Vergi ödəyicisi hansı halda kassa aparatına çəkdiyi xərci vergi öhdəliyi ilə əvəzləşdirəcək (3 hal üzrə izah)
Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə
Aşağıdakı məzmunda 77.5 – 77.7-ci maddələr əlavə edilsin:
“77.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
77.6. Bu Məcəllənin 77.5-ci maddəsi 2019-cu il yanvarın 1-dək istismar edilən nəzarət-kassa aparatını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödənilir.
77.7. Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
77.7.1. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
77.7.2. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
77.7.3. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.”;
Açıqlama: Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli, 52 saylı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” qərarına əsasən, “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilib. Həmin qərar kitabın üzərindəki CD-diskdə yerləşdirilib.
Vergi Məcəlləsinə əlavə edilən maddəni vergi ödəyicilərinin xeyrinə olan addım kimi qiymətləndirmək olar. Həmin maddəyə əsasən, vergi ödəyicisinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatının quraşdırılmasına çəkdiyi xərci nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirə bilər.
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi ilə bağlı fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır. Vergi ödəyicisinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatına çəkdiyi xərc 350 manatdan çoxdursa, o zaman artıq məbləği vergi ödəyicisi özü hesabına qarşılamalıdır.
Misal. “A” MMC köhnə nəzarət-kassa aparatını elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edib. Bir kassa aparatına çəkilən xərc 600 manat təşkil edib. Bu zaman vergi ödəyicisi həmin məbləğin 350 manatını vergi öhdəlikləri ilə əvəzləşdirir, 250 manatını (600 – 350) isə öz hesabına təmin edir.
Bir məsələni də qeyd edək ki, elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran bütün vergi ödəyiciləri NKA-ya çəkilən 350 manatlıq xərci vergi öhdəlikləri ilə əvəzləşdirilmək hüququna malik deyil.
Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
- Nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
Açıqlama: Bu halda vergi ödəyicisi tərəfindən NKA-nın elektron informasiya sisteminə real vaxt rejimində qoşulması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli, 52 saylı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq həyata keçirilməmiş sayılır. Qeyd edək ki, bu tip vergi ödəyicilərinə əsasən benzin satışı fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri uyğun gəlir.
- Nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
Açıqlama: Vergi ödəyicisinin quraşdırdığı NKA əgər Nazirlət Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verməsə, o zaman vergi ödəyicisinin müəyyən edilən məbləğdə xərcinin vergi öhdəliyi ilə əvəzləşdirilməsinə icazə verilmir.
- Nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.
Açıqlama: Bu bənd daha çox yeni fəaliyyətə başlayan vergi ödəyicilərinə şamil olunur. Vergi Məcəlləsinə əlavə edilən bəndin anlamı odur ki, vergi ödəyicisi yeni fəaliyyəti başlayıbsa və ya əvvəllər fəaliyyət göstərən vergi ödəyicisi hər hansı obyektinə yeni nəsil NKA quraşdırırsa, bu zaman artıq NKA quraşdırmağı borcludur. Yəni hər hansı köhnə NKA-nı əvəz etmirsə, o zaman həmin vergi ödəyicisinin yeni nəsil NKA-ya cəkdiyi 350 manat məbləğində xərc vergi öhdəliyi ilə əvəzləşdirə bilməz.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın