Əkrəm Həsənov nağdlaşdırma vergisinin qanunsuz hesab edilməsinin 6 ƏSASINI qeyd etdi
Tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkələrdəki statusunda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədovanın nağdlaşdırma vergisinin qanunsuz hesab edilməsi haqqında qərarının əsasları haqqında münasibət bildirib:
"NAĞDLAŞDIRMA VERGİSİ QANUNSUZDUR (məhkəmə iddiamı təmin edərək ölkə tarixində misilsiz addım atdı! Qanun, uğrunda mübarizə aparan varsa, Hüquqdur!)
Xəbər verdiyim kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədovanın qərarı ilə Vergilər Nazirliyinə qarşı iddiam təmin edilmişdir. Onu dərc edirəm. Qərara əsasən məndən tutulan 1%-lik nağdlaşdırma vergisi geri qaytarılmalıdır. Beləliklə, ölkədə 2017-ci ildən tətbiq edilən bu vergi qanunsuz hesab edilmişdir.
Xatırladıram ki, bu iddianı hələ 1 il əvvəl vermişdim. O zaman həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Müseyib Bayramov), həm də Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə onların qərarını ləğv etdikdən sonra işə yenidən baxıldı.
İşin mahiyyəti belədir. 2017-ci ildən Vergi Məcəlləsinə əsasən fərdi sahibkarların və hüquqi şəxslərin bank hesabından nağd pul çıxarmasına görə 1%-lik vergi ödənilməlidir. Bu verginin 6 arqument üzrə qanunsuz və absurd olması haqda dəfələrlə yazmışam. İddiam haqda ətraflı burada oxuya bilərsiz: https://www.facebook.com/akram.hasanov.5/posts/10211354297909768. Məhkəmə bütün 6 arqumentimi əsaslı hesab etmişdir. Belə ki: 1) bu vergi Konstitusiyanın 73-cü maddəsinə və Vergi Məcəlləsinin 12-13-cü maddələrinə əsasən müəyyən edilməmiş hesab olunmuşdur;
2) bu verginin ödəmə mənbəyində bank tərəfindən tutulması Vergi Məcəlləsinin X fəslinə və 5-ci maddəsinə zidd hesab olunmuşdur;
3) bu vergi Vergi Məcəlləsinin 3.1-ci maddəsində təsbit edilən ümumilik, bərabərlik və ədalətlilik prinsiplərinə zidd hesab olunmuşdur;
4) bu vergi Vergi Məcəlləsinin 3.6-cı maddəsinə zidd, yəni diskriminasiya xarakterli hesab olunmuşdur;
5) bu vergi Vergi Məcəlləsinin 3.5-ci maddəsinə zidd, yəni ikiqat vergitutma kimi qiymətləndirilmişdir;
6) bu vergi üzrə vergitutma obyektinin olmadığı müəyyən edilmişdir.
Bu qərar bir neçə aspektdən böyük əhəmiyyət daşıyır:
1) Əvvəla, sırf praktiki cəhətdən bu, o deməkdir ki, qərar qüvvəyə minsə, nəinki məndən, ümumiyyətlə, bu 16 ay ərzində digər şəxslərdən də tutulmuş həmin vergi geri qaytarılmalıdır.
2) Hüquqi cəhətdən ölkə tarixində ilk dəfə birinci instansiya məhkəməsi qanundakı hüquq normasını (yəni sözügedən vergini təsbit edən Vergi Məcəlləsinin normasını) Konstitusiya Məhkəməsinə müraciət etmədən əhəmiyyətsiz (Konstitusiyaya və Vergi Məcəlləsinin digər müddəalarına zidd) hesab etmişdir.
3) Bütün inkişaf etmiş ölkələrdə hüquqi dövlət ilk növbədə vətəndaşların vergi məsələləri üzrə hüquqi çərçivədə mübarizəsi nəticəsində qurulub. Biz də bu yolun başlanıcığındayıq və bu, ilk uğurumuzdur! Qanun, uğrunda mübarizə aparan varsa, Hüquqdur!
P.S. Vergilər Nazirliyinin nümayəndəsi hələ qərar elan olunarkən bildirmişdi ki, apellyasiya şikayəti verəcəklər. Odur ki, mübarizə hələ bitməyib. İstisna etmirəm ki, son nəticədə məsələ Konstitusiya Məhkəməsinə gedib çıxacaq..."
0 Komment
Şərh yazın