Hansı halda vergi orqanı elektron qaimə-faktura olmadığına görə cərimə tətbiq etməyəcək?
Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə
58.8-ci maddə üzrə:
1.22.3.1. 58.8-ci maddə (58.8.1 – 58.8.3-cü maddələr istisna olmaqla) aşağıdakı redaksiyada verilsin:
“58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda:”;
58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:
Açıqlama: Vergi Məcəlləsinin 58.8-ci maddəsinin yeni redaksiyada verilməsinin səbəbi vergi ödəyicisinin sahibliyində olan malların daha da konkretləşdirilməsidir. Çünki əvvəlki redaksiyada elektron qaimə-faktura, alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, vergi ödəyici malları özü istehsal etdikdə isə Prezidentin fərmanı ilə təsdiq edilən gəlirlərin və xərclərin uçotu qaydalarındakı sənədlərdən ən azı biri tələb olunurdusa, 1 yanvar 2020-ci ildən daha çox sənəd tələb olunur:
- elektron qaimə-faktura;
- əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı;
- idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys);
- alış aktları və ya Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları,;
- elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı;
- qaytarılmış mallara dair malların qaytarılması aktı.
Misal. Vergi ödəyicisi 15 yanvar 2020-ci il tarixdə ekspeditor vasitəsilə malları qarşı tərəfə təqdim edir. Təbii ki, mallar əvvəlcədən sifariş edilmədiyi üçün vergi ödəyicisinin elektron qaimə-fakturanı təqdim etmək imkanı olmur. Bu səbəbdən də, malların təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilməlidir. Vergi orqanı 16 yanvar 2020-ci il tarixdə həyata keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı aşkara çıxarsa ki, vergi ödəyicisinin sahibliyində olan mallara görə “Malların təhvil-qəbul aktı” var, ancaq elektron qaimə-faktura yoxdur, bu halda cərimə tətbiq etməyəcək.
Amma vergi orqanı 25 yanvar 2020-ci il tarixdə həyata keçirdiyi vergi nəzarəti tədbirləri zamanı sözügedən əməliyyata görə artıq elektron qaimə-fakturanı tələb edəcək. Çünki 1 yanvar 2020-ci il tarixdən etibarən Vergi Məcəlləsinə əlavə edilən 71-1.1.2-ci maddəyə əsasən, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqim edilməlidir.
0 Komment
Şərh yazın