sığorta şirkətinin hesabına köçürür. İkinci halda isə müqavilə üçtərəfli qaydada (sığorta şirkəti, işəgötürən və sığorta olunan arasında) bağlanılır.

Bu sığorta məhsulunun əhəmiyyəti, ilk növbədə, əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin (kontraktının) bağlanmasının zəruriliyi və tətbiq edilən vergilərin, məcburi dövlət sosial sığorta haqlarının işçilərin xeyrinə işlədiyi barədə onları maarifləndirməkdir. Bu sığorta növünün tətbiqi ilə əmək müqaviləsinin bağlanmasında və gəlirlərinin rəsmiləşdirilməsində işçinin marağı əhəmiyyətli dərəcədə artır. Vətəndaş anlayır ki, onun gəlirləri rəsmiləşərsə, dövlətin bu sahədə tətbiq etdiyi vergi və digər güzəştlərdən istifadə imkanı olacaq və daha çox gəlir əldə edəcəkdir. Əsas üstünlüklərdən biri də işçilərin müqavilədə göstərilmiş məbləğ üzrə məcburi dövlət sosial sığorta haqlarından və vergidən azad olunmasının onların iş yerində qalmasına stimul verməsidir. Bundan başqa, bu sığorta növü təkcə yığım xarakteri daşımır, həm də ölüm riskindən sığortalayır. Qanunvericiliyə uyğun olaraq  həyatın yığım sığortası üzrə şəxs iki sığorta riskindən (ölüm və müəyyən yaşa, müddətə qədər yaşamaq) sığortalanır. Minimum 3 illik bağlanılan həyatın yığım sığortası müqavilələrində qanunvericiliklə vergi və məcburi dövlət sosial sığorta haqları üzrə güzəştlər nəzərdə tutulduğundan, bu sığorta növü üzrə müqavilələr adətən 3 illik və əmək münasibətlərində olan şəxslər tərəfindən bağlanılır.
Vergi Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

"Vergilər" qəzeti

 SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər