“Pərakəndə satış” anlayışının misallarla izahı

“Pərakəndə satış” anlayışının misallarla izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

13.2.62. Pərakəndə satış

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satış hesab edilir.

Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilib. Həmin qaydalarda və Vergi Məcəlləsinin müvafiq maddələrində pərakəndə ticarət fəaliyyətini fərqləndirən xüsusiyyətlər təsbit olunub.

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində qeyd edildiyi kimi, pərakəndə satış zamanı malların alıcısı onu sahibkarlıq fəaliyyəti üzrə yox, istehlak məqsədi ilə istifadə etməlidir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsindəki istisnalar nəzərə alınmaqla pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri mütləq nağd pul hesablaşmalarını elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər.

Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişiklikdən sonra “pərakəndə satış” anlayışının izahından “sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura” sözləri çıxarılıb.

Fikrimizcə, dəyişiklikdə məqsəd “pərakəndə satış” və “topdansatış” anlayışlarına daha konkret yanaşmanın tətbiq edilməsdir. Çünki qeyd olunan maddənin əvvəlki redaksiyası müəyyən suallar yaradırdı: təqdim edilən malların sayı və ya qiymətində hansı fərqli yanaşmalar olmalıdır ki, onlar topdansatışa aid edilsin?

Misal üçün, pərakəndə satış fəaliyyəti həyata keçirən ərzaq mağazasından vətəndaş yas mərasiminin keçirilməsi məqsədilə 50 kilo qənd və ya düyü alırdısa, bu satış topdansatış hesab edilməli idimi? Digər misal, pərakəndə satış fəaliyyəti həyata keçirən vergi ödəyicisi hüquqi şəxs və ya fərdi sahibkara onun işçilərinin istehlakı məqsədilə ilə 2 kiloqram konfet satışı həyata keçirdikdə, elektron qaimə-faktura verirdisə, bu, topdansatış fəaliyyəti hesab edilə bilərdimi?

Suallara cavab vermək üçün topdansatış fəaliyyətinin də tərifinə diqqət yetirək. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Mİsal 1. Vergi ödəyicisi iki fərqli obyektdə tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur.  Evin təmiri ilə məşğul olan şəxs həmin vergi ödəyicisindən 500 kub taxta alırsa, bu cür satış topdansatış fəaliyyəti hesab edilməyəcək. Çünki alıcı həmin malları istehlak məqsədilə əldə etdiyindən pərakəndə satış kimi rəsmiləşdirilməlidir.

Mİsal 2.  Tikinti materiallarının satışını həyata keçirən vergi ödəyicisi 500 kub taxtanı Lənkəran şəhərində inşaat materialları mağazası olan şəxsə təqdim edib. Malların bu cür satışı topdansatış fəaliyyəti hesab edilir, çünki qarşı tərəf onu sahibkarlıq fəaliyyəti, yəni satmaq üçün istifadə edəcək. Təbii ki, proses zamanı malların təhvil verilməsi elektron qaimə-faktura  və s. ilə rəsmiləşdirilməlidir.

Mİsal 3.  Tikinti materiallarının satışını həyata keçirən vergi ödəyicisi tikinti sahəsində çalışan vergi ödəyicisinə 500 kub taxtanın satışını həyata keçirib. Malların bu cür təqdim edilməsi də topdansatış fəaliyyəti hesab olunmalıdır. Çünki alıcı şəxs həmin malları sahibkarlıq fəaliyyəti üçün əldə edib.

Maraqlı məqamlardan biri də, pərakəndə ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin satış yox, istehlak məqsədilə malların təqdim etməsi hallarının tənzimlənməsidir. Son dəyişikliklərdən belə anlaşılır ki, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs elektron qaimə-faktura təqdim edirsə, o zaman həmin fəaliyyət topdansatış hesab edilə bilər. Amma topdansatış fəaliyyətinin tərifində qeyd edilir ki, malların məhz sahibkarlıq məqsədi üçün təqdim edilməsi topdansatış hesab olunmalıdır. Düşünə bilərik ki, qarşı tərəf olan vergi ödəyicisi alınan malları satış məqsədilə istifadə etmədiyi üçün, pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxsin təqdim etdiyi mallar topdansatış hesab edilmir. Amma burda diqqət yetirilməli məqam odur ki, sosial xərclərin gəlirdən çıxılmasına icazə verilməməsi heç də hər zaman o demək deyil ki, vergi ödəyicisi həmin malları sahibkarlıq fəaliyyətində istifadə etməyib. Sadəcə  Vergi Məcəlləsində həmin tip xərclərin gəlirdən çıxılmasına məhdudiyyət qoyulub.

Mİsal. Vergi ödəyicisi məişət avandanlıqlarının satışını həyata keçirir. Amma işçilərin istehlakı məqsədilə ofis üçün 5 kiloqram konfeti pərakəndə satış fəaliyyətini həyata keçirən vergi ödəyicisindən əldə edib. Bu zaman pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxsin təqdim etdiyi 5 kq konfet topdansatış fəaliyyəti sayılacaq. Məişət avandanlıqlarının satışını həyata keçirən vergi ödəyicisi həmin xərci gəlirdən çıxılan xərclərə aid etmək hüququna malik olmasa da, bu əməliyyatın mahiyyətini dəyişmir.

Yekun olaraq qeyd edək ki, son dəyişiklikdən sonra artıq pərakəndə satış fəaliyyəti həyata keçirən vergi ödəyicisi məqsədindən və sayından asılı olmayaraq elektron qaimə-faktura ilə mallar təqdim edirsə, həmin malların təqdim edilməsi birmənalı olaraq topdansatış fəaliyyəti sayılacaq. Bu səbəbdən sadələşdirilmiş vergi ödəyicisi olan və pərakədə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə nəzərdə tutulan rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmaması məsələsinə xüsusi önəm verməlidirlər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın