Kassa metodu ilə uçot aparan vergi ödəyiciləri müəyyən suallarla qarşılaşırlar. Mövzunu maliyyə mütəxəssisi Ramin Ramazanov şərh edir.
Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Məcəllənin 132.2-ci maddəsində isə göstərilib ki, vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.
Beləliklə, kassa metodu ilə uçot aparan vergi ödəyicisi əldə etdiyi gəliri öz hesabına daxil olduqdan sonra həmin gəliri nəzərə almalı, xərclərini də yalnız həmin xərcləri ödədiyi zaman çıxmalıdır.
Misal 1: Tutaq ki, "AA" şirkəti kassa metodu ilə çalışır. Şirkət 2019-cu ilin oktyabr ayında 5.000 manat dəyərində xidməti sifarişçiyə təqdim edib. Bu əməliyyat elektron qaimə-faktura və təhvil-təslim aktı ilə rəsmiləşdirilib. Sifarişçi isə həmin xidmətə görə ödənişi 2020-ci ilin mart ayında edib. Bu halda, gəlirin əldə edildiyi vaxt 2020-ci ilin mart ayıdır və gəlir kimi 2020-ci ilin mənfəət bəyannaməsində əks etdirilməlidir. Kassa metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı da Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 133.3-cü maddəsində göstərilir ki, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.
Vergi Məcəlləsinin 133.4-cü maddəsində göstərilib ki, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.
Misal 2: Tutaq ki, "BB" şirkəti kassa metodu ilə çalışır. Şirkət 2019-cu ilin oktyabr ayında təhcizatçıdan 5.000 manat dəyərində xidməti alıb. Həmin əməliyyat electron qaimə-faktura və təhvil-təslim aktı ilə rəsmiləşdirilib. Təhcizatçıya bu xidmətə görə ödənişi 2020-ci ilin mart ayında edib. Bu halda, xərcin çəkildiyi vaxt 2020-ci ilin mart ayıdır və xərc kimi 2020-ci ilin mənfəət bəyannaməsində əks etdirilməlidir.
Fərqanə ALLAHVERDİQIZI
Vergiler.az
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın