Biznes vergi ödəyicilərinə qazanc gətirməklə yanaşı, düzgün idarə edilmədikdə itkilərdən də xali deyil. Azərbaycanın qanunvericiliyində vergi ödəyicilərinin itkilərinin tənzimlənməsini təmin edən müddəalar var. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Vergi Məcəlləsinin zərərin keçirilməsi haqqında 121-ci maddəsi vergi ödəyicisinə müəyyən bir il itkisini sonrakı hesabat dövrlərinə keçirməyə imkan verir.
Tutaq ki, “X” MMC 2019-cu ili 15.000 manat zərərlə bağlayıb. Bu, çox vaxt şirkətin yarandığı ildə baş verir - müxtəlif strukturlar yaradılır, işçi heyəti yığılır, müştərilər cəlb olunur, əlaqələr qurulur, satış kanalları araşdırılır. Növbəti ildə işlər düzəlməyə başlayır - şirkət 2020-ci ili 7500 manat mənfəətlə bağlayır. Sual: "X" MMC 2020-ci ilin mənfəətindən nə qədər vergi ödəyəcək?
Vergi Məcəlləsinin 121-ci maddəsi “X” MMC-yə icazə verir ki, 2019-cu ildəki zərəri növbəti beş ilin mənfəəti hesabına bağlayıb (zərər tam bağlanana kimi), həmin illər üzrə mənfəət vergisi ödəməsin. Bunun üçün mənfəət vergisi bəyannaməsində 2019-cu ilin itkisinin dəyəri bəyannamənin 240.5-ci sətrində doldurulmalıdır (zərərin olduğu ilə görə, 240.1-240.5 sətirlərindən hər hansı biri ola bilər) və bu zaman gəlir vergisinin hesablanmış məbləği dərhal 0-a çevrilir. Bir daha qeyd etmək istəyirəm ki, bu proses yalnız 2019-cu ildəki zərər tam bağlanana kimi davam edə bilər. 2021-ci ildə şirkət 10.000 manat mənfəət əldə edərsə, bu məbləğin 2.500 manatından mənfəət vergisi ödəməlidir, qalan 7500 manat isə 2019-cu ildə zərərin qalan hissəsini bağlamağa yönəldəcək.
Bu şərtlər fərdi sahibkarlar üçün də, demək olar ki, eyni qaydada işləyir, sadəcə, onlar itkini beş yox, üç illik dövr ərzində bağlamaq imkanına malikdirlər.
Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 121-ci maddəsinin müddəalarına görə, amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir, həmçinin vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərə də bu maddənin müddəaları şamil edilmir.
Fəxriyyə İKRAMQIZI
0 Komment
Şərh yazın