Vergi Məcəlləsinə dəyişikliklər kimə nə vəd edir - ekspertdən şərh

Vergi Məcəlləsinə dəyişikliklər kimə nə vəd edir - ekspertdən şərh

Ekspert: “Ümumilikdə yeniliklər işini qanuni quran ödəyicilər üçün müsbət qiymətləndirilə bilər”

Gələn ilin dövlət büdcəsi layihəsi ilə birlikdə ötən həftə Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini də birinci oxunuşda qəbul edib. Ölkədə sahibkarlardan tutmuş dayələrə, fəhlələrə, kiçik köşkdən tutmuş böyük holdinqlərə qədər - çox geniş bir təbəqənin mənafeyinə toxunan əsas vergi qanunundakı dəyişikliklər hamını maraqlandırır. Buna görə də Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişiklikləri mütəxəssis şərhləri ilə birlikdə təqdim edirik.

Qeyd edək ki,  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi 60 maddədən ibarət olmaqla, Məcəllənin 154 maddə və yarımmadəsini əhatə edir. Təklif olunan dəyişiklikləri əsasən iki kateqoriyaya bölmək olar: Vergi nəzarəti tədbirlərinin gücləndirilməsi və  vergi ödəyicilərinin işinin asanlaşdırıması.

Vergi nəzarəti tədbirlərin gücləndirilməsi haqqında bir neçə gün əvvəl məlumat vermişdik. Bu dəfə vergi ödəyicilərinin işinin asanlaşdırımasına yönəlmiş dəyişikliklər barədə məlumat verəcəyik. MKS jurnalının eksperti Anar Bayramovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu dəyişiklikləri iki istiqamətdə bölmək olar: “Vergi ödəyicilərinin gəlirliyinə və vergi orqanları ilə münasibətdə fəaliyyətin yüngülləşdiriməsinə təsir edən dəyişikliklər. Vergi ödəyicilərin gəlirliyi baxımdan bir sıra dəyişikliklər təklif edilir. Bunlardan birincisi heyvan və quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə Əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir. Qeyd edək ki, quş ətinin ƏDV-dən azad olma müddəti 10 yanvar 2020-ci başa çatırdısa, heyvan əti ilk dəfə olaraq ƏDV-dən azad edilir; Digər dəyişikliyə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr ƏDV-dən azad edilir”.

Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan daha bir dəyişiklik sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin müvafiq olaraq gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergisi üzrə güzəştlərinin 7 ildən 10 ilə kimi artırılmasıdır. Bu dəyişiklik Milli Məclisdə bir sıra etirazlara səbəb olub. Millət vəkili Vahid Əhmədov xüsusilə bunun əleyhinə çıxaraq qeyd olunan kateqoriya üçün 7 illik güzəştin yetərli olduğunu bildirib.

Daha bir dəyişikliyə əsasən gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi ləğv edilir: “1 yanvar 2020-ci ildən etibarən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alğı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən edilir. Yəni bu tip vergi ödəyicisinin hər hansı sabit məbləğdə sadələşdirilmiş vergi ödənilməsi tamamilə ləğv edilir. Həmçinin təklif olunan yeni dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər mənfəət  vergisinə cəlb olunan gəlir hesab edilməyəcək”.

Cari Vergi Məcəlləsinə əsasən, 01 yanvar 2019-cu ildən etibarən xidmət sahəsində fəaliyyət  göstərən və əsasən əhaliyə xidmət göstərən (tədris kursları, avtomobillərə texniki xidmət  və s.) vergi ödəyicisi rüb ərzində  hər hansı vergi ödəyicisinə hətta bir dəfə xidmət göstərdiyi halda, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirdi. A.Bayramovun sözlərinə görə, təklif edilən dəyişikliyə əsasən, dövriyyədə 30 faizlik xüsusi çəki müəyyən ediləcək: “ Misal üçün, fiziki və ya hüquqi şəxs olan vergi ödəyicisinin 2020-ci ilin 1-ci rübü ərzində göstərdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətin ümumi məbləği 30 000 manatdır. Amma rüb ərzində vergi ödəyicisi cəmi 8000 manatlıq xidməti vergi ödəyicisi olan hüquqi və ya fiziki şəxsə göstərib. Bu cür xidmətlərin xüsusi çəki 26,67 faiz ((8000 manat/30 000) manat x 100 faiz) olduğu üçün vergi ödəyicisi məcburən gəlir (mənfəət) vergisini ödəməli olmayaraq , sadələşdirilmiş vergi ödəyicisi olaraq 2 faiz vergi dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyir. Xidmət  sektoruna tətbiq edilən 30 faizlik xüsusi çəki  pərakəndə ticarət fəaliyyətinə də tətbiq olunacaq. Yəni 01 yanvar 2020-ci il tarixdən pərakəndə ticarətlə məşğul olan vergi ödəyicisi rüb ərzində 30 faizlik həddi gözləməklə vergi ödəyicilərinə elektron qaimə-faktura ilə mal satdıqda sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirməyəcək”.

Məcəlləyə edilən daha bir dəyişiklik evini, daşınmaz əmlakını satan şəxslərin vergiyə cəlb olunması sahəsindədir: “1 yanvar 2020-ci il tarixdən artıq fiziki şəxslər tərəfindən azı 5 yox, 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergitutma obyekti hesab ediləcək. Bundan əlavə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsi vergidən azad ediləcək. Misal üçün, vətəndaş 2 il qeydiyyatda olduğu 96 kvadrat metrlik evi satarsa, o zaman 30 kvadrata vergi hesablanmayacaq və 66 (96-30) kvadrat metrə vergi hesablanması həyata keçiriləcək. Bundan əlavə, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət  göstərən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 30 manatdan 20 manata endiriləcək . Həmçinin fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən  vergi ödəyiciləri üçün isə 30 manatdan 15 manata endirilir”.

Vergi ödəyicisinin vergi orqanları ilə münasibətdə fəaliyyətin yüngülləşdiriməsi hallarına gəlincə isə, ekspert bildirir ki, buna ƏDV ödəyiciləri üçün elektron hesab fakturanın ləğv edilməsi, elektron qaimə-fakturanın çeşidlənməsi (malların qaytarılması, malların agentə (komisyonçuya) verilməsi   və s.), vergi ödəyicisi olmayan şəxslərdən mallar aldıqda elektron alış aktının tətbiqi və ƏDV üzrə  əməliyyatın vaxtının müəyyən edilməsində 30 günlük müddət məsələsinin ləğv edilərək kassa metodu ilə tanınmasını misal göstərmək olar: “Ümümillikdə cari Vergi Məcəlləsinə edilən dəyişiklikləri fəaliyyəti düzgün həyata keçirən vergi ödəyiciləri müsbət olaraq qiymətləndirmək istərdik. Bununla yanaşı, dəyişikliklərlə bir təklifimizi qeyd etməyə ehtiyac var. Bu da  maliyyə sanksiyaları məbləğlərinin sahibkarlıq subyektlərinin kateqoriyalarına (mikro, kiçik, orta və iri) uyğun olaraq müəyyən edilməsidir. Cari Vergi Məcəlləsində kiçik və iri sahibkarlıq subyektlərinə eyni məbləğdə maliyyə sanksiyası tətbiq edilir ki, bu da gələcəkdə mühasibatlıq xidmətindən istifadə etməyən kiçik sahibkarın hər hansı səhvinə görə iri məbləğdə cərimələnməsinə səbəb olur. Bu cür maliyyə sanksiyalarının tətbiq olunması nəticəsində kiçik sahibkarlar öz fəaliyyətinə son vermək məcburiyyətində qalırlar”.

Dünya SAKİT,
“Yeni Müsavat”

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

1 Komment

  1. mikayl 20 Dekabr 2019

    Salam Meselen mikro sahibkara ayda 1 defa gedib muhasibat vergi xidmeti gosterilir…ayda 2-3 yera ve 300 manat rub erzinda geliri olur.ona gore 5% vergi odeyir. sonra o pulu kartdan cixardiqda 1 % tutlur.. sonra (250*25*=62.50AZN) DSMF odeyir.sonra asan imza aya 2.50*3=7.50 (teza yaradilanda 1 manat idi)bank faizi var.ordan ne qalir 300-62.5-15-3-7.50=219.50 ordanda diger karguzarliq xerci bank xidmet haqqi yol pulu.qaldi 150AZN...bundan qabaq bir 4 % vardi o daha yaxsi idi...yeni ilden tibbi sixortada olgaq icbari evlerin mecbur sixortasida 50 AZN olgaq.ela alirlar yixiarlar ,ama bir xeyri yok,,,SOZUM ONDADIRKI muhasib xidmet edanlera 2 % aid olgaq ya yok?.Dsmf her ay yazsan 62.5*3=187.50 olur.coxdur..men bilmirem ne ucun bankda olan vesaita 5% vergi odedikden sonra bu 1% naxlasdirmada ne ucundur,insanlari deli edirler...yaxsi eger bela naxdsiz emaliyat terefdarisiz onda butun olkede emek haqqlarin naxdsiz edin,ehalinin coxu bilmir emek karti nedir.gunki angaq 200 000 cox dovriyesi olanlar emek haqqin kartla almaq mecburudir .mikro kicik sahibklkar iscileri coxu bilmir kart nedir.yalandan post terminal cerma etmekla deyilkii.belka emek haqqi odenisleri kartla butun sahelarda megbur olsa bu qara muhasibatliqinda qarsisin almis olardi.ne ise ozleri etmir..Cerma bareda duz deyirsiz. Bu da maliyyə sanksiyaları məbləğlərinin sahibkarlıq subyektlərinin kateqoriyalarına (mikro, kiçik, orta və iri) uyğun olaraq müəyyən edilməsidir...size deyim mikro kicik ferdi sahibkarin iscileri hec yerda saymirlar.adi banklar onlarin resmi iscisin resmi isci kimi tanimir,oz basima gelib,hec bir bank resmi is yerim olduxu halda ferdi sahibkarin iscisin isci kimi tanimir,1 kart ucun muraciet etdim Kapital bank dediler angaq dovlet iscilerina birde mmc iscilerina verilir fiziki sexsin iscilerin sayilmir lap 10 il is stajin olsa bela.,yada kartla emek haqqi alanlara verilir..ne ise bosluqlar coxdur.,vergi mecelesin donderibler elmi icad laboratoriyasina her il yeni deyisiklik,adam soz tapmir desin...etibar yoxdur,hek kim karta pul saxlamir gunki birden vergi ne ise behane edib karti blok edar,ona gore hami vesaiti tez naxlasdirir..birde yena Vergide deba dusub her ay 15 zeng edib vergi pulu odemisiz xeber alirlar..baxmayaraqki qanunla odenis rubden sonara20 dek sayilir..men onlara deyirem,ya qanun deyisin odensi ay uzre edin yada ozunuzu bu qeder alcatmayinda..ne ise.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər