Vergi hesabatlarının təqdim olunmasında inqilabi dəyişiklik
Satışına START verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə
Vergi ödəyiciləri tərəfindən təqdim edilən vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik 1 yanvar 2022-ci ildə Vergi Məcəlləsinə əlavə edilən 72.4-1-ci maddə ilə bağlıdır. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
İlk baxışdan bəzi həmkarlarımızda yanlış fikir yarana bilər ki, dəyişiklik yalnız ƏDV bəyannaməsi üzrə tətbiq edilir. Çünki Vergi Məcəlləsinin 163-cü maddəsi sırf ƏDV ilə bağlı halları tənzimləyir. Vergi ödəyicisi tərəfindən bütün növ bəyannamələr üzrə Vergi Məcəlləsinin 72.4-1-ci maddəsi üzrə cari bəyannamə üzrə dəqiqləşdirmə aparmaq mümkün olacaq. Vergi Məcəlləsinin 72.4-1-ci maddəsində Məcəllənin 163-cü maddəsinə istinad dəqiqləşdirmə ilə bağlı halların müəyyən edilməsindən doğur. Qeyd edək ki, vergi ödəyiciləri mühasibat uçotunda əməliyyatlarla bağlı dəyişikliklər həyata keçirdikdə, öncəki dövr yox, cari tarix üzrə dəqiqləşdirilmiş mühasibat yazılışını qeyd edirlər.
İlk olaraq Vergi Məcəlləsinin 163-cü maddəsində qeyd edilən halları nəzərdən keçirək, sonra misallarla vergi bəyannaməsinin təqdim edilməsi hallarını nəzərdən keçirək.
Məcəllənin 163.1-ci maddəsinə qeyd edilir ki, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
əməliyyatın xarakteri dəyişdikdə;
qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.
Mİsal 1. Vergi ödəyicisi 2021-ci ilin dekabr ayında 30 000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf 2022-ci ilin fevral ayında həmin malların 12 000 manatlıq hissəsini geri qaytarıb. Vergi ödəyicisi 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsində 30 000 manatı gəlir kimi tanıyıb. Malların geri qaytarılması 2022-ci ilin fevral ayında baş verdiyi üçün vergi ödəyicisi artıq 2021-ci il yox, 2022-ci il üzrə vergi hesabatında dəqiqləşdirmə aparacaq.
Mİsal 2. Sadələşdirilmiş vergi ödəyicisi 2022-ci ilin I rübündə təqdim etdiyi 3 000 manatlıq mala görə ödənişi qəbul etdiyindən bəyannamədə əks etdirib. 2022-ci ilin II rübündə qarşı tərəf keyfiyyətində problem olması səbəbindən malları geri qaytarıb. Bu halda artıq vergi ödəyicisinin 2022-ci ilin I rübü üzrə dəqiqləşdirmə verməyə ehtiyac yaranmayacaq, malların geri qaytarıldığı 2022-ci ilin II rübü üzrə bəyannamədə dəqiqləşdirmə aparılacaq.
Mİsal 3. Vergi ödəyicisi 2022-ci ilin I rübündə vətəndaş və ya fiziki şəxsdən icarəyə götürdüyü ofis üçün 5 aylıq ödənişi öncədən həyata keçirib. Vergi ödəyicisi I rüb üzrə təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannaməsində vergiləri bəyan edib. 2022-ci ilin II rübündə qarşılıqlı razılaşmaya əsasən, icarə müqaviləsinə xitam verildiyi üçün vergi ödəyicisi ödədiyi 5 aylıq ödənişin 2 ayının vəsaitini geri alıb. Bu halda vergi ödəyicisi artıq 2021-ci ilin I rübü üzrə dəqiqləşdirilmiş bəyannamə verməyəcək, II rüb üzrə təqdim etdiyi bəyannamədə dəqiqləşdirmə həyata keçirəcək.
Sonda bir məsələni bildirək ki, vergi ödəyicilərinin vergi orqanının səyyar vergi yoxlaması keçirdiyi dövrə dəqiqləşdirmə vermək hüququ məhdudlaşdırdığı üçün, yuxarıda qeyd etdiyimiz hallarda problemlərlə üzləşirdilər. Yeni dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən hallar üzrə öncəki dövlərdə təqdim edilən hesabatlar üzrə dəqiqləşdirmə aparılmasına ehtiyac yaranmadığı üçün, həmin problem də aradan qalxmış oldu.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın