Gəlir və ya mənfəət vergisi ödəyicilərinin diqqətinə: Növbəti ildən fərqli uçot aparacaqsınız
Xəbər verdiyimiz kimi, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə təklif edilən dəyişiklər Milli Məclis tərəfindən qəbul edilərək təsdiqlənməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Mks.az saytı gözlənilən dəyişikliklər haqqında mütəmadi yazılar hazırlayaraq çap edib, eyni zamanda 300-ə yaxın mühasib üçün seminar keçirib. Bu yazımızda Vergi Məcəlləsinə təklif edilən daha bir maraqlı dəyişlik haqqında məlumat verəcəyik.
Vergi Məcəlləsinin 108-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar da aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
Misal 1. Gəlir və ya mənfəət vergisi ödəyicisi həm ticarətlə, həm də icarə fəaliyyət ilə məşğul olur. Ticarət sahibkarlıq fəaliyyətinə aid olsa da, icarə fəaliyyəti qeyri-sahibkarlıq hesab olunur. Bu səbəbdən vergi ödəyicisi qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı nəinki gəlirlərin, hətta xərclərin də uçotunu ayırca aparacaq.
Misal 2. Gəlir və ya mənfəət vergisi ödəyicisinin 300 manatlıq xərci var ki, o, həm sahibkarlıq, həm də qeyri-sahibkarlıq fəaliyyətində istifadə olunub. Həmin xərcin tam olaraq hansı fəaliyyətə uyğun olmasını müəyyənləşdirmək mümkün olmadıqda, o zaman gəlirlərin xüsusi çəkisinə diqqət yetirilməlidir. Tutaq ki, vergi ödəyicisinin illik 40 000 manat gəliri olub və onun 25 000 manatı sahibkarlıq fəaliyyətindən formalaşıb. Bu halda 300 manatın 62,50 faizi (25 000 manat / 40 000 manat x 100), yəni 187,50 manatı (300 manat x 62,50 faiz) sahibkarlıq fəaliyyəti üzrə xərclərə aid ediləcək. Qeyri-sahibkarlıq fəaliyyət üçün xərclərdə isə 112,50 manat (300 manat x 37,50 faiz) nəzərə alınacaq.
Qeyd edək ki, mks.az saytının təşkilatçılığı ilə keçirilən tədbirdə Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin Bəyannamələrin təhlili şöbəsinin rəisi Elmir Ramazanov bildirmişdi ki, gəlir vergisi bəyannaməsində bir yox, iki sütunun olması nəzərdə tutulur: “Bir sütunda sahibkarlıq, digər sütunda qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlər öz əksini tapacaq. Eyni yanaşma xərclər bölməsində də tətbiq ediləcək, yəni sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə xərclər təsnifləşdiriləcək.”
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın